Somalinin paytaxtı Moqadişuda silahlı hücum nəticəsində yaralanan azərbaycanlı uşaqların müalicəsi Türkiyədə davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ans press-ə onların qohumu Şahin Yaqubov məlumat verib.
“Kəmalə İsmayılovanın kiçik oğlu Nicat tam sağalıb. Amma güllə böyük oğlunun Nihat kürəyindən dəydiyi üçün onun sağalma prosesi uzun çəkir. Həkimlər əvvəl onu əməliyyat etmək istəyirdilər. Daha sonra vəziyyəti yaxşılaşdığı üçün əməliyyat edilmədi. Hər iki uşağın səhhəti yaxşıdır. Uşaqları atalarının işlədiyi şirkət öz hesabına müalicə etdirir”,- deyə onların qohumu bildirib.
Şahin Yaqubov bildirib ki, hazırda Nihad və Nicat ataları ilə birlikdə Türkiyədədir:
“Hücum zamanı həyatını itirən Kəmalə İsmayılovanın həyat yoldaşı Əflatun İsmayılov onun dəfnindən bir həftə sonra Azərbaycandan Somaliyə getdi. “O, uşaqları Moqadişudan İstanbula apardı. Bundan sonra Əflatun Somalidə deyil, Türkiyədə işləyəcək. Şirkət ona işləməsi üçün şərait yaradıb”.
Xatırladaq ki, Somalidəki silahlı hücumda həyatını itirən 34 yaşlı Azərbaycan vətəndaşı Kəmalə İsmayılova Mingəçevirdə müəllimlər institutunu bitirib. Həyat yoldaşı Əflatun İsmayılov isə Türkiyədə təhsil alıb.
Martın 30-da Somalinin paytaxtı Moqadişo şəhərində Türkiyə səfirliyinin yaxınlığında məktəb mikroavtobusu atəşə tutulub. Kiçik tutumlu avtobusun gülləbaran edilməsi nəticəsində altı nəfər həlak olub.