Şıxlinski və oğluna növbəti - Hökm oxundu

sixlinski-ve-ogluna-novbeti
Oxunma sayı: 1455

Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski daha 9 il müddətinə həbs cəzasına məhkum edilib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, daha əvvəl barəsində qətl və sui-qəsd işi üzrə 22 il azadlıqdan məhrumetmə qərarı çıxarılmış keçmiş diaspor rəhbəri cəzaları birləşdirilməklə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum olunub.

O, həbs müddətinin ilk 4 ilini həbsxanada, 20 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. 

Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski isə cəzasını ümumi rejimli cəza müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.  

Xatırladaq ki, ata və oğlunun cinayət işi 2025-ci il iyulun 1-də baş vermiş insidentlə bağlıdır. Belə ki, həmin tarixdə Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatçıları içində Mutvalı Şıxlinskinin idarə etdiyi və içində Şahin Şıxlinskinin olduğu avtomobilə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski avtomobillə FTX əməkdaşlarından birini vurub. 

Qeyd edək ki, bu ilin martında Ş.Şıxlinski və bir qrup həmyerlimiz barəsində məhkəmə hökmü oxunub. Məhkəmənin qərarı ilə keçmiş diaspor rəhbəri ilk 4 ilini həbsxanada, 18 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirməklə 22 il azadlıqdan məhrum edilib. O, 2001 və 2010-cu illərdə sahibkarların öldürülməsi və öldürülməsinə cəhddə təqsirli bilinib.