“Türkiyə-Azərbaycan qardaşlığı gələcəkdə daha böyük zirvələri fəth edəcək”

turkiye-azerbaycan-qardasligi-gelecekde-daha-boyuk-zirveleri-feth-edecek
Oxunma sayı: 910

“Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı möhkəm təmələ əsaslanır. Bu birlik, ümumilikdə Türk dünyasının birliyinə böyük töhfə və çağırışdır. Azərbaycan və Türkiyənin Türk dünyasının birliyinə töhfələrinin bariz nümunəsi dövlət başçısı İlham Əliyevin 2021-ci ildə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il Türk Dünyasının Ali Ordeninə layiq görülmələridir. Tarixi Zəfərimizdən sonra Türk Dövlətləri Təşkilatının dünya siyasətində rolunun daha da artması, həmçinin türkdilli dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafı dünyanın diqqətindədir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, aprelin 29-da dünya növbəti dəfə bu qardaşlığın şahidinə çevrildi:

“Belə ki,  Prezident İlham Əliyev cari ilin ötən dövründə qardaş ölkəyə sayca 3-cü səfərini reallaşdırdı  və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə  İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etdi, “TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməli qoyuldu. Bu, birliyimizin  sarsılmazlığının bir daha nümayişi oldu”.

Onun sözlərinə görə, dövlətlərarası münasibətlərin inkişafında Liderlərin rolu inkaredilməzdir: “Böyük Öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlətik” fikirləri Azərbaycan-Türkiyə qardaşlığının  möhkəm təməl üzərində inkişafının əsasına çevrilib”.

M. Həsənov bildirib ki, hər iki ölkə Prezidentlərinin həyata keçirdiyi siyasət, birgə atdıqları addımlar Türk dünyasını inkişafa doğru aparır. “Türkiyə-Azərbaycan qardaşlığı gələcəkdə daha böyük zirvələri fəth edəcək”, - o bildirib.