“YAP-a üzv ola bilərəm” - Müsahibə

yap-a-uzv-ola-bilerem-musahibe
Oxunma sayı: 1056





Milli Məclisin sabiq deputatı Aynur Camalqızının “Qafqazinfo”ya müsahibəsi

- Sizi çoxdandır görmürük. Haralardasınız?
- Çoxdandır, deməzdim, son 3-4 aydır ki, mətbuatda yoxam. İlin əvvəlində köşə yazılarıyla çıxış edirdim. Sözümü o yazılarda deyirdim, mövqeyimi ortaya qoyurdum. Sonra şəxsi məsələlərlə bağlı bir müddət uzaqlaşmalı oldum.

- Bildiyimə görə, ana olmusuz...
- Bəli, iki ay əvvəl bizim bir qızımız dünyaya gəldi. Amma mən bu cür xəbərlərlə gündəmə gəlməyin əleyhinəyəm. Siz həmin vaxt saytda bu barədə məlumat vermişdiniz. Mən eşidən kimi, sizə telefon açdım, xahiş etdim ki, bu xəbəri səhifədən çıxarın. Çünki bu, mənə aid olan məsələdir, oxucunun bunu bilib-bilməməsi önəmli deyil. Oxucu üçün tirajlanmalı daha vacib məsələlər var.

- Amma məncə, bütün yaxşı işlərlə gündəmdə olmaq lazımdır. İstər ictimai, istər siyasi, istərsə də şəxsi xəbər olsun, əsas odur, yaxşı xəbər olsun...
- Yəqin ki, siz də haqlısız, amma öz fikrimdə qalıram.

- İddia edirsiz ki, ictimai-siyasi həyatdan getmək fikriniz yoxdur.
- Xeyr, qəti şəkildə elə bir fikrim yoxdur, əksinə, daha çox şeylərə iddialıyam.

- Məsələn?
- İctimai-siyasi fəaliyyətimi davam etdirmək istəyirəm. Əvvəlkindən daha aktiv şəkildə proseslərə iştirak etmək niyyətindəyəm. İnşallah, özünüz bunun şahidi olacaqsınız.

- Nə zaman?
- Elə sizə müsahibə verdiyim bu gündən etibarən.

- Siz istər jurnalistikada, istərsə də Milli Məclisdə olarkən media və bütövlükdə ictimaiyyət üçün mövzu doğuran, maraqlı insan olubsunuz. Bu səbəbdən yoxluğunuz müəyyən suallar yaradır. İndi deyirlər ki, ikinci dəfə deputat seçilmədi və sanki bununla susduruldu. Nə dərəcədə razısınız?
- Qəti şəkildə belə deyil. Məni nə susduran, nə də buna cəhd edən olmayıb. Səmimi deyirəm ki, belə bir qadağa yoxdur, ola da bilməz. Mən müstəqil bir insanam. Yəqin, hər kəs xatırlayır ki, böyük həvəslə 2010-ci ilin parlament seçkilərində iştirak etmək istəyirdim. Namizədliyimi də irəli sürmüşdüm, amma seçki marafonunda sonacan irəliləyə bilmədim. Həmin ərəfədə qardaşım ağır xəstələndi. Burdakı həkimlər ürəkaçan bir şey demədikləri üçün onu qonşu ölkələrdən birinə aparmalı idim...

- İndi Tərtəri Sahib Əliyev təmsil edir. Maraqlanmayıbsınız ki, işinin öhdəsindən necə gəlir?
- Siz jurnalistsiniz, siz maraqlanmalısınız, mən yox. Millət vəkilinin fəaliyyəti ilə daha çox media və onun seçiciləri maraqlanır. Necə ki, mənim fəaliyyətimlə bir vaxtlar ciddi şəkildə maraqlanırdınız.

- Beş il Tərtərdə, sərhəd bölgəsində deputat olaraq çalışıbsınız. Oradakı insanlarla əlaqəniz yenə də varmı, sizin yoxluğunuzu hiss edirlərmi?
- Ciddi təmaslarım var. Təsəvvür etmirdım ki, deputatlıq müddətim başa çatandan sonra da insanlar məni belə axtaracaqlar. İstər adi, istərsə də bayram günlərində zəng edirlər, ürək sözlərini çatdırırlar, toylarına dəvət edirlər. Bu yaxınlarda Tərtərlə bağlı ürəkaçan bir hadisə oldu: beş il əvvəl seçkiyə gedəndə tərtərlilərə söz vermişdim ki, 14 kəndi rayon mərkəzi ilə birləşdirən 22 kilometrlik bir yol var, onun asfaltlaşdırılması üçün əlimdən gələni edəcəyəm. Çox bərbad vəziyyətdəydi. Təsəvvür edin, Bakıdan Tərtərə getmək daha asan və rahatıydı, nəinki o kəndlərdən. Dəfələrlə aidiyyatı orqanlara yazılı və şifahi müraciətlər etdim. Bir dəfə baş nazirin qəbulunda oldum, Cənab Prezidentə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etdim, deputat həmkarım Cavid Qurbanovla bu barədə dəfələrlə danışıqlarımız olub. İki dəfə nəqliyyat nazirinin qəbulunda oldum. Nəhayət ki, bu, dövlət proqramına salındı və cənab Prezidentin sərəncamına əsasən, hazırda həmin Bayandur-Poladlı yolu asfaltlaşdırılır, işlər tamamlanmaq üzrədir. Beş ildə mənim ən böyük uğurlarımdan biri həmin vədin gerçəkləşdirilməsi oldu. Bu 14 kəndin insanları az qala hər gün zəng vurub mənə təşəkkürlərini bildirirlər və açığı, onlardan bunu eşitmək çox xoşdur. Mən də deyirəm ki, bütün təşəkkürlər dövlət başçısınındır. Bu abadlaşdırılan yol onun insanlara diqqət və qayğısının təzahürüdür. Ölkənin hətta ən ucqar kəndində belə İlham Əliyev siyasətinin izini görmək, hiss etmək qürurvericidir. Bu, adamı daha da ruhlandırır.

- Yəni belə çıxır ki, hazırda deputat Sahib Alıyev olsa da, təşəkkürlər Sizə gəlir...
- Bu barədə danışmaq doğru olmazdı. Bir deputatın fəaliyyətinə 5 gündən, beş aydan, hətta bir ildən sonra qiymət vermək düzgün deyil. Bir deputatlıq dönəmi ona görə beş ili əhatə edir ki, bu müddət ərzində sən öz potensialını ortaya qoya bilirsən və seçicilərinin qarşısındakı vədlərini yerinə yetirə bilirsən.
- Parlamentdə olduğunuz beş ilə nəzər salmağınızı istərdim. Uzaqdan hər şey daha yaxşı görünür. Sizcə, yadda qala bildinizmi beş illik fəaliyyətinizlə?
- Mən ümumiyyətlə, heç vaxt özümdən razı qalmıram. Hesab edirəm ki, daha çox işlər görə bilərdim. Öz potensialımdan, istedadımdan daha əhatəli istifadə edə bilərdim. Özümü insanlara daha çox tanıtmaq imkanlarım vardı. Düşünürəm ki, çoxları məni ya yaxşı tanımır, ya da səhv yönləndirilirlər... Beş il ərzində potensialımın cüzi bir hissəsindən istifadə etmişəm. Bunu da özümün ciddi yanlışım hesab edirəm.

- Növbəti parlament seçkilərinə qatılmaq kimi bir fikriniz var, yoxsa parlamentə əlvida?
- Hər şeyi gələcək göstərəcək. Təbii ki, çox böyük arzularım var. İnşallah, zamanı çatanda bu barədə danışarıq.

- Siz beş il ərzində çox böyük sürətlə jurnalistikadan siyasətə keçid etdiniz. İndi də çox diplomatik danışırsınız...
- Əslində, jurnalistikada olanda da siyasətlə məşğul idim. Siyasi mövzularda yazırdım, həm də Müsavat Partiyasının Məclis üzvü idim. Əlində qələm olan insan yəqin ki, daha azad olur, bütün çərçivələri sındırıb dağıdır. Amma siyasətçi müəyyən qədər diplomatik olmağa məcburdur.

- Hələ xeyli vaxt olsa da, 2013-cü il seçkilərinə indidən böyük bir canlanma hiss olunur. Sizin bu prosesdə aktivliyiniz nədən ibarət olacaq?
- Mənim ən yaxşı bacardığım iş - yazmaqdır. Mənim qələmim, mənə inanan insanlar var. Öz yazılarımla, auditoriyamın inamıyla dövlətimə xeyir vermək istəyirəm.

- Deməli, jurnalist kimi fəaliyyət göstərəcəksiniz?
- Bəli, jurnalistika ilə məşğul olmaq niyyətindəyəm.

- Bu, internet televiziya, internet radio, portal, yaxud agentlik açmaq kimi media layihəsi ilə özünü göstərəcək?
- Konkret deyə bilmərəm bu hansı formada olacaq, amma mediaya aid bir sahə olacaq. İndi bu barədə ciddi-ciddi düşünürəm. Çünki işsizlik məni əməlli-başlı yorub. İnsan işləməkdən yorulduğu kimi, bəzən bekarçılıqdan da yorulur.

- Millət vəkili Eldar İbrahimov bu yaxınlarda müsahibəsində demişdi ki, Azərbaycan xalqı 2013-cü il seçkilərində özünə başqa bir prezident axtarmır. Siz necə düşünürsünüz?
- Azərbaycan vətəndaşı olaraq, əlbəttə ki, mən də özümə ayrı bir prezident axtarmıram. Sözün açığı, prezident İlham Əliyevə çox böyük rəğbətim var, ona inanıram. Biz də ölkəmizi kifayət qədər tanıyan insanlarıq və indiki vəziyyətdə başqa birisinə güvənmirəm. Ölkədə çox ciddi problemlərin olduğu bir halda, Qarabağın taleyi ilə bağlı çox ciddi narahatlıqların ortada olduğu bir şəraitdə başqa birisini axtarmaq böyük sadəlövhlük və yanlışlıq olardı. Azərbaycanın taleyini başqa kimə etibar etmək olar? Mən “Vikiliks” saytının yazdıqlarını mətbuatdan izləyirəm. Açığı, bəzilərindən fərqli olaraq, narahatlıq keçirmirəm. Çünki arxasında hansısa çirkin məqsədlərin, qara planların olmasına rəğmən, “Vikiliks” yönləndiriciləri özləri də bilmədən İlham Əliyevi bizə tanıdırlar. Mən o açıqlamalarda Azərbaycan liderinin mətinliyiini, milli məsələlərlə bağlı birmənalı dirənişini, heç nəyin və heç kəsin yanında yox, məhz Azərbaycanın və Azərbaycan insanının problemlərinin yanında olduğunu görürəm və yanılmadığıma sevinirəm. O da aydın görünür ki, Azərbaycan hakimiyyəti çox ağıllı, balanslı xarici siyasət yürüdür. Azərbaycanın yerləşdiyi coğrafi məkanda elə dövlətlər var ki, istər-istəməz onlarla hesablaşmağa məcburuq. Əgər bu gün biz bu dövlətlərlə baş edə biliriksə, öz müstəqilliyimizi qoruyuruqsa, hətta bu dövlətlərə meydan oxuyuruqsa, Qarabağla bağlı dirəniş göstəririksə, Azərbaycan ayaqdadırsa, bütün bunlar prezident İlham Əliyevin uğurlarıdır.

- Azərbaycan hökumətinin bəzi üzvləri “Vikiliks”i “sarı mətbuat” elan etsələr də, əslində onu diqqətlə oxuyan adam dövlət başçısının proseslərdən necə xəbərdar olduğunu, dirənişini, mübarizəsini, necə diplomatik mübarizə apardığını görə bilər...
- Şübhəsiz. Müxalifətdən olan bir deputat var, həmişə deyir ki, mən İlham Əliyevi əvvəldən tanısaydım, heç vaxt müxalifətdə olmazdım. Təəssüf ki, müxalifətçi gənclərdə dövlət başçısıyla bağlı yanlış fikir formalaşdırılır. Həmin gənclərə səslənmək istəyirəm ki, müqayisə aparmaq, təhlil etmək, nəticə çıxarmaq üçün şərait var. Baxın, seçiminizi edin: Amerikanın barmaq işarəsi ilə oturub-duran müxalifət liderləri, yoxsa İlham Əliyev? Azərbaycana, Qarabağa və bizə kim lazımdı?

- Özünü cəmiyyətə təxminən Milli Məclisin alternativi kimi təqdim edən İctimai Palataya - ölkənin tanınmış müxalifyönlü şəxslərinin bir araya gəldiyi quruma münasibətinizi bilmək maraqlıdır. Qurum yeni yaradılanda nədənsə mənə elə gəlirdi, Siz də İP-ə qoşulacaqsız...
- Bu, mümkün deyil. Çünki bizim düşüncələrimizdə, fikirlərimizdə, proseslərə yanaşmamızda ciddi ayrıntılar mövcuddur. Bilirsiniz ki, İP-da toplaşanlar seçkidə uduzan insanlardır. Mən heç bir səbəbdən onlarla bir sırada dayanmazdım. Niyə bu fikrə düşmüsüz, təəccüblüdür.

- Sizi yenidən müxalif düşərgədə görmək mümkündür?
- Bilirsiniz, bəlkə də nə vaxtsa, Azərbaycanda sağlam bir müxalifət cəbhəsi yaranacaq, siyasi təşkilatlar mövcud olacaq, o zaman bəlkə mən də onlara qoşula bilərəm. Müxalifətdə olmaq günah deyil. Əksinə müxalifətçilik bir dünyagörüşüdür. Hər bir işıqlı adam az, ya çox dərəcədə müxalifətdə olmalıdır. Ancaq bu müxaliflik dövlətə, xalqa xeyir verə biləcək dərəcədə olmalıdır. Hər şeyi qara rəngdə görmək, cəmiyyəti qruplara, düşərgələrə bölmək, düşmənçilik əhval-ruhiyyəsi müxalifətçilik deyil. Açığı, hazırkı radikal müxalifətdə işıqlı heç bir şey görmürəm. Adam bir dəfə bataqlığa düşəndə çalışır ki, bir də ordan keçməsin, bax, mən də o əhval-ruhiyyədəyəm. Radikal müxalifət Azərbaycan xalqını kifayət qədər aldadıb. Daha onların yalanlarına heç kəs inanmır. İndi öz potensialını tamamilə xərcləyib qurtarmış bu zümrənin bir yolu var: xalqdan üzr istəmək və siyasi səhnəni tərk etmək. Gənclərə yol vermək lazımdır. İndikilərin təkcə özləri yaşlanmayıb, təfəkürləri də yaşlanıb... Fikir verin, ölkədə parlament seçkiləri oldu. Müxalifət cəbhəsində heç bir oyanma, tərpəniş hiss olunmadı. İnsanlar seçkiyə getdi, udanlar uddu, uduzanlar da öz taleləri ilə barışdı, vəssalam. Amm ərəb dünyasında bir oyanış baş qaldıran kimi, bunlar da başladı ki, bəs biz də inqilab edirik. Axırı necə oldu? Cəmi üç yüz nəfər küçəyə çıxara bildilər, onların da otuzu həbs olundu, bu günədək həbsdədirlər. Onların insanlara verə biləcəkləri bundan artıq deyil. Daha ağıllı siyasət yeritmək, ölkədəki ictimai-siyasi proseslərdə daha konstruktiv şəkildə iştirak etmək, hətta parlamentdə xeyli yer əldə etmək olardı. Bütün bunları düşmənçiliklə deyil, normal siyasi fəaliyyətlə etmək lazım idi.

- Ərəb inqilablarının nəticələri barədə nə düşünürsünüz?
- Əslində düşünməli bir şey qalmayıb. Artıq prosesin sonu yaxınlaşır. Əlbəttə, düşünmürəm ki, orada hər şey kor-təbii şəkildə baş verdi. Bu barədə geniş şəkildə yazmışam da. Açıq-aydın göz önündədir ki, hər şey xaricdən idarə olunur. Əgər super güclər ərəb, müsəlman dünyasında haqq-ədalətin, demokratiyanın bərpa olunmasını istəsəydi, Əfqanıstan, Pakistan indiki vəziyyətdə olmazdı. Buna görə də bizim müxalifətdə də “ruh yüksəkliyi” yaranmamalıdır ki, bu dalğa Azərbaycana gəlib çatacaq. Əvvəla, ona görə ki, Azərbaycandakı durum fərqlidir. Azərbaycanda ayrı-ayrı məmurlardan narazılıq ola bilər, beş-on adam əlinə plakat alıb aksiya da keçirə bilər, amma Azərbaycan xalqı bütövlükdə öz prezidentinə inanır. Mən bunun dəfələrlə şahidi olmuşam. Siz fikir verin, hər hansı məmura görə aksiya keçirən insanlar əllərində prezidentin şəklini tutub nümayişə qatılırlar. Düşünürlər ki, mənim bu problemimdən prezident xəbər tutsa, öz həllini tapacaq.

- Düşünürsünüz ki, inqilablar Azərbaycanda ola bilməz...
- Qəti şəkildə düşünürəm ki, ola bilməz.

- Deyirlər ki, artıq birinci mərhələ başa çatıb. Artıq növbədə İran, Rusiya, Azərbaycandır...
- Bu tip proqnozlara qətiyyən inanmıram, çünki siz xatırlayırsınızsa, prosesin lap əvvəllərində müxalifət yetkililəri bəyanatlar verirdilər ki, ən azı iki aya Azərbaycanda çox ciddi dəyişikliklər olacaq. Hətta mən bir internet televiziyasına dəvət olunmuşdum, orada Pənah Hüseynlə tərəf müqabili idik. O, çox ciddi şəkildə mənə dedi ki, çox yox, ikicə ay gözləyin, görəcəksiniz nələr olacaq. Aradan beş ay keçib və heç bir şey baş verməyib.

- Baş verməyəcək də?
- Şəxsən elə xülyalarla yaşayan insanlar mənə gülünc görünür...

- İranda isə vəziyyət getdikcə gərginləşir...
- İranda təbii ki, vəziyyət get-gedə gərginləşməlidir, hətta bir az gecikiblər. Çünki İranda 30 milyon insan hüquqsuz şəkildə yaşayır, onlara öz dilində danışmaq, oxumaq, yazmaq qadağan edilib. Təbii ki, orada ciddi proseslər baş verməlidir.

- Belə bir alternativ fikir də var ki, AXCP-Müsavat vaxtından əvvəl ortalığa düşməklə baş verəcək prosesləri qabaqladılar, bununla da onun baş verməsini bir az da gecikdirdilər. Siz necə hesab edirsiz?
- Vaxtın fərqi yoxdur. Xatırlayıram, 2003-cü ilin prezident seçkiləri ərəfəsində insanlara necə vədlər verib meydanlara çıxarırdılar. Xeyli sayda insanlar da gəlirdi onların arxasınca. Sonda yenə də həmin insanlar həbs olundular, döyüldülər və arxalarında heç bir dayaq hiss etmədilər. Necə ki, bu gün də həbs olunan insanlar təkdirlər. Siyasətçi insanları aldadıb, eyforiyayla onları nəticəsi olmayan bir şeyin arxasında aparmamalıdır.

- Müsavat yeni bir qurultay keçirmək ərəfəsindədir, necə düşünürsüz İsa Qəmbər yenə qalacaq?
- Əslində İsa Qəmbər bundan əvvəlki qurultayda getməli idi. Çünki partiya nizamnaməsinə dəyişiklik olunmuşdu ki, başqan iki dəfədən artıq vəzifədə qala bilməz. Müsavatın yarandığı 1993-cü ildən bəri İsa Qəmbər bu partiyanın başqanıdır. Bunun özü elə demokratiyaya zidd addımdır. Əgər biz bunu başqalarından tələb ediriksə, ilk növbədə özümüz bu nümunəni ortaya qoymalıyıq, vaxtında çıxıb getməyi bacarmalıyıq. Türkiyədə seçkilərdə uduzanlar öz partiyalarını çox rahat şəkildə tərk edirlər. Bizimkilər isə elə düşünür ki, bunlar ölüncə kresloda oturmalıdırlar və hamı da onların qarşısında baş əyməlidir. Bu cür təfəkkürlə demokratiyaya nail olmaq olmaz. Düşünürəm ki, İsa Qəmbər partiyadan getməyəcək. Ona görə ki, İsa Qəmbərin getmək fikri olsaydı, onun yerinə heç olmasa iki-üç nəfər namizəd olmalı idi. Bu günə qədər kimisə yetişdirməli idi. Mən Müsavatın “vitrin”inə nəzər salanda ikinci bir şəxs görə bilmirəm ki, başqan ola bilsin.

- Niyə ki, Arif Hacılı, Arzu Səmədbəyin və digərlərinin üzərində iddialar var ...
- Hesab edirəm ki, bu şəxslər partiyaya deyil, müəyyən qruplara rəhbərlik edə bilərlər. Mən onları o qədər də güclü hesab etmirəm.
- İsa Qəmbər getsə, deməli Müsavat da getmiş hesab oluna bilər?
- İsa Qəmbər getməyəcək və bu da partiyaya uğur gətirməyəcək.

- Tutaq ki, o getdi və yerinə uğurlu bir kadr gəldi...
- Mən orada uğurlu, savadlı, intellektual, qabiliyyətli bir kadr görmürəm. Mitinqlərə gedib həbsxanalara düşmək qabiliyyət göstəricisi deyil. Bunu hər kəs bacara bilər. Amma öz ağlı, intellekti, fərqli düşüncəsi ilə insanları öz arxasınca çəkib apara biləcək bircə gəncin adını çəkə bilərsiniz Müsavatda? Mən şəxsən belə birini tanımıram.

- Təhsil nazirinin üç müavini bu yaxınlarda vəzifəsindən azad edildi. Deyirlər, Misir Mərdanovun də getməsi gözlənilir. Sizcə, bu, mümkündürmü?
- Bayaq qeyd etdiyim kimi, vaxtında getməyi bacarmaq lazımdır. Heç kəsə sirr deyil ki, Azərbaycan təhsilində çox ciddi problemlər var. Təhsil istər dövlətin, istərsə də millətin təməlidir, bünövrəsidir. Əgər təhsildə problem varsa, bünövrə möhkəm ola bilməz. Yeni dərs ilində istərdim ki, təhsil nazirliyinin rəhbərliyində ciddi dəyişikliklər olsun.

- Hazırda haradasa işləyirsiniz?
- İşsizəm, amma bilirsiniz ki, deputatlar fəaliyyətləri başa çatdıqdan sonra bir il müddətində deputat maaşının 80%-i qədər müavinət alırlar.

- Belə bir xəbərlər yayılmışdı ki, sizi hansısa komitəyə sədr müavini təyin edirlər...
- Ailə, Qadın və Uşaq Problemləri komitəsinə, Nizami rayon icra hakimiyyətinə müavin təyin ediləcəyim barədə yazıblar. Bunlar hamısı jurnalist təxəyyülünün məhsuludur. Bizim jurnalistlər bu sarıdan çox məhsuldardırlar. Mənə belə bir təkliflər olmayıb.
- Olsa necə?
- Bacara biləcəyim bir sahə olsa, buna şad olaram. Niyə də işləməyim, mənim hələ 36 yaşım var.
- İndi bitərəfsiniz, ola bilər ki, gələcəkdə hakim partiyada təmsil olunasınız?
- Bu barədə düşünməmişəm, amma bayaq da qeyd etdim ki, prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm və ona inanıram. O, YAP-nın sədridir. Gələcəkdə elə bir situasiya yarana bilər ki, mən o partiyanın üzvü olum. Vaxtilə YAP üzvü olan şəxslər çox rahatlıqla müxalifətdə təmsil oluna bilirlərsə, keçmiş müxalifətçinin də hakim partiyada təmsil olunması normal bir şeydir. Çox təəssüf ki, bizdə bir partiyadan, düşərgədən getməyi vətəni satmaq kimi qarşılayırlar.

- Son vaxtlar YAP-a kütləvi şəkildə mədəniyyət işçilərinin axını müşahidə olunur. Fəxri ad verilən kimi həmin şəxslərin hakim partiyaya üzv olmaları sizə elə gəlmir ki, partiyanın nüfuzuna xələl gətirə bilər?
- Mən bilmirəm bu xüsusi şəkildə həyata keçirilir, yoxsa özləri könüllü üzv olurla. Ancaq görünür, kütləvi baş verdiyi üçün medianın diqqətini çəkir. Məsələyə bütövlükdə başqa cür yanaşıram. Siyasət cəlbedici bir sahədir. Dünya təcrübəsində dəfələrlə şou əhlinin siyasətə gəlişi müşahidə olunub və bəzən bu, uğurlu alınıb. Bu gün mədəniyyət xadimlərinin hakim partiyaya üzv olması məncə, onu göstərir ki, hər kəs güclünün yanında olmaq istəyir. Əgər onların içərisindən öz siyasi potensilaını ortaya qoya biləcək biri çıxsa, məncə, buna sevinmək lazımdır.

- Və sonda... Sizi necə təqdim etməyimi istərdiniz: Aynur Camalqızı, yoxsa Aynur Quliyeva?
- Məni hər kəs Aynur Camalqızı kimi tanıyır. Amma parlamentdə pasportdakı soyadımla iştirak etmək zorundaydım. “Quliyeva” soyadı ilə nədənsə çoxları məni Aynur Sofiyeva ilə dəyişik salır. Yaxın gələcəkdə soyadımı dəyişib Aynur Camal olmağı düşünürəm.