Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunun yeni detalları məlum olub.
Bu barədə “Qafqazinfo” yeni görüntülər əldə edib.
Yeni görüntülərə əsasən, onu demək olar ki, terror hücumu ani olmayıb, bu, planlaşdırılmış şəkildə həyata keçirilib.
Məlum olub ki, terrorçu İran vətəndaşı Yasin Hüseynzadə səhər səfirliyin binasına daxil olub və silahla atəş açıb. Bu zaman səfirliyin mühafizə rəisi Orxan Əsgərov şəhid olub. Silahlı şəxsin üzərinə əliyalın atılan Vasif Tağıyev isə onu çölə çıxarmağı bacarıb.
Azğınlaşmış terrorçu bundan sonra avtomatla səfirliyin qapılarına atəş açıb və maşınından götürdüyü “kuvalda” ilə qapını sındırmağa çalışıb.
Silahlı şəxs növbəti dəfə içəri daxil olmağı bacarıb. Daha sonra terrorçu yangönsöndürən balonla vurularaq yenidən çölə çıxarılıb.
Terror əməlindən əlçəkməyən Yasin Hüseynzadə planının davamı olaraq səfirliyin avtomobilini yandırıb.
Onu da qeyd edək ki, çölü çəkən müşahidə kameraları real vaxtdan 24 dəqiqə geri qalıb. Bu səbəbdən müxtəlif kameralardakı görüntülərdə vaxt üst-üstə düşmür.
Maraqlıdır ki, bu proses 20 dəqiqədən çox davam edib və heç bir yerli polis əməkdaşı terrorçunun qarşısını almağa cəhd belə etməyib. Bu məqamda səfirliyin təhlükəsizliyinə cavabdeh olan iranlı polislərin harada olması isə böyük sual doğurur.
Bu görüntülərdən açıq-aşkar aydın olur ki, terror hücumu əvvəlcədən planlaşdırılıb və İran rəsmilərinin də dediyi kimi, ər-arvad mübahisəsindən irəli gələn hücum deyil.