Küçədə addımladıqca qulağıma piano səsləri gəlir. Bir anlıq dayanıb səslənən musiqinin hansı olduğunu müəyyənləşdirməyə çalışıram. Amma tanış gəlmir, nə Şopenin, nə də Emin Sabitoğlunun əsərlərindəndir. Kiminsə barmaqları klavişlərin üzərində necə gəldi gəzişir.
Səs gələn tərəfə gedib pianonun arxasında saçı suray bir azərbaycanlı balası görürəm. Bu qızcığazın musiqi alətinin dillərinə pərakəndə toxunuşu başqa yerdə musiqi baxımından heç nə ifadə etməsə də, sırf bu məkanda Zəfər nəğməsi kimi səslənir.
Anidən telefonuma bildiriş gəlir. Yazılır ki, Xankəndidə istilik 26 dərəcə...
Elə bildim, başıma hava gəlib. Və üzümdə qəribə bir təbəssüm yaranır. Xoşbəxtlikdən parkdakı o biri uşağın əlindən velosipedi alıb qaçmaq, sürmək istəyirəm.
Tikinti sahəsinin yanından keçirəm. Etiket qaydası olaraq lövhədə “Müvəqqəti narahatlığa görə üzr istəyirik!” yazılıb. Amma yazılmasa da olardı. Kim Xankəndidəki bərpa-quruculuqdan narahat olar ki?..
Bu məqamda dostumuz Səbuhi Qarayev möcüzəvi təkliflə çıxış edir:
- Şuşa indi daha sərin olar. Şuşaya qalxaq, axşam düşərik Xankəndiyə...
Bu cümlələri böyüklərimiz 30 il əvvəl tez-tez işlədirdi və onda adi yaşam tərzi idi. Amma indi adam özünü uzun illər sonra övladı ilə görüşən və nə deyəcəyini bilməyən biri kimi hiss edir...
Şuşaya qalxırıq, bir müddət əvvəl Xankəndiyə yuxarıdan aşağı baxdığımız, barmağımızı uzadıb “Ora da Xankəndidir!” dediyimiz yerə...
Cıdır düzündə inanılmaz sıxlıq var. Daşın üzərində iki stəkan çay və qayaya söykənmiş qoltuqağacı görürəm. Çaylar da, qoltuqağacı də Qarabağ müharibəsi iştirakçısına aiddir. Anı ölümsüzləşdirib, o əsa olmadan bu çaylar da olmazdı deyirəm. Cəfasını çəkənlər indi səfasını çəkir...
Bərdədən gələn bir xanım körpəsini uşaq arabasında Cıdır düzündə gəzdirir. Gözəl mənzərəni görüb xanıma yaxınlaşıram. Uşağın adını soruşuram.
- Adı nədir?
- Heydər.
Bu, Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran kişinin balaca adaşı idi.
Axşam Xankəndiyə qayıdıb orada gecələyirik. Səhər yeməyində mərkəzi küçədəki restoranların birindəyik.
Bir neçə il əvvəl buradan Azərbaycanı hədələyən qondarma rejimin nümayəndələrinin əyləşdiyi bina çox aydın görünür. İndi onlar Bakıda istintaq təcridxanasında çay içir, biz də Xankəndidə - o binanın yanında...
Emin Səfərov