“Siz bir statusa dözmürsüzsə, nəyə görə İlham Əliyev mənim yazdıqlarıma dözməlidir?” - Müsahibə

siz-bir-statusa-dozmursuzse-neye-gore-ilham-eliyev-menim-yazdiqlarima-dozmelidir-musahibe-
Oxunma sayı: 857






Azərbaycanın istedadlı köşə yazarı Elnur Astanbəylinin “Qafqazinfo”ya müsahibəsi

- Siz uzun illərdir ki, mətbuatda köşə yazılar ilə çıxış edirsiniz. Ölkə mətbuatının hazırkı durumunu necə qiymətləndirirsiz?
- Mən bu barədə şablon şəkildə danışmağa məcburam. Azərbaycanda mətbuatla, jurnalistikayla məşğul olmaq bu gün sözün həqiqi mənasında fədakarlıqdır, qəhrəmanlıqdır. Təbii ki, söhbət hakimiyyətlə bir başa əlaqədə olan, ona xidmət eləyən, hər dediyinə ləbbeh söyləyən mətbuatdan getmir. Söhbət, ümumi mənada hadisələrə bir qədər obyektiv, tənqidi baxmağı bacaran, hakimiyyətin müəyyənləşdirdiyi sərhəddlərdən, qəliblərdən kənara çıxmağa çalışan mətbuatdan, jurnalistikadan gedir. Bu işlə məşğul olmaq fədakarlıqdır. Bu, həm insanın fiziki, həm də mənəvi mənada varlığına təhlükədir. Azərbaycan reallığında vəziyyət budur. Bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycanda media deyəndə ancaq qəzetlərdən danışa bilərik. Çox az sayda agentlik və internet saytları var, bir dənə də Azadlıq radiosu. Amma bunların qəzetlərlə bağlı hissəsini götürəndə Azərbaycanda qəzetlər doğru idarəolunmur, fikrimcə. Mən başa düşürəm, söhbətə də onunla başladım. Vəziyyət çox ağırdır, düşünüldüyündən də ağırdır, dözülməzdir. Hakimiyyətin bu qədər basqılarına, bu qədər təhdidlərinə rəğmən Azərbaycanda hələ də az sayda da olsa tənqidçi tribuna qalırsa, bunun özü böyük göstəricidir. Mənə elə gəlir ki, əslində bizim bu qədər basqını, bu qədər təhdidi yeməyimizdə həm də özümüzün öz rolumuz var. Bu rol Azərbaycan qəzetlərinin, mətbuatının doğru idarə olunmaması ilə bağlıdır.

- Doğru idarə olunmamaq deyəndə nəyi nəzərdə tutursunuz?
- Mən dedim, hakimiyyət mətbuatını qoyduq qırağa, onların varlığı və yoxluğu mənim üçün heç nə ifadə etmir. Söhbət əlimizdə olan müstəqil, hakimiyyətin standartlarından kənarda olmağa çalışan mətbuatdan gedir. Belə deyək, təhlükəsizliyinə heç bir təminatın olmadığı mətbuatdan gedir söhbət. Bu mənada Azərbaycan qəzetləri doğru idarə olunmur. Əslində bu qədər basqının da artmasının səbəbkarı bu idarəolunmadır. Məsələn, on il əvvələ baxsaq istənilən qədər müstəqil qəzet saxlamaq mümkün idi. Aclıq edirdin, orada ən azı 6-7 redaktor uzanırdı. Yaxud 30-40 jurnalist eyni anda aclıq aksiyası edirdi. Amma mənim yadımdadır, Eynulla Fətullayevlə bağlı əlahiddə aksiya oldu, növbəli aclıq aksiyası. Onda burax aclıq aksiyasına qoşulmaq istəyən jurnalistləri, ümumiyyətlə aclıq aksiyasına baş çəkənlərin belə arasında jurnalist tapmaq çox çətin məsələ idi. Bu niyə belə oldu? Mən 3-4 il əvvəl bunu bir az şübhəli şəkildə deyə bilərdim, amma bu gün tam əminliklə deyirəm. Azərbaycanda müstəqil mətbuatı idarə edən adamların təfəkküründə ciddi mənada problem var. Bu, bizim müdafiə etdiyimiz, o qəzetlərin özlərinin müdafiə etdiyi dəyərlərə, prinsiplərə sadiqlikdən gedir. Azərbaycanda məsələn İctimai Palata var. İctimai Palatanın Koordinasiya Şurasının iki üzvü baş redaktordur. Hər iki baş redaktorun rəhbərlik etdiyi qəzetlərdə senzura ilə bağlı kifayət qədər iddialar var. Mən də onun içindəyəm, birinin şahidiyəm.

