“Video çəkib müəllimlərin üzərinə getmək düzgün deyil”

video-cekib-muellimlerin-uzerine-getmek-duzgun-deyil
Oxunma sayı: 1614

“Son vaxtlar şagirdlərlə bağlı neqativ hallar baş verməsi haqda məlumatlar yayılır. Nazirlik olaraq hadisələrin başvermə səbəblərini öyrənməyə çalışırıq. 1 milyondan çox təhsilalanı olan məktəblərdə xoşagəlməz halların olması qaçılmazdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib. 

Nazirin sözlərinə görə, valideyn etinasızlığı, ailə-məişət problemləri, sosial şəbəkələrdəki mənfi trendlər və digər şəbəkələr şagirdlər arasında neqativ hadisələrin baş verməsinə zəmin yaradır.

E.Əmrullayev bildirib ki, baş verən hadisələrin cinayət hadisəsi olmasını hüquq mühafizə orqanları müəyyən edir: “Əgər onlar hadisənin cinayət əməli olmasını müəyyən edirsə, günahkar şəxslərə cəza verilir. Məhkəmə qərarı olmadan kiməsə cəza verilməsi doğru deyil. İnzibati xəta halı olarsa, aidiyyəti qurum cərimə edilə bilər. 

Xırda xoşagəlməz hal olanda məktəb rəhbərliyi bunun qarşısını ala bilirsə, məsələ bitmiş hesab olunur. Nəzərə almaq lazımdır ki, evdə də 2-dən çox övladı olan valideyn mübahisə etdiyi uşaqlarını sakitləşdirməkdə çətinlik çəkir. Bütün hallarda baş verən hadisələrlə bağlı görüntüləri videoya çəkib müəllimlərin üzərinə getməyi düzgün hesab etmirik”.

Gülnar Əliyeva