Yevlaxdakı yanğında şəhid anası həlak oldu - Bacı-qardaşı yaralandı - Yenilənib

yevlaxdaki-yanginda-sehid-anasi-helak-oldu
Oxunma sayı: 1327

Yevlaxda ölümlə nəticələnən yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən binaların birində baş verib.

Yanğın nəticəsində 1945-ci il təvəllüdlü şəhər sakini Nərgiz Mikayılova yanaraq ölüb.

Hadisə zamanı evdə olan 1965-ci il təvəllüdlü Yasəmən Vahabova və 1967-ci il təvəllüdlü Kamran Mehdiyev isə ağır yanıq xəsarətləri alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirildi ki, 05.12.2025-ci il tarixində saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Onlardan birinin 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Bədənin II-III dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

***

Hadisənin təfərrüatı məlum olub.

Belə ki, yanğın Nərgiz Savalan qızı Mikayılovaya məxsus, şəhərin S.Vurğun küçəsi bina 15/20 ünvanında yerləşən ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin 20 kvadratmetr sahəsini əhatə edib. Həmin hissədə evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.

Yanğın nəticəsində mənzilin sahibi ölüb. Yevlax şəhər sakinləri - Yasəmən Mayıl qızı Vahabova və Kamran Mayıl oğlu Mehdiyev xəsarət alıblar.

Yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Məhəmmədəli Mehdiyev Qarabağda gedən döyüşlərdə 20 yaşında şəhid olub.

Xatırladaq ki, bu gecə Lökbatandakı “Qobu Park-1” yaşayış massivində baş verən yanğında da 4 nəfər həlak olub.

Ziya Əmirxanlı