“Vəzifənin Anara, Elçinə təsiri mənim gözümün qabağında oldu”

vezifenin-anara-elcine-tesiri-menim-gozumun-qabaginda-oldu
Oxunma sayı: 665




Xalq yazıçısı Əkrəm Əylislinin “Qafqazinfo”ya müsahibəsi:


- Əkrəm bəy, Anarın sizə 15 il bundan öncə ünvanladığı təbrik məktubunu mətbuatda dərc etməsindən yəqin ki xəbəriniz var.

- Bu gün başqa redaksiyadan da bununla bağlı münasibətimi öyrəndilər. Mən hələ ki o məktubla tanış deyiləm, amma tapıb oxuyacam. Bilirsiniz bir az bu cəmiyyət, bir az da elə jurnalistlər, yazıçılar hadisələrin obyektiv qiymətini axtarmaq əvəzinə hadisələrin gedişatını şəxsi müstəviyə keçirirlər və şəxsi müstəvidə özləri üçün nəticələrə gəlirlər. İnanın ki, məndə heç vaxt Anarın şəxsiyyətinə, yaradıcılığına qarşı heç bir kin-küdurət və ya hər hansı bir qərəzli münasibət olmayıb. Mən sadəcə olaraq Yazıçılar Birliyini başqa cür görmək istəyirdim. Hətta, mənə elə gəlir ki, Anar bilir mən oranı necə olmasını istəyirdim. İndi elə alınmadı belə alındı eybi yox. O vaxtlar Yazıçılar İttifaqına Anar təzəcə gələndə Moskvada bir müsahibə vermişdim. Müsahibədə demişdim ki, Yazıçılar İttifaqı ya yazıçıları yaşatmalıdır. Məndə sonralar belə təəssürat yarandı ki, bunlar təşkilatı yaşatmaq istəyirlər. 500 adama yazıçı demək olmaz axı. 30-40-ilin içərisində iki normal yazıçımız yetişsəydi bu bizim üçün çox böyük xoşbəxtlik olardı. Əfsus ki, Yazıçılar İttifaqı mənim arzuladığım şəkildə alınmadı. Mənim ürəyimdə Anara bir zərrə belə acıq, qəzəb yoxdur və heç vaxt da olmayıb.

- Əkrəm bəy, Anar bu məktubda sizin Yazıçılar İttifaqına olan münasibətlə bağlı heç nə yazmayıb. O, dostuğunuzu, 20 il əvvəl olan xatirələrini bölüşüb.

- Mən də onu deyirəm ki, Anarın şəxsiyyətinə münasibətimdə heç bir qaranlıq məqam yoxdur. Mən dediklərimin hər birinin sahibiyəm və sözümdən qaçan adam deyiləm. Sadəcə olaraq bizim bu Yazıçılar İttifaqi ilə bağlı münasibətimizi şəxsi münasibətə çeviridilər və bir-birimizə qarşı düşmən obrazı yaratmağa çalışdılar. Bizdə günah olduğu qədər mətbuatda da oldu. Mən Azərbaycan jurnalında 5 ilə yaxın redaktor işləmişdim. Bilirdim ki, ədəbi mühitə təsir etmək, ədəbiyyatda ab-havanı dəyişdirmək mümkündür. Mənə elə gəldi ki, bunlar öz vəzifə işlərində bunu yerinə yetirmirlər. Mənim üçün vəzifə borcu ədəbiyyatda yeni mühit yaratmaq, o keçmiş tiplər var ki, onlar Yazıçılar İttifaqının ətrafında indi də dolanır və həmişə də dolanıblar. İndi, hətta, onlardan birinin ola bilər heykəlini də qoyublar, amma həmin adamları təkrar-təkrar yaşatmaq lazım deyil. Yeniləri müdafiə etmək və ədəbiyyata gətirmək lazımdır. Bizim münaqişəmiz də yalnız buna görə olub.

- “Bu şəhərdə mənim yeganə dostum bir sənsən, bir də bu ağacdır”. Məktubda Anar belə bir əhvalatı da qeyd edib. Anar sizi dəyişməkdə, həmin Əkrəm olmamaqda qınayır.

