“Sazişin mətni üzərində işləməyə başlamaq niyyətindəyik” - Abbas Araqçı

sazisin-metni-uzerinde-islemeye-baslamaq-niyyetindeyik
Oxunma sayı: 457

Cenevrədə keçirilən İran-ABŞ danışıqlarının ikinci raundunda tərəflərin mühüm irəliləyiş əldə etdiyi və gələcək sazişin “baza prinsipləri” üzərində razılığa gəldiyi bildirilir.

“Qafqazinfo” “Tasnim”ə istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Araqçı BMT-nin Tərksilah üzrə Konfransındakı çıxışı zamanı məlumat verib.

Nazir qeyd edib ki, dolayı yolla aparılan məsləhətləşmələr zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Tehran və Vaşinqton arasındakı dialoqun inkişafında oynaya biləcəyi mümkün rol ətraflı müzakirə olunub:

“İran MAQATE ilə ekspert səviyyəsində əməkdaşlığı davam etdirəcək və ölkəsi hər zaman məzmunlu, eyni zamanda ədalətli danışıqlara hazırdır”.

Diplomat həmçinin builki görüşlərin atmosferini əvvəlki raundlarla müqayisədə daha konstruktiv adlandırıb:

“Tərəflər artıq sazişin mətni üzərində işləməyə başlamaq niyyətindədirlər. Bununla belə, tez bir zamanda yekun nəticə gözləmək real deyil, əksinə, növbəti mərhələ daha mürəkkəb və texniki detallarla zəngin olacaq”.