Şirvanda silsilə tədbirlər keçirilir

sirvanda-silsile-tedbirler-kecirilir
Oxunma sayı: 1792

Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq edilmiş qrafikə əsasən, 2023-cü ilin noyabrında şəhərin müxtəlif ərazilərində 312 nəfər sakinin iştirak etdiyi 4 səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edən İlqar Abbasov dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Eyni zamanda Şirvan şəhəri ərazisində həyata keçirilən infrastruktur layihələr, abadlıq-quruculuq işləri, Şirvan şəhərində küçələrin asfaltlanması işlərinin mərhələli şəkildə davam etdirildiyi, səyyar görüşlərdə qaldırılan məsələləri nəzərə alaraq şəhərin N.Tusi, M.Müşfiq, M.Şəhriyar, N.Nərimanov, M.Kazım bəy, R.Orucov, Y.Məmmədəliyev, Xaqani, S.Zeynalov və Ə.Ağayev küçələrini əhatə etməklə ümumilikdə 16146,00 kv. metr asfalt-beton örtüyünün vurulduğu barədə məlumat verib.

Hər ay olduğu kimi, noyabr ayında da sonuncu cümə axşamı Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət edilib, şəhid ailələrini narahat edən məsələlərlə bağlı müraciət və təkliflər dinlənilib və aidiyyəti üzrə həlli üçün müvafiq tapşırıqlar verilib.

Şəhid ailələrinin dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətində olduğu, onların sosial problemlərin həlli məqsədilə müvafiq dövlət siyasətinin həyata keçirildiyi qeyd edilib.