Şakira İspaniya hökumətinə qalib gəldi - 70 milyon dollarını qaytaracaq

sakira-ispaniya-hokumetine-qalib-geldi
Oxunma sayı: 385

İspaniya Ali Məhkəməsi kolumbiyalı pop ulduz Şakira barəsində vergi fırıldaqçılığı ittihamı üzrə bəraət hökmü çıxarıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, məhkəmə müğənninin günahsız olduğuna qərar verərək İspaniya Maliyyə Nazirliyinə Şakiraya ödədiyi cərimələr və faizlər də daxil olmaqla, ümumilikdə 70 milyon dollara yaxın (60 milyon avrodan çox) vəsaiti geri qaytarmağı tapşırıb.

Sözügedən iddia Şakiranın 2011-ci il vergi ili üzrə öhdəliklərini əhatə edir. Məhkəmə sənədlərinə görə, İspaniya qanunvericiliyinə əsasən, şəxsin vergi rezidenti hesab olunması üçün il ərzində ölkədə azı 183 gün keçirməsi şərtdir. Lakin rəsmi qurumlar ulduzun həmin il İspaniyada cəmi 163 gün qaldığını sübut edə bilib. Vergi orqanları müğənninin həmin dövrdə futbolçu Jerar Pike ilə münasibətdə olduğunu əsas gətirərək onun əsas iqtisadi fəaliyyət mərkəzinin İspaniya olduğunu iddia etsə də, məhkəmə bu arqumenti hüquqi baxımdan yetərsiz hesab edib və tətbiq olunan cərimələri qanunsuz sayıb.

Bəraət qərarından sonra açıqlama verən Şakira 8 illik hüquqi mübarizənin bitdiyini və ədalətin bərpa olunduğunu bildirib:

“Heç bir fırıldaqçılıq olmayıb və dövlət orqanları bunun əksini heç vaxt sübut edə bilmədilər, çünki bu, sadəcə yalan idi. Amma demək olar ki, on il ərzində mənə günahkar kimi rəftar edildi”.

Qeyd edək ki, bu qərar sənətçinin 2012–2014-cü illəri əhatə edən digər vergi işinə aid deyil. Şakira 2023-cü ildə həmin illər üzrə açılmış cinayət işində həbsdən yayınmaq üçün prokurorluqla razılığa gələrək 15 milyon dollara yaxın kompensasiya və cərimə ödəməyi qəbul etmişdi.