ABŞ Prezidenti Donald Tramp Venesuelədə fəaliyyət göstərən və Latın Amerikasının bir sıra ölkələrinə yayılan “Tren de Araqua” cinayətkar qruplaşmasının lideri Hektor Rustenford Gerrero Floresin (ləqəbi Nino Gerrero) öldürüldüyünü açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, Tramp “Truth” sosial platformasındakı paylaşımında bildirib ki, əməliyyat ABŞ Cənub Komandanlığının həyata keçirdiyi “sürətli və ölümcül zərbə” nəticəsində baş tutub.
Onun sözlərinə görə, əməliyyat Venesuela hakimiyyəti ilə sıx koordinasiya şəraitində həyata keçirilib.
ABŞ Prezidenti əməliyyatın dəqiq harada keçirildiyini açıqlamayıb.
Tramp bildirib ki, bu əməliyyatdan sonra “Tren de Araqua” üzvlərinin artıq Venesuelada və ya başqa ölkələrdə təhlükəsiz sığınacağı qalmayıb.
ABŞ tərəfindən terror təşkilatı kimi tanınan “Tren de Araqua” narkotik qaçaqmalçılığı, insan alveri, çirkli pulların yuyulması, adam oğurluğu və digər ağır cinayətlərdə ittiham olunur. Qruplaşma Venesuelanın Tokoron həbsxanasında formalaşdıqdan sonra fəaliyyətini Kolumbiya, Peru, Çili və digər Latın Amerikası ölkələrinə qədər genişləndirib.
Məlumata görə, Nino Gerrero təşkilatın əsas lideri hesab olunurdu. O, daha əvvəl ABŞ məhkəməsində mütəşəkkil cinayətkarlıq və terrorçuluğa dəstək ittihamları ilə axtarışa verilmişdi. Onun tutulmasına görə 5 milyon dollar mükafat da təyin edilmişdi.
ABŞ müdafiə naziri Pit Heqset də əməliyyatın keçirildiyini və Gerreronun öldürüldüyünü təsdiqləyib.
Son xəbərlər
Son Xəbərlər