“Rus əlimizdən çox şeyi aldı...”

rus-elimizden-cox-seyi-aldi
Oxunma sayı: 3652

 

Eşitdim ki, Dərnəgüldə qaçqınlar məhəlləsində bir dayı yaşayır. Və ilin çox hissəsini keçirdiyi Füzuli rayonunun Araz-Dilağarda kəndində sütunlarla qəzet arxivi var, özü də hardan sual verirsən ver, o mövzuda iştahla danışacaq. Odur ki, illərin qəzet oxuyucusuna “ən gözəl hədiyyə elə oxuduğu “Yeni Müsavat” qəzeti olar” deyə fikirləşdim və köşkdən qəzetin son sayını alıb yollandım müsahibimin evinə. Düzü, o məhəlləni tanımasam da, sürücünün “çatdıq” deməyinə ehtiyac olmadan marşrutun kələ-kötür yolda ləngər vurmasından, bir də sisli balkonlarlardan anladım ki, ünvana çatmışam. Məni qarşılayan Gülnar xanım dedi ki, bizdə tərsinə olub, binaların içini “remont” ediblər, çölü belə dağılıb, tökülür. Ətrafa boylanıb bir xeyli müşahidə etdim, ancaq onları Əkbər dayımızın müsahibəsinə sıxışdırmaq fikrim yoxdur, qalsın gələn dəfəyə.

Pilləkənləri çıxıb uzun, bir az da qaranlıq foyedən evə daxil olduq. Hündürboy, yaraşıqlı bir dayı məni qarşıladı. Bayaqdan əlimi-üzümü qaraya boyadığı üçün deyindiyim qəzeti əlimdən fərəhlə götürdüyü zaman əmin oldum ki, bu bizim Əkbər dayımızdır. Salamlaşıb söhbətə başladıq.

- Əvvəlcə Əkbər dayımızı tanıyaq...

- Mən, Əkbər Qasımov, 1952-ci ildə  Füzuli rayonunun Araz-Dilağarda kəndində fəhlə ailəsində anadan olmuşam. Əsas odur ki, təqdimatımda halal çörəklə böyümüşəm sözünü deyə bilərəm, çünki, fəhlə qazancı tam başqa bir şeydir. Müəllimlərim mənim üçün əlçatmaz idi. Onlar kimi müəllim olmaq istəyirdim, çox şükür ibtidai metodika təhsili aldım, ancaq yaşadığım kənd balaca , müəllimə ehtiyac olan bir yer idi, ona görə tarix, Azərbaycan dili dərslərini demişəm. Elə o vaxtdan da proseslər başladı. 

- Deyəsən, o vaxtdan AXC-nin üzvü olmusuz.

- Bəli. İndi də üzvüyəm. 88-ci ildə hərəkata qoşuldum. Rusiya imperiyası çökdü, dedilər ki, azadlıq istəyirik. Dedim, mən də o azadlığı istəyirəm. Biz könüllülər yaratdıq. Rus imperiyası çökəndə dağıntıların altında ən çox əzilən xalq biz olduq. Allah Elçibəyə rəhmət eləsin, bir sözü var idi ki, çalışırıq biz imperiyanın tankından, topundan uzaq olaq. Erməni axtarırdıq, arxasından rus çıxırdı. Rus əlimizdən çox şeyi aldı, torpağımızı, dinimizi, dilimizi. Bir millətin millət ola biləcəyi əsas şeyləri. 

- Sütunlarla qəzet arxiviniz var, özü də “Yeni Müsavat”...

- Azərbaycanı bir dövlət kimi quran var, o da Məhəmməd Əmin Rəsulzadədir. “Müsavat” qəzeti də onun yadigarıdır. Oxumamaq olarmı? Olmaz. Yoxdan var olan bir dövləti qurmaq elə-belə şey deyil. Cəbhənin də qəzetlərini oxumuşam, mənim arxivimdə onlardan da var. 

- Bəs qəzetin keçmişiylə bu günündə fərqlər varmı?

- Təbii ki. Özündə də, elə oxucularında da var. Məsələn, əvvəllər pul verib qəzet alırdımsa, indi interneti açıram pulsuz və əziyyətsiz ordan oxuyuram. Orada redaktor Rauf Arifoğlu olacaq, ya İsa Qəmbər, ya da bir başqası. Fərqi yoxdur, “Yeni Müsavat” qəzetinin qoxusu bizim canımıza hopub. 

