“Siz gərgin günlər yaşayarkən, biz rahat otura bilmərik” - Xarici vətəndaşlar Prezidentə yazırlar

siz-gergin-gunler-yasayarken-biz-rahat-otura-bilmerik
Oxunma sayı: 1918

Son günlər cəbhədən gələn xoş xəbərlər vətəndaşlarda nikbin təəssürat formalaşdırıb. Azərbaycan vətəndaşları ilə yanaşı, Türkiyə, Niderland kimi ölkələrdən dövlət başçısı İlham Əliyeva məktub ünvanlayırlar.

“Qafqazinfo” həmin məktublardan bir neçəsini təqdim edir:

Tofiq Şagmarovdan, Masallı, Azərbaycan

Cənab Ali Baş Komandan.

Biz - Masallı rayon polis şöbəsi üzrə bütün polis veteranları sıravi əsgər kimi Sizin ətrafınızda olmaqla müharibəyə cəlb olunmağımıza dair Sizin əmrinizi səbirsizliklə gözləyirik. Vətən eşqi bizim üçün çox ülvi və müqəddəsdir. Daim Sizinləyik.

Səbinə Əliyevadan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Əliyeva Səbinə I qrup gözdən əliləm. Ailəliyəm, 3 körpə övladım var. Gözlərimin görməsi üçün valideynlərimin Mehriban xanım Əliyevaya müraciəti əsasında dəfələrlə əməliyyat olundum.

Görmə qabiliyyətim qismən bərpa olunduğuna görə çox sevinirəm. Çox sağ olun ki, Siz və Mehriban xanım hər bir azərbaycanlıdan, o cümlədən məndən bu qayğını, bu sevgini əsirgəmirsiniz.

Qarabağımız uğrunda gedən döyüşlərdən, ilkin qələbəmizdən mən də fərəhlənirəm. Rəşadətli ordumuzun gücünə və qüdrətinə inanıb gur səslə deyirəm: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Çinarə Səfərovadan, Gəncə, Azərbaycan

Cənab Ali Baş Komandan.

Vətənin müdafiəsi uğrunda işğalçı ermənilərə zərbə endirilməsi üçün verdiyiniz cəsur qərarla əlaqədar Sizə minnətdarlığımı bildirirəm. Əlbəttə, qətiyyətli və uzaqgörən siyasətinizin nəticəsidir ki, cəbhədən işğal altında olan torpaqlarımızın azad edilməsi xəbərini alırıq. Bu xəbər hər bir azərbaycanlı kimi, məni də sevindirir. Vətən uğrunda şəhid olan vətəndaşlarımızın, həmçinin doğma əmilərimin qisasını igid, cəsur ordumuzun qüvvələri layiqli şəkildə alırlar. Azərbaycan bu gün Sizin komandalığınızla yumruq kimi birləşərək, ərazi bütövlüyünün bərpa edilməsi üçün hər an cəbhəyə getməyə hazırdır. Ulu Tanrı Sizi, ailənizi və ordumuzu qorusun. Yaşasın müstəqil Azərbaycan.

Gülbəniz Əliyevadan, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident.

Hazırda ölkəmizdə baş verən vəziyyəti nəzərə alıb sadə vətəndaş kimi Sizə bu məktubu yazmağı özümə borc bildim. Sizin ölkəmizdə apardığınız siyasəti bəyənir və təsdiqləyirik. Sizin səyiniz nəticəsində biz sərhəd zonasında tam rahat hər zamankı həyat tərzimizə davam edirik. Biz hər zaman inanmışıq və inanırıq ki, Sizin komandanlığınızla hər zaman yalnız irəli gedəcəyik. Xalqımız daim Sizin arxanızdadır. Qələbə bizimlədir!

Cabir Məmmədovdan, Ağdam, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Torpaqlarımızın azadlığı uğrunda Sizin komandanlığınız altında atılan addımları alqışlayır, Sizə bu haqq işimizdə mübarizəyə görə təşəkkürümü bildirirəm. İnşallah, ən qısa zamanda Qələbə xəbərini alacağımızdan əminəm. Mən də bir vətəndaş olaraq hər an döyüşə atılmağa, üzərimə düşən hər bir vəzifəni şərəflə yerinə yetirməyə hazıram.

Allah millətimizi, dövlətimizi, Ordumuzu və bu haqq savaşında bizə dəstək olan dost və qardaşlarımızı qorusun. Ən qısa zamanda qələbə çalacağımızdan, üçrəngli bayrağımızın işğal altındakı bütün torpaqlarımızda dalğalanacağından, tarixi Azərbaycan ərazilərinin düşməndən azad ediləcəyindən əminəm. Allah bu haqq savaşında yar və yardımçınız olsun. Dərin minnətdarlıq hissi ilə...

Çinarə Səfərovadan, Gəncə, Azərbaycan

Cənab Ali Baş Komandan.

Vətənin müdafiəsi uğrunda işğalçı ermənilərə zərbə endirilməsi üçün verdiyiniz cəsur qərarla əlaqədar Sizə minnətdarlığımı bildirirəm. Əlbəttə, qətiyyətli və uzaqgörən siyasətinizin nəticəsidir ki, cəbhədən işğal altında olan torpaqlarımızın azad edilməsi xəbərini alırıq. Bu xəbər hər bir azərbaycanlı kimi, məni də sevindirir. Vətən uğrunda şəhid olan vətəndaşlarımızın, həmçinin doğma əmilərimin qisasını igid, cəsur ordumuzun qüvvələri layiqli şəkildə alırlar. Azərbaycan bu gün Sizin komandalığınızla yumruq kimi birləşərək, ərazi bütövlüyünün bərpa edilməsi üçün hər an cəbhəyə getməyə hazırdır. Ulu Tanrı Sizi, ailənizi və ordumuzu qorusun. Yaşasın müstəqil Azərbaycan.

Kəmalə Səfərovadan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mənfur erməni qəsbkarlarının atəşkəsi kobud şəkildə pozması, mülki əhalini hədəfə alması bizi hiddətləndirsə də, əks-hücumla onlara layiqli cavablarının verilməsi bizdə hədsiz sevinc hissi doğurur. Bu gün Azərbaycanın qüdrətli ordusu və onun başında duran qətiyyətli, uzaqgörən Ali Baş Komandanı var. Biz bu qətiyyətin və uzaqgörənliyin bir daha şahidi oluruq. Yaxın günlərdə qələbə xəbərini almağa heç bir şübhəmiz yoxdur. Bunun üçün Sizə təşəkkür edirəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Orxan Əliyevdən, Goranboy, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Hazırda ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızda döyüşlər gedir. Cəbhədə qazandığımız nailiyyətlər biz Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid ailələrini qürurlandırır. Biz əminik ki, ordumuz tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəkdir. Allah Siz başda olmaqla xalqımızı və ordumuzu qorusun. Biz Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi hər zaman Sizin yanınızdayıq, bütün qərarlarınızı dəstəkləyirik.

Akkaş Erdaldan, Çanakkale, Türkiyə

Hörmətli cənab Prezident.

Mən Türkiyə Silahlı Qüvvələrində xidmət etmişəm. Hazırda təqaüddəyəm. Son günlər ermənilərin təxribatı üzündən başlanan şiddətli döyüşlər məni narahat edir. Vətənimizin müdafiəsində iştirak etmək üçün Azərbaycan Ordusunda olmaq istəyirəm. Mənə veriləcək tapşırığı canla-başla yerinə yetirmək, erməni faşistlərinə türkün gücünü bir daha göstərmək arzusundayam.
İnanıram ki, bu mübarizədə Siz qalib gələcəksiniz. Çünki, Sizin yolunuz haqq yoludur.

Yetim Mustafadan, Bilecik, Türkiyə

Çox hörmətli cənab Prezident.

Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması məni çox üzür və qanıma toxunur. Azərbaycan Ordusuna əsgər lazım olsa, mən hazıram. Ordunuza qoşulub yağı düşmənə qarşı vuruşmaq mənim üçün böyük şərəf olardı. Şəhidlərimizin qisasını almaq hissi ilə alışıb-yanıram.

Cənab Prezident, Allah yar və yardımçınız olsun. Qardaş Azərbaycanın xoş günündə də, dar günündə də yanındayıq.

Gamze Tıraşdan, Osmaniye, Türkiyə

Hörmətli cənab Prezidentim.

Mən Türkiyə Respublikasının 26 yaşlı vətəndaşı və 1 oğul anasıyam. Azərbaycanı öz Vətənim, azərbaycanlıları millətim kimi sevirəm. Bu iki millət üçün qardaş kəlməsi əbədidir. Türkiyə və Azərbaycan eyni çinarın kökləridir.

Ölkənizdə elan olunan səfərbərlik, torpaqlarınızın azad olunması və digər hadisələri böyük həyəcanla izləyirəm, Qələbə gününün uzaqda olmadığına əminəm.

Mən də bu yolda canımla, qanımla Sizə, can Azərbaycana xidmət etməyə hazıram.

Bir daha deyirəm, Vətənim Türkiyədir, Vətənim Azərbaycandır. Türk qanının dəydiyi yer Vətəndir.

Musa Ertürkdən, Kocaeli, Türkiyə

Hörmətli cənab Prezident.

Siz həm də mənim Prezidentimsiniz. Ölkələrimizin adı, bayraqlarımızın rəngi fərqli ola bilər, amma qanımız eynidir. Qarabağ bizim də ürəyimizdə sağalmayan yaradır. Amma Sizin sayənizdə bu yara sağalacaq.

Ona görə də Qarabağ uğrunda mübarizədə qanımla, canımla iştirak etməyə, bu yolda öndə olacağıma namusuma və bayrağıma and içirəm. Siz yalnız deyilsiniz. Əlinizi ürəyinizin üstünə qoysanız, bizi orada görəcəksiniz. Allahın amanında olasınız.

Zeynel Akcandan, Zonquldak, Türkiyə

Hörmətli cənab Prezident.

Canımız və qanımızla bağlı olduğumuz Azərbaycan torpaqlarının işğalına qarşı mübarizədə hər zaman yanınızdayıq. Türkiyənin Sizlərlə birlikdə olduğunu bildiririk. Siz güləndə gülür, ağlayanda ağlayırıq. Sizin torpaqlarınız bizim, bizim torpaqlarımız Sizin Vətəninizdir. Ona görə də Sizin torpaqlara edilən təcavüz bütün türklərə edilmiş sayılır.

Möhtərəm Prezident, əziz qardaşlarımız. Siz gərgin günlər yaşayarkən, biz burada rahat otura bilmərik. Bir daha yanınızda olduğumuzu, əmrinizə hazır olduğumuzu bildiririk.

Uğur Aslandan, Tilburg, Niderland

Möhtərəm cənab Prezident.

Mən Niderlandda yaşayan türklərin adından Sizi sevgi və hörmətlə salamlayıram. Zalıma, zülmə qarşı mübarizənizdə yanınızda olmaqdan qürurlanaram. Türk Sülahlı Qüvvətlərinin sırasında Vətənim üçün necə xidmət etmişdimsə, Azərbaycanın gələcəyi naminə də elecə xidmət etməyə hazıram.

Allah Türkü qorusun, daim uca etsin! Ürək sözlərimi ən sevdiyim misralarla bitirmək istəyirəm:

Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.