Şəmkirdə qumbara partlaması nəticəsində xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib

semkirde-qumbara-partlamasi-neticesinde-xesaret-alanlarin-veziyyeti-aciqlandi
Oxunma sayı: 7335

Şəmkirdə valyutadəyişmə məntəqələrinin birinə qumbara atılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində, 51 yaşlı Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə baş verən partlayışla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, hadisə ilə bağlı dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib.

Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

DİN-in sözügedən hadisə ilə bağlı daha bir açıqlama yayıb.

Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov sözlərinə görə, ilkin araşdırmalar nəticəsində hadisənin  Nəsib Heydərova məxsus “VAZ 2107” markalı avtomobildə olan zaman B. Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verdiyi müəyyən edilib.

Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Şəmkirdə avtomobilin içərisində qumbaranın partlaması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Şəmkir rayon Mərkəzi Xəstəxanasının həkimi Həcər Yusifova “Qafqazinfo”ya bildirib ki, xəsarət alan şəxslərin vəziyyəti ağırdır:

"Axşam saatlarında partlayışla bağlı xəsarət alan iki nəfər xəstəxanaya gətirilib. Onlardan biri olan Heydərov Nəsib Yusif oğlunun qarın nahiyəsində çox saylı qəlpə yaraları olub. Digər şəxs Qarayev Binnət Həsən oğlunda isə hər iki ayağının açıq qəlpəli sınıqları aşkar edilib. Hər iki şəxsin vəziyyəti ağır olduğuna görə, onlar Gəncə şəhər Mərkəzi Klinik Xəstəxanasına göndərilib".

Yunis Quliyev