- Kimləri oxuyursuz daha çox?

- Zamin Hacını oxuyuram, sonra Xalid Kazımlını. Hamısı ağıllı uşaqlardır. Köşə yazmaq elə-belə informasiya vermək deyil, adam düşünür, əziyyət çəkir. İçimdə mənəvi bir aclıq var. Bax, o aclığım onların yazısını oxuduğum zaman doyur. Elə şeylər var ki, mən də o fikirdəyəm, amma beynimdəkiləri ifadə edə bilmirəm. Xalid yazır, oxuyanda deyirəm, aha, tam mənim ürəyimdən keçənlərdir. Cavan vaxtı bir böyük arzum var idi, çox pulum olanda dünyanı gəzəcəkdim. İndi də deyirəm lotereyada bir şey udsam, sevdiyim yazarların köşə yazılarını bir yerə yığıb kitab çap edəcəm. Bilirsən bu nə maraqlı olar? Hazırlayasan, gənclərimiz gələcəkdə oxuya. 

- Bəs nə əcəb hamı kimi siz də qəzeti oxuduqdan sonra qab bükmək, yerə sərmək üçün istifadə etməyib qalaq- qalaq yığmısız?

- Qəzetin hər kvadrat santimetrində əziyyət var. Həm də ki, onlar mənim istinad nöqtəmdir. Bir söz deyirsənsə, arxası sağlam olmalıdır. Nəsə bir mübahisə olanda deyirəm “Müsavat”ın filan nömrəsinin filan səhifəsinə bax, orada yazılıb. Həm də rayonlara qəzet getmir. Bu çox məyusedici haldır. Mən aparıb yığmışam rayonda, deyirəm oxuyun, informasiyanız olsun. 

- Arxivinizdə nə qədər qəzet var?

- Kifayət qədər. Sayını bilmirəm, amma bu son iki ilə kimi həmişə almışam. Bayaq dediyim kimi, internetdə səhifəni Gülüm (gəlininə gülüm deyə müraciət edir) açır, oxuyuram. Elə vaxt olub biz qəzet ala bilməmişik, müəllim maaşıdır. Təbii ki, uşaqlara çörək almaq vacibdir, nəyinki informasiya üçün qəzet. Qabaqlar bir dostum var idi, adı Ələndi. O, gündəlik qəzet  alardı. Qızına deyirdim ki, Ələnə de, yığıb gətirsin,  biz də oxuyaq. İndi “Euronews” kanalına baxıb bilirəm ki, dünyada nə proseslər gedir. Ancaq dərinliyinə getmək üçün, nəzərə alsaq ki, televiziya da hər şeyi vermir, onda qəzet daha məsləhətlidir. Siyasi yazılara baxıram, özümdə analiz edirəm ki, bax bunu düz deyir, bunu səhv.

- Bəs illərin oxucusunun gözündə bugünkü media necədir?

- Çox geridir, hədsiz. Düşünürəm ki hər kəsə müxalifət lazımdır. Mənim evimdə mənə müxalif olan bizim xanımdır. Mən sevmirəm başıqapazlı qadınları. Onlar gələcək üçün nə uşaq böyüdəcək? Bizim qüruru olan qadınlarımız azdır, ancaq dəyərlidir. İndi onu deyirəm ki, onun mənə müxalif olmağı yaxşıdır, nəsə səhvim olanda deyir, tez özümü yığışdırıram. 

- Dünən Sevinc Telmanqızının mühacirlərlə bağlı bir yazısını oxudum, deyir müxalifəti bir az tənqid edən kimi deyirlər, sifarişdir. Münasibətiniz necədir?

- Müxalifətçi olmaq o deyil ki, nə gördün qaralamalısan. Hökumətdə gedən proseslərdə də düzə düz demək lazımdır, səhvə səhv. Müxalifətçilik qəbahət deyil. Müxalifət dövlətin güzgüsüdür. Sən evdən çıxanda güzgüyə baxırsan, hakimiyyət də özünü görmək istəyirsə, güzgüyə baxmalıdır. 

- Bəs bizim indiki güzgümüz nə dərəcədə təmiz göstərir?

