Rus dilinə növbəti qadağa - Siyahıdan çıxarırlar

rus-diline-novbeti-qadaga
Oxunma sayı: 1009

Ukrayna Ali Radasına ölkədə satılan malların etiketlərində və xidmət sahələrində məlumatların tərcüməsi zamanı rus dilindən istifadənin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ukrayna parlamentinin rəsmi saytında yer alıb.

Mövcud qanunvericiliyə əsasən, istehsalçı və satıcılar məlumatları dövlət dilində təqdim etməlidirlər. Lakin bu məlumatın istənilən digər dildə tərcümə edilməsinə icazə verilir. Yeni qanun layihəsinin müəllifləri isə rus dilinin icazə verilən dillər siyahısından çıxarılmasını təklif edirlər.

Deputatlar hesab edirlər ki, mallar və xidmətlər haqqında məlumatlar ictimai informasiya məkanının tərkib hissəsidir və burada rus dilindən istifadə edilməsi “Rusiyanın rəmzi varlığını” qoruyub saxlayır. Bu səbəbdən sənəddə məlumatların tərcüməsi üçün yeganə istisnanın məhz rus dilinə tətbiq olunması tələb edilir.

Xatırladaq ki, iyun ayında Ukrayna Prezidenti Volodimir Zelenski rus dilini qorunmalı olan dillər siyahısından çıxaran qanunu imzalayıb. Bununla belə, bütün qanunlardan üstün hüquqi qüvvəyə malik olan Ukrayna Konstitusiyası rus dilinin və digər milli azlıqların dillərinin istifadəsini və müdafiəsini təmin edir.

Qeyd edək ki, rus dilinin Ukraynadakı statusu Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların əsas mövzularından biri olaraq qalır. Zelenski bu tələbləri “ultimatum” adlandıraraq rus dilinin dövlət dili kimi tanınmasından imtina edir.