“Range Rover”i Elşad Kəlbəliyevin sürdüyü təsdiqləndi, həbs edildi - Yenilənib

range-roveri-elsad-kelbeliyevin-surduyu-tesdiqlendi-hebs-edildi
Oxunma sayı: 18063

Dünən Novxanı-Sumqayıt yolunda “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevin düşdüyü və dörd nəfərin vəfat etdiyi qəza ilə bağlı rəsmi açıqlama verilib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı “Range Rover”i E. Kəlbəliyev yox, Ələsgər Əliyev idarə edib: "İyunun 14-ü gecə saat 01 radələrində Novxanı bağlar sahəsində Ələsgər Əliyevin idarə etdiyi “Range Rover” markalı 10 CO 002 nömrəli avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub: “Yol-nəqliyyat hadisəsi nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

“Range Rover” markalı avtomobilin sahibi və sərnişini Elşad Kəlbəliyev, sükan arxasında olan Ələsgər Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra Binəqədi rayon Polis İdarəsinə gətiriliblər. Hazırda araşdırma aparılır”.

Qeyd edək ki, ilkin yayılan məlumata görə, “Range Rover” markalı avtomobili Elşad Kəlbəliyev sərxoş vəziyyətdə idarə edərkən piyadanı vurub, daha sonra hadisə yerindən qaçarkən “Damas”la toqquşub. Lakin rəsmi məlumatlarda avtomobili Ələsgər Əliyevin idarə etdiyi və vəfat edən 4 nəfərin “Damas”da olduğu qeyd edilib.

***

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, "Range Rover"i Ələsgər Əliyevin idarə etməsi ilkin məlumat olub: "Sonradan araşdırmalar zamanı məlum olub ki, avtomobili Elşad Kəlbəliyev sürüb və həmin zaman ağır sərxoş vəziyyətdə olub. Qəza baş verəndən sonra Ələsgər Əliyev xəstəxanaya zəng edərək qəzaya düşdüklərini deyib və təcili tibbi yardım xidməti göndərilməsini istəyib. Buna görə də ilkin olaraq sürücü kimi Ələsgər Əliyev qeydə alınıb. Hazırda Elşad Kəlbəliyev istintaqa cəlb edilərək həbs olunub".

Murad Əhməd