- Bəlkə faktlarla danışaq...
- Təsəvvür edin, İctimai Palata ölkədə söz azadlığının müdafiəsi ilə bağlı bəyanat verir. Mənə çox komediya gəlir bu. Lakin bu qurumun sonuncu hadisəyə, Rafiq Tağının öldürülməsinə münasibətinə baxın. Bundan böyük fakt? Azərbaycan mətbuatının bax bu generalları, kapitanları, marşalları, özlərinin tələb etdiyi prinsiplərə sadiq olsaydılar, səmimi qəlbdən o prinsiplərə bağlı olsaydılar, mən inanıram ki, vəziyyət yenə də ağır olardı, amma bu qədər ağır olmazdı. Çünki, əksər jurnalistlər mətbuatdan heç də həmişə satılıb getmədilər, iyrənib gedənlər də oldu. Mən onları tanıyıram, yenə də heç bir işin, gücün yiyəsi deyillər, yenə də borca araq içirlər, amma mən onların gözlərində əvvəlki işığı görmürəm. Əgər sən müdafiə etdiyin prinsiplərə sadiq deyilsənsə, onu ilk növbədə rəhbərlik etdiyin mətbu orqanda təmin edə bilmirsənsə və sənin də artıq hakimiyyətin ayrı-ayrı fərdləri qarşısında geri çəkilmək, onlarla hər hansı şəkildə sağlam olmayan münasibət içərisindəsənsə, o zaman sənin artıq dik dayanmaq lüksun yoxdur, istəsən belə dik dayana bilməzsən. Mən əminəm ki, Azərbaycan mətbuatı hakimiyyətlə oyunu çox təmiz, şəffaf, prinsipial oynasaydı, onda Azərbaycanda bu gün nə bu qədər jurnalist ölkədən baş götürüb qaçmaq məcburiyyətində qalmazdı, nə də bu qədər jurnalistin qeyri-müəyyən şəkildə döyülməsi olmazdı. Məsələn, bir də görürsən elə bir jurnalist döyülür ki, düşünürsən ki, bunun nə əlaqəsi var? Bu, sıradan müxbirdir, onun imzasını heç yeri gəlsə oxucu özü tanımır, bu niyə döyülür? Bu arada b ir az da Azərbaycanda həbsxanaya gedib çıxan baş redaktorların sonrakı davranışlarına baxmaq lazımdır.

- Maraqlı məqamdır...
- Nədənsə həbsxanaya girib çıxan kimi onlar əvvəlki kimi yazmamaqları bir yana, əvvəlki kimi də artıq idarə eləmirlər.

- Özlərini?
- Həm özlərini, həm də qəzetlərini.

- İstəyirəm bayaq toxunduğunuz bəzi məsələlərə aydınlıq gətirim. Söhbət İctimai Palatada təmsil olunan iki qəzetdən, iki baş redaktordan gedir. Söhbət, bu gün müstəqil, ayaqda duran, tənqidi fikir söyləyən “Yeni Müsavat” və “Azadlıq” qəzetlərindən gedir, elə deyilmi? Yəni fikirləriniz bu iki qəzetin ünvanındadır?
- Mən çalışdığım “Azadlıq” qəzetində son 8 ayda 4 dəfə yazımla bağlı problem yaşamışam. Həmişə problem yarananda onu redaksiyanın daxilində çözmək istədim, dedim ki, mənim yazımı verin. Alınmayanda mən heç vaxt onu gizli saxlamadım, həmişə açıqladım. Mən əvvəldən də demişdim ki, mənim yazımla bağlı problem çıxanda bunu hər kəs biləcək.

- Nə problem çıxır axı. Bu qəzetdə demək olar ki, hər şey gedir. Siz, ümumiyyətlə neçə ildir “Azadlıq” qəzetində yazırsız?
- Səhv etmirəmsə 3 il yarımdır.

- Son səkkiz ayda bu baş verib?
- Mən deyim ki, bu çox maraqlıdır. Təxminən səkkiz ay, uzaqbaşı 10 ay, bir il olar.

- Yəni bu vaxtdan bəri Siz bir yazar kimi problemlə üzləşirsiniz?

- Qənimət Zahid bundan əvvəl bir yazı ilə bağlı problem çıxanda da demişdi, indi də deyir ki, “Azadlıq” qəzetində senzura olduğunu düşünmür. Tez-tez də dediyi bir söz də var ki, qəzetdə yazı redaktə də oluna bilər, yazı getməyə də bilər. Mən artıq 10 ilə yaxındır ki, qəzetlərdə işləyirəm. Mən bilmirəmmi ki, qəzetdə yazı getməyə də bilər, redaktə də oluna bilər? Mən bunu başa düşürəm. Problem ondadır ki, sənin bir müəllifin varsa, sənin bir müəlliflə anlaşman varsa, mən kənardan bir müəllif deyiləm ki, qoltuğuma yazı vurum, qəzetə gətirim. Mənim anlaşmam var, həftənin 6 günü qəzetə yazı yazıram. Sən mənim yazımı o vaxt verməyə bilərsən ki, mən orada kiminsə şərəf və ləyaqətini alçaldıram, qəzetin müdafiə elədiyi prinsiplərdən kənara çıxaram, tutaq ki, məsələn, mən İlham Əliyevə, ya da hansısa bir nazirə yaltaqlanaram. Əgər mən bunlardan kənara çıxmıramsa, peşə qaydasını da pozmuramsa, mənim yazımın dayanmasının başqa hansı səbəbi ola bilər?

- Dörd yazı deyirsiniz. Konkret bu yazılar kimin haqqında olub. Sonuncu yazını bilirik ki, Əli Əkbərin əsəri haqqında olduğu üçün verməyiblər. Arqument də belə olub ki, Əli Əkbər nə vaxtsa “Azadlıq” qəzeti haqqında xoşagəlməz status yazıb.
- Mən bir kəlmə onu deyim. Əgər sən bir statusu həzm edə bilmirsənsə, o zaman pardon, deyərlər adama, bu hakimiyyət niyə ilin 365 günü sənin yazdığın tənqidlərə dözməlidir? İlham Əliyev, Ramiz Mehdiyev mənim tənqidlərimə niyə dözməlidir onda? Sən sosial şəbəkədə bir statusa dözmürsən, onda İlham Əliyev, Ramiz Mehdiyev mənim yazıma niyə dözməlidir?

- Məntiq var.
- Əslində mən söhbətə başlayanda dedim, problem budur. Sən müdafiə etdiyin dəyərlərdə səmimi deyilsənsə, büdrəyəcəksən. Səni döyəcəklər də, əzəcəklər də, sənin gəlirin də olmayacaq, maddi olaraq da, fiziki olaraq da çökdürülməyə çalışılacaqsan. Amma ən önəmlisi odur ki, sən mənəvi olaraq da çökməyə məhkumsan. Məsələn, hakimiyyət səni əzər, o səni əzdikcə sən mənəvi olaraq yüksələrsən. Amma, hakimiyyət səni əzir, maddi və fiziki cəhətdən çökdürür və sən mənəvi cəhətdən ucalmırsan, deməli burada problem var.

- Deməli sənin özündə də nəsə var.
- Deməli sənin özündə bir çatışmazlıq var. Mən bunu açıq deyirəm, açıq şəkildə var. Bu gün Azərbaycan mətbuatının əvvəlki enerjisi, ruhu qalmayıb. Bəzi adamlar var ki, yenə də meydandadır, hamı satılmadı, hamı getmədi ki. Bir çox önəmli adamlar yenə qaldılar, lakin ümumu mənada o ruh, o enerji niyə qalmadı? Çünki, bir çox şeyləri də, açıq demək lazımdır, biz özümüz satdıq. Biz özümüz imtina etdik ondan. Qayıdaq əvvəlki yazılarıma. Birinci yazı ilə problem Mirşahinlə bağlı olmuşdu. Mirşahinin Eynulla Fətullayevlə bağlı bir filmi var idi, məlum filmi. Həmin gün bir yazı yazdım, yazı getmədi. Mən dedim ki, niyə getmədi? Dedilər ki, iki yazı var, səhv etmirəmsə Şahvələd bəyin də yazısı var idi, məsləhət oldu ki, bir gündə iki yazı olmasın, bunu sabaha verək.

- Üzr istəyirəm, o məsləhəti kim gördü?
- Onu, redaktorlar. Redaktorlardan kim olduğunu dəqiq xatırlamıram. Sabah oldu yazı getmədi, birisi gün oldu yazı getmədi, soruşdum ki, qardaş, mənim yazım niyə getmir?

- Bəlkə Mirşahini təhqir edibsiniz?
- Yox, mən zatən təhqiri qəbul eləmirəm. Olsa belə, redaktor mənə deyir ki, qardaş, filan cümlə təhqirdir, mən bunu təhqir kimi anlayıram, bunu başqa bir sözlə dəyiş. Əvvəlki dönəmdə o var idi. Məsələn, mənim hansısa bir sözümü dəyişəndə zəng edib deyirdi. Uzun sözün qısası dedilər ki, Qənimət deyir ki, bu mövzuda mən özüm yazacam. O zaman Qənimət Zahid xeyli vaxt idi ki, həbsxanadan çıxmışdı, yazı yazmırdı. Mən də dedim ki, onda gedin Qənimət Zahidə deyin ki, bundan sonra İlham Əliyev haqqında da özü yazsın, onu niyə mən yazıram?
Digər yazı isə Eynullanın özü ilə bağlı idi. Həbsdən çıxandan sonra məşhur portret məsələsinə görə mən Eynullaya açıq məktub yazmışdım. Yazı getmədi. Bundan sonra mən dedim ki, qəzetdən istefa verirəm. Ondan sonra yenə problem oldu, səhv etmirəmsə o zaman Qənimət Türkiyədə idi.
Sonuncudan əvvəlki isə Şeyxlə bağlı yazı idi ki, onda da problem çıxdı. O yazı da getmədi. O zaman geniş söhbətimiz oldu ki, bu işi yoluna qoymaq lazımdır.

- Mən belə başa düşdüm ki, 4 yazının heç biri İlham Əliyevlə bağlı olmayıb.
- Mən hər dəfə bu sözü deyirdim ki, qardaşım, bir dəfə də mənim İlham Əliyevlə bağlı yazımı saxlayın də. Niyə bir dəfə onunla bağlı olan yazımı saxlamırsınız? Onunla bağlı yazdığım hər şey gedir, amma mənim ikinci, beşinci, onuncu, əllinci dərəcəli adamlarla bağlı yazdığım getmir. Bunlar hələ getməyən yazılarımdır, bəziləri olur ki, iki cümlə, üç cümlə çıxardılır. Bunların hamısının üstündə durmaq olmur, ötürürsən gedir. Amma heç vaxt İlham Əliyevlə bağlı yazımda problem olmayıb. Bu, həm də o qədər pis bir situasiyadır ki, xüsusən bu sonuncu məsələ. Mən Şeyxlə bağlı problem olanda da demişdim, Qənimət Zahidə açıq məktub yazmışdım, Qənimət Zahidi istefaya çağırmışdım. Sonra qəzetlər yazmışdılar ki, mən guya istefa vermişəm. Mən Qənimət Zahidi istefaya çağırmışam, götürüb belə yazıblar. Çox qəribə məqamı da deyim. Nə sirri-xuda idisə, mən Qənimət Zahidi istefaya çağıranda iki hökumət qəzeti mənim haqqımda çox çirkin iki yazı dərc elədi.

