“Şəraitsiz evdə yaşayıram. Evin nə qazı, nə suyu, nə də hamamı var. “YAŞAT” Fonduna şəraitlə bağlı müraciət etmişəm, bundan əvvəl kredit borcumu ödədiklərinə görə indi yola verirlər”.
Bu şikayətlə “Qafqazinfo”ya Tovuz rayonunun Aşağı Quşçu kəndindən olan Vətən müharibəsi qazisi Tural Səfərov müraciət edib. Onun sözlərinə görə, ötən ilin oktyabrında Ağdərə, Suqovuşan istiqamətlərində döyüşlərdə yaralanıb. Bir müddət Tərtər və Bərdədə, Sarıcalı hospitalında müalicə olunduqdan sonra Bakıya köçürülüb. Dekabrın əvvəlindən isə ordudan tərxis olunub: “Müharibədə ayağımdan, qolumdan qəlpə yarası almışam, kəllə-beyin travmam, sol gözümdə ciddi problemim var. “YAŞAT” Fondundan əvvəlcə müalicəmə kömək elədilər, sonradan dərmanlarımı almadılar. Həkim 3 resept yazıb, onları ala bilmirəm. Zülm çəkirəm, 2 uşaqla qalmışam ortalıqda”.
.jpg)
Qazi bildirib ki, ona III qrup əlillik verilib. O, ümumilikdə 410 manat pensiya alır. Lakin bu pulun çox hissəsi borclarına gedir: “410 manat pensiya alıram, 300 manat borc ödəyirəm. Dolanışığımıza cəmi 110 manat pul qalır. Əvvəllər tikinti şirkətinə işləmişəm. Hazırda səhhətim imkan vermir ki, gedib işləyim. Bəlkə də oturaq iş olsa çalışaram, çünki vəziyyət çox pisdir”.
Şikayətlə bağlı “YAŞAT” Fonduna müraciət etdik. Fonddan bildirildi ki, qazi Tural Səfərovun ilk müraciəti 2021-ci ilin 8 aprel tarixində məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə qeydə alınıb və bu ilin aprel ayında onun bank hesabına 2500 AZN vəsait köçürülüb: “Qazimizin növbəti müraciəti 2021-ci ilin 30 iyul tarixində istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə qeydə alınıb və 2021-ci ilin 12 avqust tarixində onun 9000 AZN dəyərində olan borc öhdəliyi qarşılanıb. Qazimizin üçüncü müraciəti müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə qeydə alınıb, 414.61 AZN dəyərindəki dərman vasitələri ilə təmin olunub”.
Fonddan bildirilib ki, qaziyə müxtəlif istiqamətlər üzrə ümumilikdə 11 914.60 AZN dəyərində vəsait ayrılıb.
Gülnar Əliyeva



Son xəbərlər
Son Xəbərlər