Tarixi ada satışa çıxarıldı - Fotolar

tarixi-ada-satisa-cixarildi
Oxunma sayı: 373

İtaliyanın Venesiya Laqununda yerləşən, Napoleon dövrünə aid tarixi qalanın yerləşdiyi Krevan adası satışa çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, Burano və Torçello adalarından qayıqla cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən ada standart futbol meydançasından bir qədər kiçik əraziyə malikdir.

Krevan adasındakı qala 1806-cı ildə Napoleonun hakimiyyəti dövründə Fransa ordusu tərəfindən Venesiya Laqununun şimal hissəsini Avstriya imperiyasından qorumaq məqsədilə strateji hərbi məntəqə kimi inşa edilib.

Ada 1815-ci ildə Avstriyanın nəzarətinə keçib, 1866-cı ildə isə Veneto bölgəsinin İtaliya Krallığına birləşdirilməsindən sonra İtaliyanın tərkibinə daxil olub.

Birinci Dünya müharibəsindən sonrakı dövrə qədər hərbi məqsədlərlə istifadə edilən ada daha sonra uzun müddət baxımsız qalıb. Sonrakı illərdə özəl mülkiyyətə keçən ərazidəki tarixi tikililər yaşayış üçün bərpa edilib.

Adanın ən diqqətçəkən tikilisi olan tarixi Napoleon qalası hazırkı sahibi tərəfindən dörd yataq otaqlı villaya çevrilib.

Ərazidə baxımlı qazonlar, meyvə-tərəvəz bağları və müxtəlif ağaclar yerləşir. Adanın daxili kanalında xüsusi körpü, həmçinin helikopter meydançası da var.

Krevan adası daşınmaz əmlak şirkətləri, o cümlədən, “Christie's International”ın törəmə şirkəti “Dimora Italian Real Estate” və “Lionard Luxury Real Estate” vasitəsilə satışa çıxarılıb.

Adanın satış qiyməti isə yalnız potensial alıcılara açıqlanır.

“Lionard Luxury Real Estate” şirkətinin təsisçisi və baş icraçı direktoru Dimitri Korti adanın Venesiyanın imkanlarından uzaqlaşmadan daha təcrid olunmuş həyat yaşamaq imkanı verdiyini bildirib.

Venesiya Laqununda son dövrlərdə başqa tarixi adalar da satışa çıxarılıb. Svarovski ailəsinin varisinə məxsus olan İzola Santa Kristina adası iyun ayında təxminən 24 milyon avro qiymətinə satışa qoyulub.

Bundan başqa, Venesiya Lidosu yaxınlığında yerləşən və XVI əsrdə Venesiya Respublikası tərəfindən müdafiə məqsədilə inşa edilən səkkizguşəli ada da hazırda satış bazarındadır.