“Son 30 ildə Azərbaycanın su ehtiyatları 10-15 faiz azalıb”

“Son 30 ildə Azərbaycanın su ehtiyatları 10-15 faiz azalıb”
Oxunma sayı: 1199

“Planetimizdə orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su ehtiyatlarının azalması və buzlaqların əriməsi müşahidə olunur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib. R. Verdiyev bildirib ki, iqlim dəyişmələrinə məcburi uyğunlaşma vasitələri adi hala çevrilməkdədir:

“Son 30 ildə temperaturun artımı 1°C-dən də yüksəkdir ki, bunun nəticəsi olaraq Azərbaycanın su ehtiyatları 10-15 faiz azalıb. Gələcəkdə orta temperaturun 2°C və daha çox artması senarilərinə uyğun olaraq su resurslarının paylanmasında fundamental dəyişikliklərə uyğunlaşmaq üçün müxtəlif tədbirlər planlaşdırılır ki, onların icrası nəticəsində gələcəkdə mümkün su defisitlərinin qarşısını kifayət qədər almaq olar”.

Xidmət rəsmisi qeyd edib ki, mümkün olan uyğunlaşma tədbirlərinə hazırda 40 faizə yaxın olan su itkilərinin azalması üçün fəaliyyətdə olan su təsərrüfatı obyektlərinin yenidən qurulması, yağış suyundan və təmizlənmiş dəniz suyundan istifadə və s. kimi əlavə su mənbələrinin cəlb edilməsi, yeraltı sulardan və sudan təkrar istifadə də daxil olmaqla dövriyyəvi sudan istifadə edilməsi, suya qənaətlə yanaşma, müasir suvarma texnologiyalarının və metodlarının tətbiqi daxildir.