Suraxanıda Beynəlxalq Qadınlar Günü qeyd olundu - Fotolar

suraxanida-beynelxalq-qadinlar-gunu-qeyd-olundu
Oxunma sayı: 1363

Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “8 Mart - Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar, YAP Suraxanı Rayon Təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid anaları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, ziyalılar iştirak ediblər.

Əziz Əzizov şəhid anaları başda olmaqla bütün xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O, Azərbaycan tarixində qadına verilən dəyər və hörmət ənənələrindən bəhs edərək, Azərbaycan qadınının mehriban ana, qayğıkeş həyat yoldaşı, dövlət idarəçiliyində müdrik rəhbər olduğunu vurğulayıb.

YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da bütün xanımları təbrik edərək, ən xoş arzularını çatdırıb. O, çıxışında qeyd edib ki, böyük mədəni irsə malik olan Azərbaycan qadını çətin, keşməkeşli inkişaf olu keçmişdir. Qadınlarımız bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişlər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Etibar Əliyev hələ ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olduğunu vurğulayıb.

Rayonun ictimai həyatında fəal iştirak edən qadınların bir qrupu Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən təltif olunub, eləcə də tədbirdə iştirak edən şəhid analarına və bütün xanımlara hədiyyələr, gül dəstələri təqdim edilib.