Quterreş İƏT-in Baş katibi ilə görüşdü

quterres-iet-in-bas-katibi-ile-gorusdu
Oxunma sayı: 666

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin arasında Nyu-Yorkda keçirilən görüşdə dünyanın iki böyük beynəlxalq təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İƏT Baş Katibliyi məlumat yayıb.

Bildirilib ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən görüşdə hər iki baş katib əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edib.

A.Quterreş İƏT-in Yaxın Şərq və İslam aləmində, həmçinin bütün dünyada sülhün və sabitliyin bərqərar olmasında mühüm rolunu vurğulayıb.

Y.Əl-Osaymin, öz növbəsində, BMT-nin qlobal çağırışlar fonunda fəaliyyətinin daha da güclənməsinin vacibliyini qeyd edib, rəhbərlik etdiyi təşkilatın bu işə töhfə verəcəyini bildirib.

Görüşdə beynəlxalq məsələlər, o cümlədən silahlı münaqişələr, terrorizmlə mübarizə, iqlim dəyişikliyi və sair mövzular ətrafında fikir mübadiləsi aparılıb.