Yeri masada yox, menyuda imiş... - Trolleybus sürücüsünün həzin sonu

yeri-masada-yox-menyuda-imis
Oxunma sayı: 6371

Məlum olduğu kimi, bu gün səhər saatlarında ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Flores saxlanılaraq Nyu-Yorka aparılıb.

“Qafqazinfo” Karakas küçələrində sıravi trolleybus sürücüsü olan Nikolas Maduronun hakimiyyətə necə gəldiyinin xronoloji ardıcıllığını təqdim edir:

2013-cü ildə Uqo Çavesin ölümündən sonra hakimiyyətə gələn trolleybus sürücüsü Maduro neft gəlirlərindən asılı iqtisadi modeli idarə edə bilmədi. Qlobal neft qiymətlərinin düşməsi, korrupsiya və idarəetmə səriştəsizliyi Venesuelanı hiperinflyasiya və sosial çöküşə sürüklədi. Daxili legitimlik zəiflədikcə, Maduro rejimi xarici dayaqlara daha çox möhtac qaldı.

Bu zəifliyin kulminasiya nöqtəsi 2019-cu ildə yaşanan ikili hakimiyyət böhranı oldu. ABŞ və bir sıra Qərb ölkələrinin Xuan Quaydonu “müvəqqəti prezident” kimi tanıması Venesuelanı faktiki olaraq xaosun ortasına atdı. Tramp administrasiyasının ilk dövründə başladılan “maksimum təzyiq” kampaniyası artıq rejim dəyişikliyinin açıq siyasi xəttə çevrildiyini göstərirdi.

2020-2022-ci illərdə ABŞ Ədliyyə Departamentinin Maduronun başına 15 milyon dollarlıq mükafat qoyması isə prosesin hüquqi bazasının hazırlanması idi. Narkotrafik ittihamları da cinayət dosyesi ilə yanaşı, gələcək həbs əməliyyatının beynəlxalq ictimaiyyət üçün “legitim çərçivəsi” rolunu oynayırdı.

Maduronun strateji səhvi isə 2023-cü ildə atıldı. Daxili böhranı ört-basdır etmək məqsədilə Qayanaya qarşı irəli sürülən ərazi iddiaları Vaşinqtonda “Essekibo avantürası” kimi qiymətləndirildi. Bu addım ABŞ üçün Latın Amerikasında yeni münaqişə riskinin yaranması demək idi. Demokrat və Respublikaçı düşərgələr bu məsələdə nadir konsensus göstərərək Maduronun artıq idarəolunan fiqur olmadığını diqqətə çatdırmışdılar.

Bayden dövründə hazırlanmış “aradan götürmə” ssenariləri Trampın gəlişi ilə daha sərt və birbaşa icra mərhələsinə keçdi. “Maksimum təzyiq” strategiyası “mütləq nəticə” doktrinası ilə əvəz olundu və proses səs-küylü diplomatik manevrlərsiz, faktiki güc tətbiqi ilə yekunlaşdı.

Hadisənin ən diqqətçəkən tərəfi Maduronun arxalandığı Rusiya, Çin və İranın faktiki olaraq susmasıdır. Bu “strateji tərəfdaşların” reaksiyasızlığı qlobal güc balansındakı real disbalansı üzə çıxardı. ABŞ-nin açıq güc nümayişi qarşısında heç birinin praktik müdaxiləyə getməməsi Venesuela böhranının böyük güclər üçün prinsipial yox, alver predmeti olduğunu göstərdi.

Maduro üçün ABŞ-yə məcburi səyahət beynəlxalq münasibətlərdə ən sərt dərsdir desək, yanılmarıq. Tramp administrasiyası bir addımla iki hədəfə çatdı: həm Venesuelada oyunu bağladı, həm də Latın Amerikasındakı digər “üsyankar” liderlərə açıq mesaj verdi.

Siyasətdə məşhur bir ifadə var: “Əgər masada yeriniz yoxdursa, deməli, menyudasınız”. Maduro artıq masada deyil. O, bu gün Vaşinqtonun geosiyasi ziyafətində əsas “təam”a çevrildi.

Hazırladı: Rəfi Müslümov