“TEKNOFEST Azərbaycan” çərçivəsində daha bir müsabiqəyə qeydiyyat başladı

teknofest-azerbaycan-cercivesinde-daha-bir-musabiqeye-qeydiyyat-basladi
Oxunma sayı: 1254

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində sosial innovasiya, “GovTech”, sağlamlıq və ilk yardım kateqoriyalarını əhatə edən “Sosial yönümlü texnologiyalar” müsabiqəsinə qeydiyyat başlayıb.

Rabitə və Rəqəmsal İnkişaf Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə,  “Sosial yönümlü texnologiyalar” müsabiqəsində iştirak etmək istəyən namizədlər sosial innovasiya, “GovTech”, sağlamlıq və ilk yardım kateqoriyaları üzrə öz innovativ həll yollarını təqdim edə bilərlər. Bu sahələrdə innovasiya və texnologiyaları orijinal və milli resurslarla həyata keçirmək əsas hədəfdir.

Müsabiqənin şərtlərinə əsasən, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələr B kateqoriyası üzrə, fərdi iştirakçılar və onlardan ibarət komandalar isə С kateqoriyasını təmsil edərək yarışmada iştirak edə bilərlər.

Mükafat fondu hər iki kateqoriya üzrə I yer 6000 AZN, II yer 4000 AZN, III yer isə 2000 AZN təşkil edir.

Müsabiqədə iştirak edəcək komandalar layihənin inkişafına məsləhətçi (mentor) cəlb etməlidir. Məsləhətçi qismində çıxış edəcək şəxsin təsdiqedici sənədi layihənin təsviri ilə birlikdə sistemə yüklənilməlidir. Həmçinin məsləhətçi komandanı finala qədər dəstəkləməyə məsul olmalıdır.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir.

Qeydiyyat üçün elektron keçid: https://teknofest.az/az/competitions/

Əlavə məlumat əldə etmək üçün: əlaqə nömrəsi: 050 251 40 28, imeyl: [email protected], veb-sayt: teknofest.az.