Rayonlarda təsadüfən seçilmiş 5-10 adam...

rayonlarda-tesadufen-secilmis-5-10-adam
Oxunma sayı: 4917

Dünyanın ən böyük kinofestivallarında görünməyən bir kriteriya var: fərqli ideologiyası olan ölkələrdən gələn filmlər arasından elələri seçilib qiymətləndirilir ki, orada qlobal, ziyalı problemi yox, xırda-sosial problemlər işıqlandırılsın. Təbii ki, həmin problem sənətkarcasına ekranlaşdırılmalıdır, bu öz yerində.

Qiymətləndirmək həm də yön verməkdir. Qiymətləndirilən insan, əsər özlüyündə “siz də belə olun” mesajını verir.

Məhz bu səbəbdən Qərb festivallarının seçimi ilə İran kinosu adlı bir anlayış yaranıb: ayaqqabısının bir tayı olmayan uşaq, gözləri kor olan uşaqlar, mina yığanda qollarını itirib şikəst olan uşaqlar, İrandan getmək istəyən qadın, evinə manyak girən adam və s. 

İran kinosu ziyalı problemlərdən ayrı salınıb. İndi İran kinosu deyiləndə, göz önünə ancaq ucqar kənddə donquldanan nənə, ayaqlayın uşaqlar, zülm çəkən çadralı qadınlar gəlir – təbii, bu filmlər yüksək peşəkarlıqla çəkilib. İran kinosundakı sənətkarlığa kimsə bir söz deyə bilməz. Lakin mövzu etibarı ilə İran kinosu qalıb 17 manatlıq problemin yanında. Bu gün bir çox İran filmləri problemi elə yerdən götürür ki, həmin mövzu yarananda orada cibində 30 manat pulu olan biri olsa, məsələni həll eləyə bilər, həmin film də çəkilməz. 

İran kinosunun atası Abbas Kiarostaminin iki filminin adını qeyd edəcəm, hansı ki, həmin filmlər yuxarıdakı sısqa problemlərdən bəhs etmir, sanballı mövzulara sinə gərir, lakin həmin filmlər məşhur kinofestivallarda, demək olar, mükafatlandırılmayıb: “Əsli kimi”, “Sevmək kimi”. Halbuki həmin rejissorun İran kinosu estetikasında çəkdiyi filmlər Qərb festivallatında qalib olub.

Elə burdan festival və bu kimi təşkilatların əməllərdəki gizlin məqsədləri görmək olar.

İran kinosunun mozaik, kolorit, peysaj müstəvilərində qiymətləndirilməsi yaxın coğrafiyaya kinosuna da təsirsiz ötüşmür. Azərbaycan kimi ölkələrin rejissorları da işığa gedən yolu məhz belə filmlərdə görür, nəticədə biz festivallarda qiymətləndirilmək naminə Avropa tamaşaçısının qarşısına ancaq xırda, sosial problemlərlə çıxırıq. Qısası, Qərb festival siyasəti ilə Şərqin sanballı problemlərini ekrandan kənarda saxlayır. 

Qiymətləndirilərək yön vermək imperiyaların kiçik xalqları özününküləşdirmək siyasəti kimi özünü xeyli müddətdir təsdiq edib. Məsələn, tarixən döyüşçülüyü, qəhrəmanlığı ilə seçilən çeçen xalqından ilk Sosialist Əməyi Qəhrəmanı adı rəqqasa verilib: Mahmud Esambayevə. Mesaj bu idi: “Əziz çeçenlər, döyüşməyin, rəqs edin”.

İmperiyaların həmin siyasəti bu gün təkcə festivallar müstəvisində deyil, bir sıra plastlarda davam edir. Yəqin bilirsiz, televiziya auditoriyasının hansı kontenti izlədiyini təyin etmək üçün “reytinqölçmə” adlı bir prosses var. 

Reytinq Bakıda, rayonlarda təsadüfən seçilmiş 5-10 adamın televizoruna qoyulan kiçik qurğu ilə ölçülür. Bu qurğulardan biri dostumgilin evinə qoyulub. Reytinq şirkətindən gəlib onlara “poroşok-moroşok” hədiyyə eləyirlər. Onlar da illər əvvəl aldıqları həmin televizoru başqa otağa keçiriblər, antikvar kimi qalıb orda. Özləri yeni, daha böyük televizor alıb onu izləyirlər. Reytinqölçən televizor isə qalıb dostların ümidinə, öz verilişlərimiz efirdə olanda həmin dostumuza zəng edirik ki, məsələn, mamaya de, reytinq televizorunu saat 11-də ATV-yə qoysun.

Bu reytinq də bizim taleyimizi həll edir. Ay sonunda məhz həmin şirkət televiziyalara cədvəllər verir, deyir ki, bu kanal bu qədər, bu veriliş filan qədər adam tərəfindən izlənib. Ölkənin ən çox izlənən verilişi isə filan verilişdir.

Reytinqölçən şirkətin haradan gəldiyi, kimə xidmət etdiyi bilinmir. Əslində bilinir, ancaq iş elə qurulub ki, heç kəsin ruhu incimir.

Televiziyada işlədiyim zaman bu, beynəlxalq şirkət idi. İndi “obşiy kotyol”a xidmət eləyən beynəlxalq bir şirkətin ölçdüyü reytinqlə biz öz siyasətimizi müəyyən edirik.

Həmin şirkətlərin rəqəmləri bizi sövq edir ki, biz reklamları aşağı səviyyəli proqramlara yatıraq. Televiziyaçılar həmin aşağı səviyyəli proqramların sayını artırır ki, daha çox reklam əldə etsin.

Lakin vaxt var idi, bizdə proqramlar da, musiqilər də həsəd aparılacaq kontentdən ibarət idi. Həsəd apardılar və bizə məsləhət bildilər ki, Azərbaycan xalqı bu kimi proqramlara baxmalı deyil. Və beləcə qaldıq xoşqədəmlərin, zaurların, elgizlərin, elçinlərin ümidinə...

Təbii, bizim auditoriya artıq o hala gəlib ki, həmin aşağı səviyyəli proqramlar təbii şəkildə də reytinq verir. Yəni reytinqölçənlər bizə rəqəm təqdim etməsə də, nəticələri saxtalaşdırmasa da, auditoriyamızın əksər hissəsinin ehtirası yönəlib belə proqramlara...

Bu da bənzəyir elə “ehtiras” sözünün adını götürdüyü “Harase” bitkisinə. Hansı ki, dəvə səhrada ac qalanda bu tikanlı bitkiyə ağız atmaq zorunda qalır. İş də burda başlayır, ağzı qanayır, duzlu qan ağzına dolduqca bitkinin dadı ilə qarışır, o yenidən harase yeyir. Qanayır, yeyir, qanayır, yeyir və beləcə dəvə həlak olur. 

Biz də bir zamanlar sadəcə baxış atmaq zorunda qaldığımız səviyyəsiz verilişləri bu gün gözümüzə təpirik. 

Bizi bu səhradan çəkəcək biri olmasa, həlakımız qaçılmazdır.

Sərdar Amin,

Xüsusi olaraq “Qafqazinfo” üçün