Şirvan şəhərində genişmiqyaslı abadlıq və təmir-bərpa işləri aparılır - Fotolar

sirvan-seherinde-genismiqyasli-abadliq-ve-temir-berpa-isleri-aparilir
Oxunma sayı: 2865

Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyi ilə əlaqədar şəhər ərazisində genişmiqyaslı abadlıq və təmir-bərpa işlərinin həyata keçirilməsi məqsədilə İcra Hakimiyyəti başçısının 14.09.2023-cü il tarixli 215 nömrəli Sərəncamı ilə 60 bənddən ibarət “Tədbirlər  Planı” təsdiq edilib. 

“Qafqazinfo” xəbər verir ki, “Tədbirlər Planı”nda nəzərdə tutulmuş abadlıq-quruculuq işləri çərçivəsində park və xiyabanların, küçə və prospektlərin, məhəllə və məhəllədaxili yolların abadlaşdırılması, nümunəvi və abad məhəllələrin, avtobus dayanacaqlarının, metal məhəccərlərin, səkilərin, fəvvarələrin, şəlalənin təmiri və yeni yaşıllıq zolaqlarının salınması işlərinə artıq başlanılıb.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Şirvan şəhəri Naxçıvan küçəsində 8.11 hektar torpaq sahəsində 1264 mənzildən ibarət “Yeni Şirvan” yaşayış kompleksinin inşasına başlanılıb, “Bakı Abadlıq Xidməti” MMC və Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçə və prospektləri yeni işıqlandırma sistemləri ilə təchiz olunub, layihə çərçivəsində şəhərin 135 ünvanında, o cümlədən 122 küçə, 2 xiyaban, 8 məhəllədaxili, 1 nümunəvi məhəllə, 1 meydan və 1 dairədə ümumilikdə 134 152 p.metr yeni işıq xətti çəkilib, 3 996 işıq dirəyi, 502 690 vatt ümumi gücü olan 5 417 işıq nöqtəsi quraşdırılıb. Layihə çərçivəsində növbəti mərhələdə şəhərin 74  küçəsinin işıqlandırılması nəzərdə tutulub.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Şirvan şəhərində “Azərsu” ASC tərəfindən su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb.

“İDEA” İctimai Birliyinin “Bizim həyət” layihəsi çərçivəsində Heydər Əliyev prospekti,  Tofiq İsmayılov küçəsi və 20 Yanvar küçələrində 2 nümunəvi məhəllə,  20 Yanvar küçəsində 1 abad məhəllənin salınması işlərinə başlanılıb.

Şəhərin simasının daha da gözəlləşdirilməsi və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə abadlıq və yenidənqurma işləri mərhələli şəkildə davam etdiriləcək.