“Uşaqlarım hər gün çörək istəyir, heç nəyim yoxdur, qızlarımdan birini satıram” - Fotolar

usaqlarim-her-gun-corek-isteyir-hec-neyim-yoxdur-qizlarimdan-birini-satiram
Oxunma sayı: 1388

Əfqanıstan dərin humanitar böhranla üz-üzədir. İşsizlik, aclıq və beynəlxalq yardımların azalması minlərlə ailəni çıxılmaz vəziyyətə salıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, ölkənin ən ağır durumdakı bölgələrindən biri olan Qor vilayətində bəzi ailələr sağ qalmaq üçün uşaqlarını satmağa məcbur olduqlarını deyirlər.

Vilayətin mərkəzi olan Çağçaran şəhərində hər səhər yüzlərlə kişi iş ümidi ilə küçələrdə toplaşır. Günlük qazanc tapa bilməyən ailələr isə aclıqla mübarizə aparır.

45 yaşlı Cuma Xan son altı həftədə cəmi üç gün işləyə bildiyini deyir. Onun sözlərinə görə, ailəsi günlərlə ac qalır və bəzən qonşulardan borc almaq məcburiyyətində qalır.

BMT məlumatlarına əsasən, hazırda Əfqanıstanda hər dörd nəfərdən üçü əsas ehtiyaclarını qarşılaya bilmir. Ölkədə milyonlarla insan ciddi ərzaq çatışmazlığı ilə üzləşir.

Qor vilayətində yaşayan Əbdül Rəşid Əzimi vəziyyətin nə qədər ağır olduğunu gizlətmir. O, ailəsini dolandıra bilmədiyi üçün qızlarından birini satmağa hazır olduğunu deyir.

Əzimi bildirir ki, günlərlə iş tapa bilmir və evə əliboş qayıdır. Onun sözlərinə görə, uşaqları hər gün ondan çörək istəyir, amma verəcək heç nəyi yoxdur.

Əfqanıstanda bəzi ailələr qız uşaqlarını erkən yaşda nişanlandıraraq və ya “gəlinlik pulu” qarşılığında başqa ailələrə verərək, maddi problemlərini həll etməyə çalışır. Taliban hakimiyyətinin qadınların təhsil və iş imkanlarını məhdudlaşdırması isə vəziyyəti daha da ağırlaşdırıb.

Səid Əhməd adlı başqa bir ata isə xəstə qızının əməliyyat xərclərini qarşılamaq üçün onu qohumlarından birinə “satdığını” deyir.

Beş yaşlı qızının appendisit və qaraciyər problemi səbəbindən təcili əməliyyata ehtiyacı olduğunu bildirən ata başqa çıxış yolu görmədiyini söyləyib. Razılaşmaya əsasən, qız gələcəkdə həmin ailənin oğullarından biri ilə evləndiriləcək.

Son illərdə beynəlxalq humanitar yardımların azalması vəziyyəti daha da ağırlaşdırıb. Bir vaxtlar Əfqanıstana ən çox yardım edən ölkələrdən olan ABŞ və digər donor dövlətlərin maliyyə dəstəyini azaltması milyonlarla insanın ərzaq və tibbi yardımdan məhrum qalmasına səbəb olub.

“Taliban” hökuməti mövcud vəziyyətə görə əvvəlki hakimiyyəti və xarici müdaxilələri günahlandırır. Bununla yanaşı, beynəlxalq təşkilatlar “Taliban”ın qadın və qızlarla bağlı sərt siyasətinin donorların geri çəkilməsinə təsir etdiyini bildirir.

Qor vilayətindəki xəstəxanalarda da vəziyyət ağır olaraq qalır. Yenidoğulmuşlar şöbəsində çəki çatışmazlığı və nəfəs problemləri yaşayan körpələrin sayı sürətlə artır.

Tibb işçiləri bildirirlər ki, bəzi günlərdə bir neçə körpə həyatını itirir. Həkimlər əsas problemin qidalanma çatışmazlığı və dərman qıtlığı olduğunu deyirlər.

Ailələrin çoxu xəstəxana xərclərini ödəyə bilmədiyi üçün xəstə uşaqları vaxtından əvvəl evə aparmağa məcbur qalır. Bu isə onların sağ qalma şansını daha da azaldır.