Azərbaycanın aparıcı iş adamlarından olan Tahir Gözel iyunun 4-də Keniyanın Nairobi şəhərinə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, o, səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərdə, o cümlədən Keniya Prezidenti William Ruto, Afrika Kontinental Azad Ticarət Zonası (AfCFTA) Təşkilatının Baş katibi Wamkele Mene ilə görüşlərdə iştirak edib.
Səfərin əsas məqamı iyunun 7-də Prezident William Ruto ilə keçirilən işgüzar görüş olub. Görüş zamanı tərəflər Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Tahir Gözel iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi perspektivlərini qeyd edərək, Azərbaycanın Keniyaya verə biləcəyi töhfələr barədə danışıb.
“ASAN Xidmət”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin yeni xidmətlərini Kenyaya təqdim etməyə və bu istiqamətdə genişləndirilmiş tərəfdaşlığa hazır olduğunu bildirib. Gözel həmçinin Kenyada fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin məhsullarının ixrac potensialının artırılması üçün investisiya layihələrinə, onlara dəstək göstərməyə maraqlı olduğunu vurğulayıb.
Prezident Ruto, Gözelə təşəkkür edərək Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinə böyük önəm verdiyini vurğulayıb, ölkəsinin bu istiqamətdə yeni əməkdaşlıqlara açıq olduğunu ifadə edib.