- Siz düşünürsünüz ki, “Azadlıq”ı Qənimət Zahid idarə etmir?
- Mən “Azadlıq”ın ümumiyyətlə idarə olunmadığı qənaətindəyəm. “Azadlıq” doğurdan idarə olunmur. “Azadlıq” qəzet olaraq idarə olunmur. Bir qəzetin hər gün satışa çıxmağı, səhifələrində də bütün materialların dolu olmağı bu qəzetin idarə olunması demək deyil. Mən həmişə bu problemi qaldırıram və aylardır deyirəm ki, bunu müzakirə etmək lazımdır. Ölkədə 5 il bundan əvvələ qədər onlarla, onlarla olmasa da, 8-10 kəskin müxalifət qəzeti var idi. “Bakı Xəbər”, “Bizim Yol”, “Yeni Müsavat”, “Cümhuriyyət” və s. xeyli sayda qəzet var idi. Bunlar hamısı getdilər. Bu gün ölkədə hakimiyyəti açıq şəkildə tənqid edən bir qəzet qalıb. Gəlin, oturaq düşünək. Bu qədər qəzetlər sıradan çıxdı və onların oxucuları boşda qalıb. “Azadlıq” qəzetinin problemi nədədir ki, bu qəzet hələ də həmin tirajla çap olunur. O qədər oxucu var, o oxucular “Azadlıq” qəzetinə niyə gəlmir? “Azadlıq” qəzeti bu qədər boşluqda ölkədə yeganə radikal qəzetdir, niyə hələ də 5 il əvvəlki tirajın içində çapalayır? “Azadlıq” tirajını niyə qaldıra bilmir? Bu o deməkdir ki, burada problem var. Bu ona bənzəyir ki, insanın mədəsində problem olur, nə qədər yeyir yesin, kökəlmir, əmələ gəlmir. Deməli bu qəzetin bir yarası var. Başa düşdüm ən ağır şərtlər altında işlənir. Ancaq qəzet çıxırsa niyə oxucu gəlmir?

- Siz özünüzü Qənimət Zahidin yerində fikirləşə bilirsiniz?
- Yox, qətiyyən. Mən Qənimətin yerində olmaq istəyən....

- O mənada demirəm. Yəni, bəlkə “Azadlıq”ın baş redaktoru olmaq asan deyil? Bəlkə Qəniməti də fikirləşəsiniz. Axı bu qədər ağır işi görmək, bu yükü çəkmək asan deyil.
- Mən Qənimət Zahidi istefaya çağırmağımın məsələsinə qayıtmaq istəyirəm. Əslində mən bu məqamı orada yazmışdım. Ola bilsin ki, neçə illərin davamlı stressi onu yorub, mən bunu optimist olaraq deyirəm. Ola bilsin ki, qəzetin önünü açmaq üçün, yenidən qəzetdə özünə inamı yaratmaq üçün bir formalaşdırma aparmaq lazımdır, ana görə də mən Qəniməti və redaktorların hamısını istefaya çağırmışdım. Problem nədədir? “Azadlıq” qəzetinin baş redaktoru olmaq, redaktoru olmaq yazarı olmaq indiki situasiyada çox çətindir. Orada uşaqlar hər an nəylə üzləşəcəyini yaxşı dərk edir. “Azadlıq” qəzetinin baş redaktoru olmaq fəxr ediləsi bir şeydir.

- Mən diqqəti ora çəkmək istəyirəm ki, məsələn, köşə yazarı baş redaktordan yazının çapını tələb edə bilər. Amma baş redaktor da təhlükəni fikirləşə bilər...
- Mən bundan əvvəlki problem olanda razılaşdım. Dedim ki, qardaş, mənim ümumiyyətlə bundan sonra vecimə deyil, “Azadlqı” qəzetinə kim nə yazır, hansı müxbir nə yazır, mənə dəxli yoxdur. Bu yazının altında imza mənim deyil? Şəkil mənim deyil? Bunun cavabdehi mən deyiləm? Bir açıqlama olsun, kimin köşə yazarı ilə haqqı-hesabı var, getsin köşə yazarı ilə həll etsin, “Azadlıq” qəzetinin müəlliflərlə bağlı heç bir məsuliyyəti yoxdur. Mən məsuliyyəti götürürəm öz üzərimə. Sən reportajlarla, müxbir yazıları ilə məşğul ol, müəllifə toxunma. Mən kölə yazarı deyiləm axı, köşə yazarıyam. Sən mənim cümləmi istədiyin şəklə necə sala bilərsən?

- Bəlkə bu məsələləri Əli bəylə məsləhətləşmək olar?
- Ayıb olar. Mən necə gedib partiya sədrinə öz yazım barədə deyim?

- Onda ola bilər ki, siz yenidən qayıdasınız “Azadlıq”a?
- Mənim bundan sonra bir işim qalır, gedib daş karxanasında iş tapım, ona da fiziki gücüm yoxdur. Mənim bundan sonra yazacaq yerim yoxdur, gedib harada yaza bilərəm? Mən həm də İctimai Palatanın üzvüyəm. Mən şənbə günü orada baş verən biabırçılıqdan sadəcə olaraq utandım. Bir də ki ,biz bunları artıq danışmalıyıq. Mən İctimai Palatanın üzvü ola-ola utandım, xəcalət çəkdim. Sən ölkəyə demokratik, dünyəvi dəyərlər vəd edirsən, sənin sessiyanda Azərbaycanın qətlə yetirilmiş önəmli yazıçısının xatirəsinə bir dəqiqəlik sükut xahiş edilir, onu yad etmək lazımdır. Sənin bir əmmaməlin durub orda, buna izn vermir. Pardon, bu da sənin şeyxindir? Sənin öz mollan, onun öz mollası, sənin öz senzorun, onun öz senzoru? Dost acı söylər. Məncə, “Azadlıq” qəzetinin 20 il ərzində girmədiyi ev yoxdur. Uşaq yaşımdan qibtə ilə oxuduğum, oxucusu olduğum qəzetin yazarı olmaq mənim üçün çox şərəfli bir şeydir. Hakimiyyətin senzoru pisdir, müxalifətin senzoru yaxşıdır? Hakimiyyətin mollası pisdir, müxalifətin mollası yaxşıdır? İctimai Palatada baş verənlər də bura aiddir. Bayaq onu dedim ki, iki baş redaktor Koordinasiya Şurasının üzvüdür, hər ikisinin əməkdaşları senzuradan əziyyət çəkirlər. İctimai Palata durub söz azadlığını müdafiə edən bəyanat verəndə bu, qətiyyən səmimi görünmür. Başqa məqam da deyim. Biz Arif Hacılı tutulanda Müsavat Partiyasına üzv olduq. İki-üç gün sonra Səidə Qocamanlı da üzv oldu və sonra o, hüquq müdafiəçisinə yaraşmayan, bu anlayışdan bixəbər bir açıqlama verdi. Müəyyən adamların adları soruşuldu ki, onlar niyə yoxdur məhbus siyahısında? Dedi ki, biz elə məsələlər var idi ki, orada şəxsləri yox, dövlətçiliyi müdafiə etmişik. Bu ayıbdır. Hüquq müdafiəçiliyi vətəndaşı dövlətdən qorumaq üçündür. Hüquq müdafiəçiliyinin fəlsəfəsi bundan ibarətdir. Bir hüquq müdafiəçisi çıxıb deyirsə ki, mən vətəndaşı yox, dövləti qoruyuram, bu ayıb bir şeydir. Mən onunla bağlı bir yazı yazdım. Müsavatçılar aldı başını getdilər, sən Səidə Qocamanlının Müsavata üzv olmasını həzm edə bilmirsən, bu müsavatçı o biri müsavatçı haqqında belə şey deməz və s. kimi tənqidlər. Yəni, fədakar müxalifətçilər də elə məqamlarda elə davranırlar ki, bu, onların da doğru maariflənmədiyini göstərir.

- Belə deyək də, biz hakimiyyətdən yüksək dözüm, demokratiya tələb edirik, amma belə çıxır ki, buna birinci bizim öz içimizdə ehtiyac var.
- Mütləq. Mən həqiqi mənada deyirəm, məni bu hakimiyyətlə barışdıracaq heç nə ola bilməz. Mənim bu hakimiyyətə nifrətim patolojidir. Mənə bu hakimiyyəti müdafiə etmək üçün bir səbəb göstərin, sizə bu hakimiyyəti müdafiə etməmək üçün min səbəb göstərim. Mən Ziyalılar Forumu ilə bağlı bir yazı yazdım, başqa cür yanaşdım məsələyə. Yazdım ki, alimi işdən qovanda hay-həşir salana qədər, alimi iclasdan qovanda bu işin əncamına baxmaq lazımdır. Alimi iclasdan qovanda susan adamlar bu günü nəzərə almalı idilər. Mənə facebookda Ramiz Mehdiyevin köşə yazarı yazdılar. Nə əlaqəsi var Ramiz Mehdiyevlə? Dedilər ki, Ziyalılar Forumu bu hakimiyyətin Paşayev qanadıdır, onlara qarşı hücumları Mehdiyev edir, sən də Ziyalılar Forumunun əleyhinə yazmısan, olmusan Mehdiyevin yazarı. Məni gülmək tutdu. Yadıma düşdü ki, üç il əvvəl Kəmaləddin Heydərovun yazarı adlanmışdım.

- Dəhşətlidir...
- Əslində mən xalqı da qınamıram. Ümumiyyətlə insan plastilindir, ondan istənilə şeyi düzəltmək olar. Problem ondadır ki, Azərbaycan hakimiyyəti o plastilindən qorxaq, yaltaq, köləliyə, susmağa meylli, çəkingən, ürkək toplum düzəltdi. Son illərdə gördüyüm budur ki, özünü demokratik düşərgə adlandıran düşərgənin önəmli adamları da öz düşərgələrindəki insanlarını yetərincə doğru istiqamətləndirməyiblər. Demokratiya uğrunda mübarizə aparan insanlar bu gün sosial şəbəkələrdə öldürülən yazıçının arxasından o cür şeylər yaza bilirlər, yaxud partiya sədri haqqında bir cümlə yazanda küsürlər, partiya haqqında tənqid yazanda küsürlər. O dözümsüzlük müxalifət cəbhəsində olan önəmli adamların dözümsüzlüyü, aşağılara da sirayət edib, onlar da dözə bilmir. Mən Qənimət Zahidi istefaya çağırmaq məsələsi olanda “Azadlıq” qəzetində məni hakimiyyətin adamı elan etmişdilər. Amma mən çox sadə bir şey demişdim. Əgər biz bu ölkədə söz azadlığını prioritet elan etmişiksə bunu sən birinci öz evində etməlisən, əvvəl evin içi, sonra çölü.

- Hər yazıya görə nə qədər qonorar alırsan?
- 15 manat. Bir şey deyim, özləri də təsdiq edər. Mən “Azadlıq” qəzetinə gəldiyim gündən bizim qəzetlə bu cür 5-6 dəfə qarşıdurmamız olub, lakin bunların heç birinin arxasında maddiyyət durmayıb. Mən heç vaxt qonorar söhbəti etməmişəm, mən nə istədiyimi buradan deyirəm. “Azadlıq” qəzeti bu gün olduğu yerdə deyil. Amerikada bir nəfərin “nə əcəb sizin ölkədə “Azadlıq” kimi qəzet çıxır” deməsiylə arxayınlaşmaq lazım deyil. “Azadlıq” qəzetinin Azərbaycan cəmiyyəti önəmli bir missiyası olmalıdır. Yalnız, burada İlham Əliyevin adını çəkmək mümkündürsə, deməli bu missiya var, prinspi ilə yanaşmaq olmaz. “Azadlıq” qəzeti bəlkə də dünyada yeganə qəzetdir ki, mədəniyyət səhifəsi yoxdur. Sən cəmiyyətə mədəniyyətsiz dəyişim təklif edirsən? Mən bir ildir “Azadlıq” qəzetində Mədəniyyət səhifəsi yarada bilmirəm. Bu fikri Rahim Hüseynov, Seymur Həzi, Elmin Həsənli də dəstəkləyirdi. Ölkəyə dəyişiklik tələb edən təbəənin avanqard qəzetisən, ölkəyə kültürsüz dəyişiklik təklif edirsən? Bu qəzetin mədəniyyətə aid yazısı ancaq KİV-ə dəstək fondu çərçivəsində yazılan “tarı necə çalmalı”, “kamançanı necə kökləməli”, “xalçanı necə toxumalı” stilində yazılardır. Ümumiyyətlə, Azərbaycan mətbuatında vicdan hissini, müəyyən dəyərləri saxlamış qəzetlərin oturub düşünməsi lazımdır, həqiqi mənada. Sən jurnalistinə 300, 500 hətta, min də verə bilərsən, problem onda deyil. Biz müdafiə etdiyimiz dəyərləri cəmiyyətə çatdırmağı bacarmalıyıq. Biz başqa ölkədə deyilik ki, deyək ki, burada jurnalistikanın bəşəri qaydaları var. Azərbaycanda jurnalist vətəndaş olmağa, vətəndaş mövqeyi göstərməyə məcburdur. Azərbaycanda jurnalist siyasətçi olmağa da məcburdur, hüquq müdafiəçisi olmağa da. Çünki, cəmiyyətin qəzetlərdən başqa gözlənti yeri yoxdur. Pənah Hüseyn təklif edib ki, Aşura günü qeyri-iş günü olsun. Aylar əvvəl Pənah Hüseyn “Xural” qəzetinin redaksiyasındakı müzakirədə Seymur Baycanı döymək istəmişdi. Bu, mənim demokratik düşərgəm, liderim və bu adam sabah hakimiyyətə gələcək. Adi söhbətə dözə bilmir bu, Seymurun üstünə yerimişdi. Belə bir şey ola bilərmi? Seymur bir dəfə bir status yazıb, sonra məlum oldu ki, heç o deyilmiş yazan, onun səhifəsi oğurlanıbmış. Fuad Qəhrəmanlının Seymur Baycan haqqında bir statusuna rast gəldim. Bir partiya funksionerinin bir jurnalist haqqında o cür ifadə yaza biləcəyini anlaya bilmədim. Hətta Seymur o statusu özü yazmış olsaydı belə. Bir dədə Türkiyədə baş nazir bir jurnalisti hədələmişdi, düşdülər üstün. O, da demişdi ki, jurnalist mənə ağzına gələni deyir, ixtiyarım yoxdurmu ona bir söz deməyə? İxtiyarı yoxdur, çünki, jurnalistin borcu ələştirməkdir. Sən siyasətçisən, sənin tərəfdarların var. Niyə İlham Əliyevin bir jurnalist haqqında hədə ilə danışmağa haqqı yoxdur? Onun əlində güclər var. Sən, partiya funksionerisən, sən şairi öz partiya üzvlərinə hədəf göstərə bilməzsən. Əli Əkbər məsələsində mənə ən çox toxunan o oldu ki, mənə dedilər ki, sən onun haqqında necə yaza bilərsən, o bizim düşmənimizdir. Bəlkə də sabah mənə qan lazım olsa, Əli Əkbər heç qanını da verməz, mənə o maraqlı deyil, sadəcə olaraq bir yazıçı haqqında bu cür düşünmək qəribədir.

- Hiss edirəm ki, sən bu ab-hava ilə, bu psixologiya ilə ya xaricə, ya da dəlixanaya gedəcəksiniz.
- Açığı deyim, bir həftədir mən çox yoruldum. Bir az təəssüflənirsən, bir az şoka düşürsən. Mən “Azadlıq”ın düşməni haqqında necə yazmısan sözünü eşidəndə şoka düşdüm. Xaricə getmək olmayacaq yəqin ki, ya qəbirstanlığa gedəcəm, ya da dəlixanaya. əsəblərin dözməyi çox çətin məsələdir. kimə, hakimiyyətə, Səyavuş Novruzova, Pənah Hüseynə nəyi başa salasan? Mən öz qəzetimdə senzorla əlləşim yoxsa bunlarla dava aparım? Çətin məsələdir.

- Bu gün (dünən) “Azadlıq”da görüşünüz olacaq, sonra zəng edib deməyəcəksiniz ki, müsahibə getməsin?
- Yox, qətiyyən. Elə olsaydı deyərdim ki, müsahibəni ertələyək, danışaq görək nə olur. Bu mənim xarakterimə uyğun deyil. Mən uşaqlara da dedim, istədim danışaq İctimai Palatanın rəhbərliyi ilə. Birinci Rafiq Tağının ruhundan, sonra da Azərbaycan xalqından üzr istəsinlər. O gün baş verənlər İctimai Palatanın alnında qara ləkədir. Jurnalist, yazıçı öldürülüb sən buna necə ehtiram göstərməyə bilərsən? Bir şeyi başa düşmürəm, demirsən din dövlətdən ayrıdır? Allahşükür Paşazadə İlham Əliyevə səs verməyə çağıranda burada siz şalvarınızı başınıza geyinirdiniz ki, din dövlətdən ayrıdır. Onda adama deyərlər ki, İctimai Palatanın rəhbərliyində Hacı İlqar İbrahimoğlu hansı məntiqlə oturdulub? Bir gün meyxanaçı, o biri gün də müğənni gətirib oturdun. Mənim demək istədiyim bunlar idi. Biz dəyişikliyə özümüzdən başlamalı və sonra başqalarından tələb etməliyik.

Elbrus Ərud