- Müəyyən qədər təmizdir, ancaq hər yerdə olduğu kimi, kirli hissələri də var. Hakimiyyətdə də o çirkli hissələr var. Bunu prezident də deyir... Biz Sovet şinelindən çıxmışıq. Ona görə xalqın içində dövləti, gələcəyi düşünən çox az idi. Deyirdilər, siz çıxırsız küçəyə, rus bizə çörək verməyəcək, ac qalacağıq. Çörəkdən asılı vəziyyətdə qalan xalqıq. Qınamıram, psixologiyamız elə idi. Uşağın qarnını doyurmağa çalışan atanın gözünə nə maarif görünər, nə də kitab, dəftər.

Bir az fikirləşir, o yan, bu yana baxır sonra deyir: 

Səmədin bir şeiri var:

Burda döngələrin yeri darısqal,

Oturmuş palanın üstündə hambal,

Dərin fikirlərə qərq olmuş yazıq.

Dincəlmək istəyir o da azacıq.

- Bəs qonşu ölkə Türkiyədəki seçimlərə münasibətiniz necədir? 

- Ərdoğanın ideologiyasını bəyənmirəm. HDP-in gəlməyinə də çox yaxşı baxıram. Kaş Qarabağ bizdə olardı, ordan da ermənilər öz namizədini göndərərdi. Biz müharibə acısı yaşamışıq. O qaynar qaznın içindən çıxıb gələnlərik. İndi mən o günləri görmüşəm deyə danışa bilərəm, ancaq bizdən eşidib pafoslu danışanlar, özünü reklam edənlər var. Olmaz axı, yaşamayan bilməz. Deyirlər e, Qarabağ qazisi özünü yandırdı. O, onsuz illərdir içindən yanır, od onun içindədir. Mən bir batolyonun qabağında diz çöküb ağlamışam ki, körpəni versinlər bizə. Cəmillidən qızlarımız götürülüb. (Bayaqdan bütün dünya tarixindən, siyasətdən danışan müsahibimin bu cümlədə dodağı əsməyə başladı. Bir az sükutdan sonra ağır bir udqum ötürdü. Yazılarımdan birində demişdim, bu udqumu atamdan çox yaxşı bilirəm. Bu, kişilərdə çarəsizliyin boğuqluğudur.)  Mən yenə dizimi qoyub ağlamışam ki, qaytarsınlar. Adam qeyrətsiz olur onda... (Bu son cümlələr artıq Əkbər dayının gözlərini doldurdu. Mən qısa fasilədən sonra söhbətin istiqamətini dəyişdim). 

- Müxalifətdə hər zaman daxili problemlər olur, elə partiyaların daxilində də. Sizcə buna səbəb nədir?

- Deməli sevdiyim bir kitab var, “Kəlilə və Dimnə”. Siyasi kitabdır, elə bil şahmat oynayırsan. Orada bir təmsil var. Deməli, bir siçovul olur, torda bir tülkü, bir də ağacda çalağan. Siçovul yuvadan çıxıb geri qayıdanda çalağan onu tutacaq. Ona görə də, o tülküyə deyir, gəl mən sənin torunu kəsim, sən də məni yanında saxla ki, ağacda duran məni tuta bilməsin, sən də ovçudan qurtul. Tülkü razılaşır, siçovul toru qırır, ovçu çatmamış ikisi də qaçır, quş da baxa-baxa qalır. Burada ümumi düşmənə qarşı birləşirlər, hamı sağ qalır. Bu sadəcə müxalifət üçün deyil, həm də Qarabağ kimi ortaq dərdimizdə də özünü göstərməlidir. Biz çətin hallarda birləşə bilməliyik. 

- Əkbər dayının gəncliyə mesajı nədir?

- Əvvəlcə, kitab oxusunlar, nə qədər oxusalar, o qədər gələcəyimizə ümid artar, kitab gələcəyimizə işıqdır. Hansısa tədbirdə olanda söz deyə bilsinlər, sözlərinin də arxasında istinadı, kəsəri olsun. Sonra mətbuatla maraqlansınlar, bu gənc nəsli görəndə mən sevinirəm. Yalan danışmaq, haram yemək, qeybət etmək- bu üç şeydən uzaq olsunlar. Mənim bir ümidim var ki, rayondakı evimi muzey edim, orada mənim necə kolleksiyalarım var. Qoy, məndən də gələcəyimizə bir xatirə qalsın. 

Müsahibə zamanı qəzetləri niyə belə maraqla yığırsız deyə verdiyim suala sağollaşdığım zaman nəvəsinin dediyi bir cümlə cavab verdi: "Baba, o qəzeti verərsən mən də oxuyaram".

Günel Hacı