Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı Bakı Nevrologiya Mərkəzinin rəhbəri, nevroloji xəstəliklər uzmanı Nailə Ələkbərovadır. Müsahibimiz son illər ən sıx rast gəlinən nevroloji xəstəliklər haqqında suallarımızı cavablandırıb.
“Qafqazinfo” müsahibəni təqdim edir:
Arayış
Peşəkar nevroloq Uzm. Dr. Nailə Ələkbərova 2005-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2010-2015-ci illərdə Türkiyə Respublikasının Ege Universitetində nevrologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. 2015-2016-cı illərdə ABŞ-da Minnesota Universitetinin Mincep Epilepsiya Mərkəzində iş təcrübəsi keçib.
Dr. Nailə Ələkbərova Ümumdünya İnsulta qarşı Mübarizə Təşkilatı, Amerika Nevrologiya Akademiyası, Ümumdünya Parkinson və Hərəkət Pozulmalarına qarşı Mübarizə Təşkilatının üzvüdür. Türkiyə, ABŞ, İsveç, İtaliya da daxil olmaqla dünyanın bir çox ölkəsində keçirilmiş beynəlxalq konfrans və təlimlərdə iştirak edib.
Uzm. Dr. Nailə Ələkbərova hazırda Bakı Nevrologiya Mərkəzində (Ünvan: Azadlıq prospekti, Mixail Kaverockin 54, (012) 440-06-03 , (051) 684-54-15) çalışır.
- Oxucuların diqqətinə çatdıraq ki, bu sizinlə ilk müsahibəmizdir. Odur ki, ümumi nevroloji xəstəliklər haqqında danışacağıq. Növbəti yazılarda isə hər nevroloji xəstəlik barədə ayrıca bir müsahibəmiz olacaq. Öncə özünüz haqqında oxucularımıza məlumat verərdiniz. Neçə ildir nevroloq kimi fəaliyyət göstərirsiniz?
- 15 ildir nevroloq kimi fəaliyyət göstərirəm.Uşaqlarda və böyüklərdə nevroloji xəstəliklərin müayinəsi və müalicəsi ilə məşğulam. Hazırda rəhbərlik etdiyim Bakı Nevrologiya Mərkəzində çalışıram. Bütün növ nevroloji xəstəlikləri beynəlxalq protokollar əsasında müalicə edirik. Kifayət qədər uğurlu nəticələrimiz var.
- Siz ABŞ-da da təhsil alıbsınız. Niyə məhz ABŞ?
- ABŞ-da təhsil almaq və iş təcrübəsi keçmək mənim həkim kimi əsas hədəflərimdən biri idi. Çünki bir tibb işçisinin yetişməsi üçün istər texnoloji cəhətdən, istərsə də təhsilin keyfiyyətinə görə ABŞ dünyada liderdir. Amerikada iş təcrübəsi mənim üçün yeni üfüqlər açdı. Praktiki olaraq onlarla işləməyimin və elmi tədqiqatlarda iştirak etməyimin nəticəsində kitablarda yazılmamış fərqli üsulları öyrəndim.
- Epilepsiya xəstəliyi üzrə Amerikada ixtisaslaşmağınız təcrübənizə nə kimi töhfə verdi?
- Nevroloji xəstəliklərin diaqnostika və müalicə üsullarını yeni platformada öyrəndim. Həmin üsulları indi öz vətənimdə xəstələrimizə tətbiq edərək tez və rahat şəkildə sağlıqlarına qovuşdururuq.
- Orada, yoxsa Azərbaycanda həkim işləmək çətindir?
- Belə bir müqayisəyə nisbətən fərdi yanaşmaq lazımdır. Sosial faktorlar, akademik karyera qurmaq istəyi kimi bir çox amillər nəzərə alınmalıdır. Onu qeyd edim ki, Azərbaycanda həkim işləməyin öz çətinlikləri var. Nevroloji xəstəliklər bir çox müayinə tələb edən problemlərdir. Pasiyentlərə müayinələrin zəruriliyini izah etmək, razı salmaq bir çox hallarda çətin olur. Çünki insanlar müayinəsiz, birbaşa resept yazmağımı istəyirlər. Bu isə mümkün deyil. Doğru diaqnoz və müalicə üçün müayinələr qaçılmazdır. Deyərdim ki, əsas çətinliyim budur.
- Son illər nevrologiyaya aid hansı tibbi yeniliklər var? Bu yenilikləri təqib edə, öz praktikanızda tətbiq edə bilirsinizmi?
- Əlbəttə! Son illər bir sıra nevroloji xəstəliklər, xüsusən də otoimmun əsaslı neyrodegenerativ xəstəliklərin müalicəsində xeyli yeniliklər var. Bu yenilikləri konqreslərə gedərək öyrənir və ölkəmizdə də tətbiq etməyə çalışırıq.
- Həm uşaqları, həm də böyükləri müalicə edirsiniz. Belə bir geniş yaş intervalında işləmək çətin deyil ki?
- Uşaqlarda və böyüklərdə istər müayinə, istərsə də müalicə protokollarında fərqliliklər var. Artıq illərdir bu iş tərzinə alışmışam. Peşəmi çox sevir və buna görə də hər hansı bir çətinlik hiss etmirəm (gülür).
- Hansı nevroloji xəstəlikləri müalicə edirsiniz?
- Baş, boyun və bel ağrıları, beyin-damar xəstəlikləri, boyun və bel disk yırtığı, insult, beyin şişləri, epilepsiya, parkinson və digər neyrodegenerativ xəstəliklər, yaddaş azalması, Alzheymer, sinir-əzələ xəstəlikləri, serebral iflic, yuxu pozulmaları da daxil olmaqla bütün növ nevroloji xəstəliklərin diaqnostika və müalicəsini beynəlxalq standartlara uyğun həyata keçiririk.
- Son illər daha çox hansı nevroloji xəstəliklər artıb?
- Multiskleroz, beyin şişləri, beyin-damar xəstəlikləri, yaddaş azalması ilə gedən Alzheymeri qeyd etmək olar.
- Pandemiya hansı nevroloji xəstəliklərin kəskinləşməsinə səbəb olub?
- Təəssüf ki, COVID-19 bir çox nevroloji xəstəliklərin də artmasına səbəb oldu. Xüsusən də insult halları çoxaldı. Həmçinin pasiyentlərimiz kontrol müayinələrinə gəlmədi, onları təqib edə bilmədik. Beləcə nevroloji xəstəliklərin ağırlaşmaları artdı. Sırf bu istiqamətdə bir çox elmi araşdırmalar aparılır. Bəzi tədqiqatların nəticələri açıqlanıb. Yekun rəylərə əsasən deyə bilərik ki, yaxın 2-3 il ərzində bəzi nevroloji xəstəliklər, o cümlədən də parkinson və parkinsonizmlə gedən neyrodegenerativ xəstəliklərdə artım müşahidə olunacaq.
- Çox ağır xəstələri də müalicə edirsiniz. Ölüm halları da olurmu?
- Sevindirici və qürurverici haldır ki, indiyə kimi reanimasiyadakı xəstələrimdə ölüm halı baş verməyib. Hamısı yaxşılaşaraq evə yazılırlar.
- Ən sıx rast gəlinən şikayətlərdən biri də baş ağrıları ilə bağlıdır. İllərlə hər gün ağrıkəsici dərman qəbul edən insanlar var.
- Baş ağrıları hər kəsdə yarana bilər. Lakin əgər bu ağrı insanın iş fəaliyyətinə, sosial və şəxsi həyatına mənfi təsir edir, həyat keyfiyyətini aşağı salırsa, həkimə müraciət etməsi tövsiyə olunur.
Həkim təyinatı olmadan, özbaşına qəbul edilən uzunmüddətli ağrıkəsicilər zərərlidir. Sırf bu ağrıkəsicilərin nəticəsində insanda əlavə bir baş ağrısı da yaranır. Buna ağrıkəsicilər səbəbindən yaranan xüsusi baş ağrısı növü də demək olar. Bu ağrının özünü müalicə etməli oluruq. Onu da qeyd edim ki, ağrıkəsicinin yaratdığı ağrı müalicəyə çətin tabe olur, sağaltmaq daha çox vaxt aparır.
- Ay ərzində ən çox nə qədər ağrıkəsici qəbul etmək olar?
-Maksimum təxminən 2-4 ədəd. Bundan daha çox qəbul etmək qətiyyən məsləhət deyil.
Bir məqamı da xüsusi qeyd edim. Bəzi xüsusi hallar var ki, bu kimi durumlarda həkimə vaxt itirmədən müraciət etmək lazımdır. Məsələn, daha öncə belə bir şiddətli baş ağrınız olmayıbsa, yaxud da ağrı ilə yanaşı olaraq bir tərəfinizdə keyimə hissi varsa, nitqiniz aydın deyil, sözləri rahat tələffüz edə bilmirsinizsə, bədən hərarətiniz artıbsa, təxirə salmadan nevroloqa getməyiniz tövsiyə edilir. Çünki bu kimi hallar təhlükəli xəstəliklərin siqnalı ola bilər.
Qeyd: Maraqlananlar Uzm. Dr. Nailə Ələkbərova ilə (051) 684-54-15 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin feysbuk və instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar.



