7 yaşı var, bütün xəritəni əzbər bilir - Video

7-yasi-var-butun-xeriteni-ezber-bilir
Oxunma sayı: 568

Yeddi yaşlı Səid Fərzəli qeyri-adi yaddaşı və öyrənməyə olan marağı ilə diqqət çəkir.

“Qafqazinfo” xəbər verir ki, o, dünya ölkələrinin paytaxtlarını, bayraqlarını və dövlət dillərini sərbəst şəkildə sadalaya bilir.

Valideynlərinin sözlərinə görə, Səid iki yaş yarımına qədər demək olar ki, danışmayıb.

Ona psixi nitqin inkişafının ləngiməsi diaqnozu qoyulub və bu səbəbdən loqoped və psixoloqların nəzarətində olub. Lakin müəyyən müddətdən sonra danışmağa başlayan uşaq qısa zamanda fərqli bacarıqları ilə seçilməyə başlayıb. Səidin anası bildirir ki, uşağın öyrənməyə marağı xüsusilə dörd yaşından sonra artıb:

“Gördüm ki, uşaqda həvəs var. Yolboyu plakatları oxumaq istəyirdi. Sonra anladıq ki, coğrafiyaya xüsusi marağı var. Paytaxtları, bayraqları, dağları, dənizləri, çayları özü maraqlanaraq soruşurdu”.

Onun sözlərinə görə, Səid ensiklopediyalara böyük maraq göstərir:

“Bir dəfə dedi ki, ana, kitabxanada coğrafiya ensiklopediyası görmüşəm, mənə də gətirərsən? Bir neçə gün yadımdan çıxdı, hər dəfə xatırladanda məyus olurdu. Nəhayət, gətirdim və o gündən kitab əlindən düşmür”.

Babası isə qeyd edir ki, Səidin marağı mərhələli şəkildə inkişaf edib:

“Əvvəlcə ölkələrin ərazisini göstərirdik, sonra paytaxtlarını, daha sonra okeanları və materikləri. İndi isə ən kiçik ada dövlətlərindən tutmuş böyük ölkələrə qədər hamısını xəritədə sərbəst göstərir”.

Daha ətraflı “Baku TV”nin süjetində: