Şabrandakı qəzalı məktəblə bağlı - Açıqlama

sabrandaki-qezali-mekteble-bagli
Oxunma sayı: 718

Sosial şəbəkələrdə Şabran rayonu Padar kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, yayılan fotolardan sinif otaqlarının divarlarında iri çatların olduğu görünür.

Buna baxmayaraq, şagirdlər təhlükəli vəziyyətdə dərs keçmək məcburiyyətində qalırlar.

Problemlə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müraciət etdik. İdarədən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən təhsil müəssisəsinin vəziyyətindən xəbərdardırlar və məsələ qeydiyyata alınıb.

“Şabran rayon Padar kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik, prioritetlik prinsipi əsasında həyata keçirilir.

Hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binası, Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi aparılır”, - məlumatda qeyd edilib.

Məlumatda həmçinin bildirilib ki, son iki ildə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilib, 8 məktəb binası isə tam sökülərək yenidən inşa edilib.

Gülnar Əliyeva