- Bəli, belə bir söhbət olub. Bu hadisənin necə olduğunu indi dəqiq yadıma sala bilmirəm, amma bu həqiqətdir. Anar elə fikirləşə bilər. Mən də elə hesab edirəm ki, o əvvəlki deyil. Anara deyəndə ki, sən əvvəlki deyilsən yəqin ona toxunub o da mənə deyir. Mən əvvəla necə əvvəlki ola bilərdim? Dəyişmədən insan yaşaya bilməz ki. Biz təxminən 20 bundan əvvəldən bir-birimizdən ayrılmışıq. Bu 20 il ərzində kabinetdə oturan adamla, həyatın içərisində vurnuxan bir insanı təsəvvür edin. Bunlar eyni insanlar ola bilməz axı... Mən Anara indi söylədiyim kəskin sözləri əvvəllərdən həmişə demişəm. Anara da, Elçinə də həmişə ədəbiyyat barəsində sərt fikirlər bildirmişəm, əsərlərinin nöqsanlarını da demişəm. Eyni zamanda ədəbi mövqelərindəki bəyənmədiyim nüansları da həmişə söyləmişəm. Amma mənə bir az o pis gəldi ki, bunlar vəzifə sahibi olandan sonra elə bildilər ki, mən bunlara münasibətimi dəyişməliyəm. Mən nəyə görə münasibətimi dəyişməliyəm? Ona görə ki, bunların vəzifəsi var? Bax bunu mən başa düşə bilmədim. Yəni əslində onlar dəyişdi, mən dəyişmədim. Mənim yaxın dostum Fikrət Qoca illərlə bir yerdə olduğum insan katibəsi vasitəsilə mənimlə danışmaq istəyirdi. Katibəsi zəng etdi dedi ki, Fikrət bəylə danışın dedim mən bu şəraitdə Fikrətlə danışan deyiləm. Yəni mənə zəng edirsənsə buyur, özün zəng et danışaq. Uzun illərin dostu olasan, vəzifəyə gələn kimi səninlə katibə ilə danışırsa, mən bu idarəyə necə hörmət edə bilərəm? Yəni o vəzifənin bunlara təsiri mənim gözümün qabağında oldu. Mən heç cür deyə bilmərəm ki, bunları vəzifə dəyişmədi. Amma mən öz əqidəmdə qalmışam. Və bunlar niyə təkid edirlər ki, o əvvəlki Əkrəm deyil. Niyə bunlar məhz vəzifəyə keçəndən sonra sözünü həmişə kəskin deyən Əkrəmə təəccüb etməlidir? O vaxt bəs niyə təəccüb etmirdilər. Deməli, o zaman da təəccüb ediblər, amma deməyiblər. İndi vəzifədə olanda özlərini güclü hesab edirlər. Mən dəyişməmişəm.

- Anarın 15 iləvvəl yazdığı məktubu sizə 75 illik yubileyinizdə təkrar ünvanladı. Bunun əksinə yeni təbrik məktubu yazmağını istəyərdiniz?

- Mən Anarı təbrik etsəydim həmin söhbətlər mənim heç yadıma da düşməzdi. 15 il bundan əvvəl mənim 60 yaşım olanda da mən Anarla, Fikrət Qoca bir yerdə deyildim. Yazıçılar İttifaqından xeyli kənarda idim. Mən yazası olsaydım, onları tamam yadımdan çıxarıb ürəyimdən nə söz gəlir onu yazardım. Daha keçmişdə nə olub, bunları yazmazdım. Dünyada çox şeylər olur.

- Anar, Elçin və Əkrəm Əylisli bu üç yazıçının adı həmişə bir səslənib. Sizcə, bu nə dərəcədə ədalətlidir?

- Biz hər birimiz ədəbiyyatda da, şəxsi həyatda da öz talelərimizi yaşamışıq. Əlbəttə, bu üç nəfərin bir-biri ilə eyniləşdiriməsi, bir yerə qoyulması süni bir haldır. Ən dəhşətlisi bu oldu ki, sonra gələn nəsil Rasim Qaraca, Seymur Baycan bunlar o Sovet möhürünü saxladılar. Çünki, bu fikir Sovet dönəmində formalaşmışdır. Mən Əylisdə, dünyanın o başında Allah bilir nə fikirləşirəm. Bəlkə 15 ildir bunların üzlərini görməmişəm, səslərini eşitməmişəm, mən bunlarla necə bir yerdə ola bilərəm? Bax bu, maraqlıdır.

Gülnar Ədalətqızı