İngiltərənin paytaxtı Londonda sınaq mərhələsində olan sürücüsüz taksi gözlənilməz insidentə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, polis tərəfindən mühasirəyə alınmış cinayət yerinə daxil olan nəqliyyat vasitəsi potensial qəzanı son anda önləyib.
Hadisə şəhərin Harlesden bölgəsində baş verib. Sürücü və sərnişin olmayan avtomobil polis təhlükəsizlik xəttini keçərək, birbaşa hadisə yerinə daxil olub. Ərazidə olan polis əməkdaşları sürücü oturacağında heç kimin olmamasını görəndə qısa müddət çaşqınlıq yaşayıblar.
Sonra nəqliyyat vasitəsi geri çəkilərək, ərazidən uzaqlaşıb. Hadisə ətrafdakı kameralar tərəfindən qeydə alınıb.
ABŞ-də yerləşən və yaxın aylarda Londonda sürücüsüz taksi xidmətini istifadəyə verməyi planlaşdıran şirkət məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, avtomobildə sərnişin olmayıb və nəqliyyat vasitəsi uzaqdan qoşulmuş nəzarətçi tərəfindən əl rejimində idarə olunub. Şirkət həmin sürücünün işdən azad edildiyini də açıqlayıb.
Qeyd olunub ki, əgər avtomobil tam avtonom rejimdə olsaydı və təhlükəsizlik xəttini düzgün tanısaydı, sistem avtomatik olaraq dayanacaqdı. Şirkət baş verən nasazlığa görə üzr istəyərək, araşdırmaların davam etdiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər