Dövlət milli iradənin, tarixi yaddaşın, mənəvi gücün və siyasi qətiyyətin təcəssümüdür
Tarix bəzən xalqların taleyinə elə şəxsiyyətlər bəxş edir ki, onların fəaliyyəti müəyyən bir dövrün siyasi sərhədlərini aşaraq bütöv bir millətin gələcəyini formalaşdırır.
Onların adı yalnız dövlətin və ya xalqın siyasi salnaməsinə yazılmır, özləri bütöv bir millətin taleyinə çevrilirlər. Belə liderlər zamanın içində yaşamır, zamanın istiqamətini dəyişirlər. Çünki böyük liderlik yalnız hakimiyyət fenomeni deyil, həm də tarixi iradə, milli yaddaş və gələcəyi görmək bacarığıdır. Xalqların yüksəliş və süqut dövrlərinə nəzər saldıqda aydın görünür ki, dövlətlərin taleyini çox zaman orduların sayı və ya iqtisadi imkanlar deyil, milli ruhu oyatmağı bacaran liderlərin iradəsi müəyyənləşdirib.
Belə liderlər yalnız dövrün problemlərini həll etmirlər, onlar xalqın tarixi inkişaf istiqamətini müəyyənləşdirir, milli yaddaşı oyadır, bəzən xalqın qan yaddaşına söykənərək, bəzən isə heçdən gələcəyin ideoloji və siyasi əsaslarını yaradırlar. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində bu missiyanı yerinə yetirən nadir şəxsiyyətlər Ümummilli Lider Heydər Əliyevdir.
Tarix artıq sübut edib ki, Heydər Əliyevin siyasi kursu təsadüfi idarəçilik modeli deyil, dərin düşünülmüş dövlətçilik fəlsəfəsidir.
Qədim yunan filosofu Platon “Dövlət” əsərində yazır ki, xalqların xoşbəxtliyi hakimiyyətin müdrik insanların əlində olmasından asılıdır. Qeyd edim ki, Platonun “filosof-hökmdar” konsepsiyası yalnız idarəçilik modeli deyil, bu nəzəriyyə daha çox zamanın fövqündə düşünə bilən, xalqın gələcəyini strateji şəkildə planlaşdıran lider fenomeninin fəlsəfi izahıdır. Tarixi proseslər sübut edir ki, böyük dövlətlər təsadüflərin deyil, böyük şəxsiyyətlərin siyasi iradəsinin nəticəsi olaraq meydana çıxır.
Alman filosofu Hegel tarixi yaradan şəxsiyyətləri “zamanın ruhunu anlayan insanlar” adlandırırdı. Hegelin fikrincə, belə liderlər yalnız mövcud reallığın içində fəaliyyət göstərmirlər, onlar gələcəyi formalaşdırırlar. Heydər Əliyevin siyasi fəaliyyəti də məhz bu baxımdan qiymətləndirilməlidir. O, sovet totalitarizminin sərt ideoloji çərçivələri daxilində Azərbaycanın gələcək müstəqilliyinin sosial, iqtisadi, mədəni və hərbi əsaslarını yaradan strateji liderdir.
Fransız maarifçi filosofu Şarl Lui Monteskyö yazır ki, dövlətlərin gücü yalnız qanunlarla deyil, həmin qanunların arxasında dayanan milli ruh və siyasi iradə ilə müəyyən olunur. Monteskyö “Qanunların ruhu haqqında” əsərində milli xüsusiyyətləri nəzərə almayan idarəçilik modellərinin uzunömürlü olmayacağını vurğulayır. Heydər Əliyevin siyasətinin mahiyyəti də məhz Azərbaycan xalqının milli-mənəvi xüsusiyyətlərinə, tarixi yaddaşına və dövlətçilik ənənələrinə söykənirdi. Bu baxımdan onun qurduğu siyasi model milli ruhla dövlət maraqlarının harmoniyasına əsaslanır.

İngilis filosofu və dövlət nəzəriyyəçisi Tomas Hobbes hesab edir ki, güclü dövlət və mərkəzləşdirilmiş siyasi hakimiyyət cəmiyyətin təhlükəsizliyi və sabitliyi üçün əsas şərtdir. Hobbesun “Leviafan” əsərində təsvir etdiyi siyasi fəlsəfənin əsas ideyası dövlətin xaosun qarşısını alan əsas institut olmasıdır. Azərbaycanın 1990-cı illərin əvvəllərində üzləşdiyi siyasi böhran, xaos və parçalanma təhlükəsi fonunda Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası Hobbesun dövlət nəzəriyyəsinin praktik təzahürü kimi qiymətləndirilə bilər. Çünki məhz güclü siyasi iradə sayəsində Azərbaycan dövlətçiliyi dağılmaqdan xilas edildi.
Fransız filosofu və sosioloqu Jan-Jak Russo isə hesab edir ki, xalqın iradəsini ifadə edə bilməyən hakimiyyət uzunömürlü ola bilməz. Russoya görə, dövlətin legitimliyi xalqla hakimiyyət arasındakı mənəvi müqaviləyə əsaslanır.
Heydər Əliyevin siyasi fenomenini fərqləndirən əsas cəhətlərdən biri də məhz xalqla lider arasında formalaşmış qırılmaz bağ, inam və etimaddır. Azərbaycan cəmiyyətinin ən mürəkkəb və taleyüklü məqamlarda Heydər Əliyevin ətrafında birləşməsi bu siyasi-mənəvi bağlılığın nəticəsidir.
Türk-islam siyasi-fəlsəfi düşüncəsinin ən böyük nümayəndələrindən biri olan Farabi “Fəzilətli şəhər” əsərində qeyd edir ki, kamil dövlətin mövcudluğu ilk növbədə müdrik rəhbərin varlığından asılıdır. Farabiyə görə, əsl rəhbər yalnız idarə edən şəxs deyil, xalqın mənəvi və siyasi inkişaf istiqamətini müəyyənləşdirən şəxsiyyətdir. O, liderin əsas missiyasını cəmiyyətin parçalanmasının qarşısını almaqda, milli birliyi təmin etməkdə və xalqı böyük məqsədlər ətrafında birləşdirməkdə görür. Azərbaycanın müasir dövlətçilik tarixində Heydər Əliyevin rolu məhz bu fəlsəfi yanaşmanın praktik ifadəsi kimi qiymətləndirilə bilər. Çünki Ulu Öndər yalnız dövlət idarəçiliyini həyata keçirmədi, həm də milli ideyanı formalaşdırdı və xalqı vahid məqsəd ətrafında səfərbər etməyi bacardı.
Alman sosioloqu Maks Veber siyasi liderliyi üç əsas legitimlik modelinə ayırırdı: ənənəvi, hüquqi və харizmatik liderlik. Veberin fikrincə, харizmatik liderlər böhran dövrlərində meydana çıxır və cəmiyyətin taleyində dönüş yaradan missiyanı həyata keçirirlər. Bu tip liderlərin əsas xüsusiyyəti yalnız idarəçilik qabiliyyəti deyil, xalqın kollektiv iradəsini və ümidlərini öz şəxsiyyətində birləşdirə bilmələridir. Azərbaycanın XX əsrin sonlarında yaşadığı siyasi və hərbi böhran fonunda Heydər Əliyevin xalq tərəfindən alternativsiz lider kimi qəbul olunması Veberin харizmatik liderlik nəzəriyyəsinin real siyasi nümunələrindən biri kimi dəyərləndirilə bilər.

İngilis tarixçisi Arnold Cozef Toynbi isə sivilizasiyaların inkişafını “çağırış və cavab” nəzəriyyəsi ilə izah edir. Toynbi hesab edir ki, xalqların və dövlətlərin taleyi onların qarşılaşdıqları çağırışlara necə cavab verməsindən asılıdır. Böyük liderlər məhz ağır böhran anlarında meydana çıxaraq xalqlarını tarixi fəlakətlərdən xilas edir və yeni inkişaf mərhələsinə aparırlar. Azərbaycan xalqının XX əsrin sonlarında üzləşdiyi təhlükələr, dövlətçiliyin itirilməsi riski, Ermənistanın işğalçılıq siyasəti, daxili qarşıdurmalar və siyasi xaos fonunda Heydər Əliyevin xilaskarlıq missiyası Toynbinin nəzəriyyəsinin siyasi-tarixi baxımdan ən parlaq nümunələrindən biri hesab oluna bilər.
Alman filosofu Osvald Şpenqler dövlətlərin və sivilizasiyaların yüksəlişində milli iradənin və güclü siyasi elitanın mühüm rol oynadığını qeyd edir. Şpenqlerin fikrincə, zəif liderlik dövlətlərin tənəzzülünü sürətləndirir, güclü liderlik isə ən mürəkkəb tarixi mərhələlərdə belə milli dirçəlişi təmin edir. Azərbaycanın keçdiyi tarixi yol göstərdi ki, Heydər Əliyevin siyasi uzaqgörənliyi və strateji qətiyyəti olmasaydı, dövlətçiliyimizin taleyi tamamilə fərqli istiqamətdə inkişaf edə bilərdi.
İtalyan siyasi filosofu Makiavelli isə yazır ki, əsl hökmdar yalnız dövləti idarə edən şəxs deyil, onun gələcəyini təmin edən strateqdir. Heydər Əliyevin fəaliyyəti məhz bu baxımdan xüsusi diqqətə layiqdir. O, Azərbaycanın gələcəyini yalnız həmin dövrün reallıqları çərçivəsində düşünmürdü. Ulu Öndər milli kadr potensialının formalaşdırılması, iqtisadi bazanın yaradılması, mədəni irsin qorunması və hərbi sahənin inkişafı vasitəsilə gələcək müstəqil dövlətin sütunlarını inşa edirdi.
1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə respublikanın həyatında tamamilə yeni mərhələ başlandı. Həmin dövrdə Azərbaycan SSRİ daxilində qeyri-rəsmi şəkildə “ucqar əyalət respublikası” kimi qəbul olunurdu. Respublika ittifaqın siyasi və iqtisadi proseslərində əsas aktorlardan biri sayılmır, milli-mədəni identiklik isə ciddi ideoloji nəzarət altında saxlanılırdı. Lakin Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrildi.

Bu inkişafın mahiyyəti yalnız iqtisadi göstəricilərlə ölçülə bilməzdi. Əslində, Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas fəlsəfəsi milli özünüdərk prosesini gücləndirmək, xalqı gələcək müstəqil həyata hazırlamaq idi. SSRİ-nin siyasi-ideoloji sisteminin nə qədər qəddar və əzici olduğunu yaşamış insanlar həmin dövrdə milli inkişaf siyasəti həyata keçirməyin nə qədər mürəkkəb olduğunu çox yaxşı anlayırlar. Sovet ideologiyası milli düşüncənin güclənməsini imperiyanın bütövlüyü üçün təhlükə hesab edirdi. Belə bir şəraitdə Heydər Əliyevin həyata keçirdiyi siyasət böyük strateji zəkanın məhsulu idi.
Bu siyasətin ən mühüm istiqamətlərindən biri milli-mədəni özünüdərkin gücləndirilməsi idi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan ədəbiyyatına münasibətdə tamamilə yeni yanaşma ortaya qoyuldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı yazıçıların yaradıcılığı araşdırıldı, milli-mədəni bağların bərpası istiqamətində mühüm addımlar atıldı. Azərbaycan dili, milli tarix və milli-mədəni irs dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Ulu Öndər deyirdi: “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz mənəvi dəyərləri ilə tanınır”. Bu fikir Heydər Əliyevin mədəniyyət siyasətinin fəlsəfi mahiyyətini bütün dolğunluğu ilə ifadə edir. Çünki milli mədəniyyətin qorunması onun üçün sadəcə humanitar siyasət deyildi, bu, milli dövlətçiliyin qorunmasının əsas şərtlərindən biri idi.
