Şəmkirdə 9 restoran və 20-dən çox həyət evində toy edənlər cərimələndi

semkirde-9-restoran-ve-20-den-cox-heyet-evinde-toy-edenler-cerimelendi
Oxunma sayı: 1525

Şəmkirdə polisin toylarda keçirdiyi monitorinqlər nəticəsində qanunsuzluq aşkarlanan 9 restoran və 20-dən çox həyət evində baş tutan toyun sahibi cərimələnib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayon ərazisində bir neçə restoranda toy qaydalarının pozulması aşkarlanıb. Belə ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Şəmkir Saray” və “Ömər-Oruc” şadlıq evlərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçsə də xidmət personalının və mərasimdə iştirak edən bir neçə qonağın COVİD-19 pasportunun olmaması aşkarlanıb. Mövcud qayda pozuntusuna inzibati protokol tərtib edilib.

Monitorinq iştirakçıları həyət evlərində təşkil olunan toy mərasimlərini də ziyarət edərək orada qanunamüvafiq araşdırmalar aparıb və bu zaman məlum olub ki, 50 nəfərdən artıq olmamalı olan toy mərasimlərində say həddindən artıq qonaqlar iştirak edib. Dərhal həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb, mərasim təşkilatçıları inzibati məsuliyyətə cəlb olunub.

Ümumilikdə həftə ərzində aparılan monitorinqlər zamanı rayon ərazisindəki “Yamin”, “Ceyhun”, “Uğur”, “Daşlı Qala”,”Şəmkir”, “Ömər-Oruc”, “Xan”, “Dostluq” və “Elmir” restoranlarında, həmçinin 20-dən çox fərdi yaşayış evlərində təşkil olunan toy mərasimlərində say həddinin çox olması, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçilməməsi, sosial məsafə və COVİD-19 pasportunun olmaması kimi qayda pozuntuları aşkar edilib.

Həmin restoran sahibləri və fərdi yaşayış evindəki toy mərasimlərinin təşkilatçıları barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.