Xocavənddə hesabat yığıncağı keçirildi - Fotolar

xocavendde-hesabat-yigincagi-kecirildi
Oxunma sayı: 434

Bu gün Xocavənd rayonunda “2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş” hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov , Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlər işçiləri, ağsaqqallar, şəhid ailələri, qazilər, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon ictimaiyyəti  iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binası önündəki abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər. Xocavənd rayon Mədəniyyət evində öncə rayonun iqtisadi göstəricilərinin əks olunduğu stendlərə baxış keçirilib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə yığıncaq açıq elan olunub.

 Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin 2025-ci ildə keçirilən bir sıra tədbirləri haqqında hazırlanmış video-rolik nümayiş olunub.

Yığıncaqda Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə əldə olunmuş nailiyyətlər,  Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş yaşayış məntəqələrinə köç prosesi haqqında məlumat verib. Eyvaz Hüseynov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunan 2025-ci ilin ölkəmiz üçün mühüm siyasi və iqtisadi nailiyyətlərlə yadda qaldığını, eyni zamanda tarixi Zəfərimizin beşinci ildönümü kimi tarixə düşdüyünü və əvvəlki illərin uğurlu inkişaf tendensiyalarına uyğun olaraq hesabat dövründə də Xocavənd rayonunda sosial-iqtisadi sahələr üzrə həyata keçirilmiş tədbirlər nəticəsində əsas göstəricilər üzrə müsbət nəticələrin əldə olunduğunu qeyd etmişdir.

Məruzə ətrafında YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd RPŞ-nin Əməliyyat işi üzrə rəis müavini polis mayoru Şaiq Əşrəfli, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Yaşar Əhmədov, Xocavənd rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, III dərəcəli hüquqşünas Rzayeva Xədicə, Şəhid atası Tağıyev Eyvaz, Vətən müharibəsi qazisi Ruslan Mirzəliyev çıxış ediblər.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı quruculuq siyasətindən, iqtisadi və sosial sahələrdə əldə olunan mühüm nailiyyətlərdən, habelə qarşıdakı dövr üçün müəyyən edilmiş strateji vəzifələrdən ətraflı bəhs edib. O, Prezident cənab İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı qarşıda duran vacib məsələləri xüsusi olaraq diqqətə çatdırıb.

Hesabatın sonunda Qərarı layihəsi qəbul edilib, hesabat yığıncağı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət oxunub.

Tədbir Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışının nümayişi ilə başa çatıb.