Ədəbiyyatla yanaşı, kino sənəti də milli yaddaşın qorunması və gələcək nəsillərin formalaşdırılması baxımından mühüm ideoloji vasitəyə çevrildi. Həmin dövrdə çəkilən filmlərin siyahısına nəzər saldıqda, onların sadəcə sənət nümunəsi deyil, milli düşüncənin daşıyıcısı olduğu aydın görünür: “Yeddi oğul istərəm”, “Üzeyir ömrü”, “Tütək səsi”, “Şərikli çörək”, “Qorxma, mən səninləyəm”, “Qatır Məmməd”, “Bizim Cəbiş müəllim”, “İstintaq”, “Gün keçdi”, “Dərviş Parisi partladır”, “Bir cənub şəhərində”, “Dəli Kür”, “Babək”, “Dədə Qorqud”, “Axırıncı aşırım”…
Bu filmlərdə xalqımızın tarixi yaddaşı, milli ruhu, qəhrəmanlıq ənənələri və azərbaycançılıq ideyası müxtəlif formalarda tamaşaçıya çatdırılırdı. İlk baxışda sovet ideologiyasına xidmət edən “Qatır Məmməd” filmində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqamların yer alması və Cümhuriyyət zabitinin tamaşaçıda müsbət emosiyalar yaratması həmin dövr üçün son dərəcə ciddi mesaj idi. “Tütək səsi”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim” kimi filmlərdə isə Azərbaycan xalqının humanizmi, mərdliyi və faşizm üzərində qələbədə oynadığı mühüm rol ön plana çəkilirdi. Bu filmlər vasitəsilə Azərbaycana “əyalət respublikası” kimi yanaşmalara qarşı intellektual müqavimət formalaşdırılırdı.
Şotland tarixçisi və filosofu Tomas Karleyl “Qəhrəmanlar və qəhrəmanlara pərəstiş” əsərində qeyd edirdi ki, xalqların tarixində dönüş yaradan əsas faktor böyük şəxsiyyətlərin meydana çıxmasıdır. Azərbaycan tarixinin XX əsrdə keçdiyi mürəkkəb və taleyüklü mərhələlərə nəzər saldıqda bu fikrin nə qədər doğru olduğu aydın görünür. Çünki SSRİ-nin süqutuna yaxın dövrdə Qarabağın Azərbaycandan qopardılmasına qarşı başlayan etirazların və müstəqillik hərəkatının gerçək vətənsevər iştirakçıları məhz həmin milli-mədəni mühitin təsiri altında formalaşmışdılar.
Heydər Əliyevin siyasətində xüsusi yer tutan istiqamətlərdən biri də milli hərbi kadrların hazırlanması idi. Sovet dövründə azərbaycanlıları mümkün qədər hərb sənətindən uzaq saxlamağa çalışırdılar. Hətta bir çox hallarda hərbi xidmətə çağırılan azərbaycanlı gənclərin inşaat batalyonlarına göndərilməsi praktikası tətbiq olunurdu. Məqsəd tarix boyu dövlətlər və imperiyalar qurmuş xalqın hərbi potensialını zəiflətmək idi.
Lakin Heydər Əliyev uzaqgörənliklə bu istiqamətdə də mühüm addımlar atdı. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, Hərbi Dənizçilik Məktəbinin və digər hərbi təhsil müəssisələrinin formalaşdırılması gələcək milli ordunun təməlinin qoyulması demək idi. Həmin dövrdə azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə göndərilməsi təşviq olunurdu. Sonradan müstəqil Azərbaycan Ordusunun qurulmasında iştirak edən zabitlərin əhəmiyyətli hissəsi məhz həmin illərdə yetişmiş milli kadrlardan ibarət idi.
Heydər Əliyev deyirdi: “Milli azadlıq, milli istiqlaliyyət hər bir xalqın ən böyük nailiyyətidir”. Əslində onun həyata keçirdiyi bütün siyasətin mahiyyəti məhz bu ideyanın üzərində qurulmuşdu.
Bütün bunlar göstərir ki, Heydər Əliyevin fəaliyyəti yalnız sovet Azərbaycanının idarə olunması ilə məhdudlaşmırdı. O, Azərbaycanın gələcək müstəqilliyini addım-addım hazırlayırdı. Əslində, müstəqillik bir günün və ya bir siyasi hadisənin nəticəsi deyildi. Bu, onilliklər boyu aparılan məqsədyönlü milli strategiyanın nəticəsi idi.
