Teatrda kuryoz hadisə - Əməkdar artist tamaşaçıya əsəbiləşdi

teatrda-kuryoz-hadise
Oxunma sayı: 7379

Azərbaycanda məşhur teatrda maraqlı hadisə baş verib.

Qafqazinfo” xəbər verir ki, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Maraqlı fiqur və ya siçan qadın” adlı tamaşada gözlənilməz anlar yaşanıb.

Belə ki, tamaşanın gedişi zaman baş rol ifaçısı, əməkdar artist Vidadi Həsənov gözlənilmədən səhnəyə enərək tamaşaçılardan birinə yaxınlaşıb, ondan telefonu söndürməsini tələb edib.

Qafqazinfo” olaraq biz də hadisənin təfərrüatı ilə maraqlanmağa çalışdıq.

Məlum olub ki, tamaşa başlayan zaman izləyicilərdən biri telefonla danışıb.

Aktyor V. Həsənov tamaşanı saxlayaraq “Kimdir o?”- deyib. Aktyorun reaksiyası isə zalda birmənalı qarşılanmayıb. Sözügedən tamaşada baş verənlər bununla bitməyib.

Əməkdar artist növbəti dəfə tamaşanı saxlayaraq səhnədən aşağı enib. Buna səbəb isə digər tamaşaçının telefonla oynaması olub. Aktyor həmin tamaşaçıya “Ayıb deyil? Telefonla oynama, ayıbdır” – deyərək irad tutub.

Hətta, onlar arasında kiçik mübahisə də yaranıb.

Qafqazinfo” mövzu ilə bağlı teatrşünas Məryəm Əlizadə ilə əlaqə saxlayıb.

Ekspert bildirib ki, teatrda bu cür halların baş verməsi normaldır:

“Dünyanın hər bir yerində belə reaksiyalarla rastlaşmaq olar. Əgər o anda situasiya bunu tələb edirsə, belə addım atmaq normal bir şeydir. Mənim yadımdadır, universitet tələbəsi idik. Tətildə tamaşaya getmişdik. İsmayıl Dağıstanlı səhnədə “Lenin” obrazını canlandırmışdı.

Zalda məktəblilər səs-küy yaradırdı. Aktyor məcburiyyətdən dayanıb zalı sakitləşdirdi. Daha sonra İsmayıl müəllim tamaşanı oynamağa başladı. Görünür ki, tamaşaçılar etika qaydalarını pozub. Burada heç bir xəta axtarmamalıyıq. Aktyorun yaradıcılıq prosesinə mane olmamalıyıq. Düzdü, aktyor da bir az səbirli olmalı idi”.

***

Aktyor ölkə.az-a açıqlamasında hadisə ilə bağlı danışıb:

"Adətən tamaşa başlayanda elan olunur ki, zəhmət olmasa, telefonlarınızı söndürün. Bu insan da telefonunu söndürmədi. Telefonu açıb, başlayıb danışmağa. Olur axı belə şeylər. Mənim də rolum eləydi ki, çox asanlıqla səhnədən düşə bilərdim. Mən də səhnədən astaca, mədəni şəkildə və əsəbiləşmədən düşdüm. Biz tamaşaçıya niyə əsəbləşməliyik ki? O hörmət edib bizim teatra gəlib.

Dedim ki, xanım, zəhmət olmasa telefonunuzu söndürün, ayıbdır (son sözü pıçıltıyla və gülərək deyir-red.). Orada əsəbiləşmək olmayıb. Ona əsəbiləşmək deyirlər? Boynuma qoymaq istəyirlər ki, əsəbiləşmisən. Adamdan Monstr düzəltmək istəyirlər".

Elvin Elxan