“Söz vermişdik ki, Qarabağda qazanılan qələbəni yarışda davam etdirəcəyik” - Firdovsi Umudov

soz-vermisdik-ki-qarabagda-qazanilan-qelebeni-yarisda-davam-etdireceyik
Oxunma sayı: 3606

Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov hərbçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə bağlı danışıb.

“Qafqazinfo” xəbər verir ki, “Real TV”nin qonağı olan “Şöhrət” ordenli mütəxəssis komandamızın uğurlu çıxışından söz açıb.

Güləş üzrə milli komandaların missiya rəhbəri F. Umudov yarışın təşkili barədə fikirlərini bildirib:

“Hərbçilərin 36-cı dünya çempionatında idmançılarımız möhtəşəm uğur qazandı. İdmanımıza, idmançılarımıza dövlət qayğısı hamımıza məlumdur. Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən daim bizə dəstək göstərilir. Dövlət qayğısının sayəsində biz də məsuliyyəti dərk edirdik. Gənclər və İdman Nazirliyinə təşkilatçılığa görə təşəkkür edirəm. Onlar daim yanımızda oldular, dəstək göstərdilər. Müzəffər ölkənin, müzəffər xalqın nümayəndəsi kimi hazırlaşırdıq. Yarışdan öncə də söz vermişdik ki, Qarabağımızda qazanılan qələbəni yarış meydanlarında, dünya çempionatında davam etdirəcəyik. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin şəxsən nəzarətində idi ki, biz bu yarışda uğurlu çıxış edək”.

Dövlət Sərhəd Xidmətinin polkovniki idmançılarımızın çıxışın dəyərləndirib: “Komandanı formalaşadıranda bəzi çəkilərdə 2-3 idmançı var idi. “Sərhədçi” İdman Mərkəzində keçirilən toplanışda onların arasında yoxlama görüşü keçirdik. Kim güclü oldusa, heyətdə yerini aldı. Növbəti il Bakıda lisenziya turniri var. Hərbçilərin dünya çempionatı Olimpiadaya lisenziya qazanmağa çalışan idmançılarımız üçün yaxşı sınaq idi. Turan Bayramovun finalda güclü rəqibi məğlub etməsi, Hacı Əliyevin iranlı rəqibinə qalib gəlməsi onlar üçün yaxşı motivasiya idi”.

F. Umudov həmçinin DÇ-də ölkəmizin birliyinə hər kəsin şahid olduğunu bildirib: “Müzəffər olduğumuz zaman, yarış keçirilərkən hər kəs gördü ki, biz necə birik. Zabitlərimiz, əsgərlərimiz, zalda olan azarkeşlərin birliyini xarici komandaların hamısı gördü. İlk gündə 4 dəfə himnimizin səslənməsi də növbəti günlərdə digər idmançılara motivasiya verdi. Bütün bunlar bizim gücümüzdən irəli gəlir. Biz qazandığımız qələbələri şəhidlərimizə həsr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Verilişin tam versiyasını videodan izləyə bilərsiniz: