Avstraliyada keçirilən Qadınlar Asiya Kubokundan kənarlaşdırıldıqdan sonra ölkələrinə qayıdan İran Qadınlar Milli Futbol Komandasının oyunçuları Sidney Hava Limanında kömək istəyən hərəkətləri ilə diqqət çəkiblər.
“Qafqazinfo”nun xəbərinə görə, komandanı daşıyan avtobusdakı bəzi futbolçular mobil telefonları ilə SOS işarəsi veriblər.
Həmin anlar kameraya çəkilib və sosial şəbəkələrdə qısa zamanda yayılıb.
Qeyd edək ki, martın 2-də Cənubi Koreyaya qarşı oyundan əvvəl İranın dövlət himnini oxumayan qadın futbolçular İran dövlət televiziyasında “xain” adlandırılmışdı. Üç gün sonra Avstraliyaya qarşı ikinci oyunda komanda himni oxuyub salam verərək, oyuna çıxsa da, Filippinə qarşı 2-0 hesablı məğlubiyyətlə turnirdən kənarlaşdırılmışdılar.
İrana geri göndəriləcəkləri təqdirdə, bəzi oyunçuların təhlükəsizliklə bağlı çətinliklərlə üzləşəcəyi ilə bağlı narahatlıqların artması nəticəsində Avstraliya hökuməti 5 oyunçuya sığınacaq və viza verib, qorunmalarını təmin edib.
ABŞ Prezidenti Donald Tramp da Avstraliyanın Baş naziri Entoni Albanese ilə telefonla danışdığını və iranlı futbolçuların təhlükəsizliyinin müzakirə olunduğunu açıqlamışdı. Tramp bildirmişdi ki, bəzi oyunçular Avstraliyada qalacaq, bəziləri isə ailələrinin təhlükəsizliyi səbəbindən İrana qayıtmağı seçib.
Bu addıma İran tərəfinin cavabı özünü çox gözlətməyib. Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Trampın çağırışını “təkəbbürlülük və ikiüzlülük” adlandırıb və oyunçuları ölkəyə qayıtmağa çağırıb:
“Narahat olmayın, İran sizi qollarını açaraq gözləyir. Evə qayıdın”.



Son xəbərlər
Son Xəbərlər