“Yanğınlar bitənədək Türkiyədə olacağıq”

yanginlar-bitenedek-turkiyede-olacagiq
Oxunma sayı: 2516

“Bu gün yenidən yanğınların söndürülməsində iştirak etmək üçün Türkiyəyə yola düşürük”.

“Qafqazinfo” xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün H.Əliyev adına Beynəlxalq Hava Limanından yola düşən “BE-200ÇS” tipli amfibiya təyyarəsinin bort-mühəndis təlimatçısı Cavid Qəhrəmanov deyib.

O bildirib ki, Dalaman aeroportuna enəcəklər:

“O ərazilərdə işləyəcəyik. Bildiyiniz kimi, biz bir müddətdir orada işləyirdik. Texniki baxış məqsədilə bir günlük Azərbaycana döndük. Burada texniki baxış keçirildi və yenidən Prezidentin tapşırığı ilə Türkiyəyə yola düşürük”.

C.Qəhrəmanov heyətin orada qalma müddəti ilə bağlı suala da aydınlıq gətirib:

“Bu, yanğından asılıdır. Yəqin ki, yanğının tam söndürülməsinə, bitməsinə qədər biz orada iştirak edəcəyik. Hələlik Dalaman ərazisində çalışacağıq. Yanğının miqyasından asılı olaraq istiqamətlərimizi dəyişə bilərik.

Hər vəziyyətə hazırıq. Təyyarəmiz 20-25 saniyədə 12 ton su götürür. 50 metr hündürlükdən yanğın ərazisinə su atılır. İndiyədək biz Azərbaycanda və digər ölkələrdə ondan istifadə etmişik. Hər yerdə yanğınların söndürülməsi işi uğurla başa çatıb”.