İran ABŞ Prezidenti Donald Trampın ölkəyə qarşı hərbi zərbələri dayandırmasından sonra ilk dəfə bölgədəki ABŞ hərbi bazasına ballistik raketlərlə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, İran çərşənbə axşamı İordaniyada yerləşən ABŞ hərbi bazasına çoxsaylı ballistik raket atıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hücumu “qəfil hücum cəhdi” kimi qiymətləndirib.
CENTCOM açıqlamasında İran tərəfindən atılan bütün raketlərin qarşısının alındığını bildirilib. ABŞ qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyi qeyd olunub.
Bu, Trampın cümə günü diplomatiyaya daha bir şans vermək məqsədilə İrana qarşı zərbələri dayandırmasından sonra ABŞ-nin bölgədəki bazasına qarşı həyata keçirilən ilk ballistik raket hücumudur.
Nəşr yazır ki, yeni hücum onsuz da kövrək olan atəşkəs və diplomatik prosesin pozulması riskini artırıb. Bu vəziyyət Tramp administrasiyasını İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq məsələsində qərar verməyə məcbur edə bilər.
Tramp bazar ertəsi “Axios”a açıqlamasında ABŞ-nin İranla “çox dərin danışıqlar” apardığını bildirib. Bununla belə, diplomatik səylərin nəticə verməyəcəyi təqdirdə İran ərazisinə qarşı “çox güclü hərbi əməliyyatlara” qayıda biləcəyi barədə xəbərdarlıq edib.
İranın son raket hücumu Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşməsindən bir neçə saat sonra baş verib.
Görüşdə əsas müzakirə mövzularından biri İranla bağlı diplomatik proses olub. Ağ Ev görüşü “müsbət və məhsuldar” kimi qiymətləndirib.
Son xəbərlər
Son Xəbərlər