Xamenei ABŞ ilə əməkdaşlıq üçün şərtini açıqladı

xamenei-abs-ile-emekdasliq-ucun-sertini-aciqladi
Oxunma sayı: 1688

“ABŞ İsraili dəstəkləməyə və Yaxın Şərq məsələlərinə müdaxilə etməyə davam etdiyi müddətdə bu ölkə ilə əməkdaşlıq mümkün deyil”​. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Əli Xamenei 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünə həsr olunmuş tələbələrlə görüşündə danışıb.

“ABŞ-nin İsraili dəstəkləməyə davam etməsini, regionda bu ölkənin hərbi bazalarının mövcud olmasını və onların regionun işlərinə müdaxilə etməsini nəzərə alsaq, Vaşinqton ilə Tehran arasında əməkdaşlıq mümkün deyil”, - o qeyd edib.

Xameneinin sözlərinə görə, Tehran və Vaşinqton arasındakı bütün ziddiyyətlərin “Amerikaya ölüm!” şüarında gizləndiyini düşünmək sadəlövhlükdür: 

“İran İslam Respublikası və Birləşmiş Ştatlar arasındakı ziddiyyətlər - iki cərəyanın maraqlarının toqquşması və fundamental ziddiyyətlərdir”.