Müasir dünyanın siyasi təcrübəsi göstərir ki, hər xalqın inkişaf yolu onun tarixi yaddaşı, milli xüsusiyyətləri və geosiyasi reallıqları ilə müəyyənləşir. Xaricdən idxal edilən siyasi modellər əksər hallarda cəmiyyətlərin daxili enerjisi ilə uzlaşmadıqda uğursuzluğa məhkum olur. Azərbaycanın müasir dövlətçilik təcrübəsi də bu baxımdan unikal nümunədir.
“Azərbaycan modeli” adlandırılan siyasi konsepsiyanın əsasında milli dövlətçilik ənənələri ilə müasir idarəçilik prinsiplərinin vəhdəti dayanır. Bu modelin memarı isə Heydər Əliyevdir. Bu model güclü dövlətçilik, milli birlik və azərbaycançılıq ideologiyası, praqmatik və çoxvektorlu xarici siyasət, milli maraqların üstünlüyü, siyasi sabitlik və mərhələli inkişaf strategiyası, milli-mənəvi dəyərlərlə modernləşmənin sintezi. fundamental prinsip üzərində qurulub.
Heydər Əliyevin formalaşdırdığı bu model Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə dövlət müstəqilliyini qorumasına, iqtisadi inkişafını təmin etməsinə və regionun əsas siyasi güclərindən birinə çevrilməsinə imkan yaratdı.
Əslində “Azərbaycan modeli” Qərb və Şərq siyasi təcrübələrinin mexaniki sintezi deyil. Bu model Azərbaycan xalqının tarixi dövlətçilik yaddaşına, milli psixologiyasına və təhlükəsizlik reallıqlarına əsaslanan milli inkişaf konsepsiyasıdır.
Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət Heydər Əliyevin müəyyənləşdirdiyi strateji dövlətçilik xəttinin ardıcıl davamıdır. Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, ölkənin iqtisadi gücün artması, beynəlxalq nüfuzun yüksəlməsi, enerji təhlükəsizliyi sahəsində aparıcı mövqedə yer alması, modern Zəfər ordusunun qurulması və ən əsası isə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bu siyasi kursun tarixi nəticələridir.
44 günlük Vətən müharibəsində qazanılan Zəfər və dövlət suverenliyimizin tam bərpası sübuta yetirdi ki, Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik strategiyası zamanın sınağından uğurla çıxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regionun deyil, bütövlükdə Avrasiya məkanının mühüm siyasi güc mərkəzlərindən birinə çevrilib.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesi, “Böyük Qayıdış” proqramı və azad edilmiş ərazilərdə formalaşdırılan yeni inkişaf modeli də Heydər Əliyevin ideyalarının müasir dövrdəki praktik təcəssümü, ata vəsiyyətinin mükəmməl bir şəkildə gerçəkləşdirilməsidir.
Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir və biz onu əbədi, dönməz etməliyik” fikri bu gün dövlət siyasətinin əsas ideoloji sütunlarından biri kimi yaşayır.
Ulu Öndərin “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir” fikri isə artıq tarixi həqiqət kimi təsdiqini tapıb. Çünki dövlətçilik yalnız hüquqi sənədlərlə deyil, milli birlik, strateji düşüncə, güclü siyasi iradə və uzaqgörən liderliklə qorunur.
Tarix hər xalqa dövlət qurmaq imkanı vermir. Dövlət sahibi olmaq yalnız siyasi sərhədlərə malik olmaq demək deyil. Dövlət milli iradənin, tarixi yaddaşın, mənəvi gücün və siyasi qətiyyətin təcəssümüdür. Azərbaycan xalqı bu böyük tarixi haqqı ağır sınaqlardan keçərək qazanıb.
Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş Şuşada, Xankəndidə, Laçında, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Füzulidə, Zəngilanda, Cəbrayılda dalğalanırsa, bu zəfərin arxasında yalnız müasir hərbi uğur dayanmır. Bu qələbənin kökündə onilliklər boyu formalaşdırılmış milli dövlətçilik strategiyası, uzaqgörən siyasi kurs və xalqın ruhunu ayaqda saxlayan böyük lider iradəsi dayanır.
Heydər Əliyev ən mürəkkəb tarixi şəraitdə xalqın milli yaddaşını qorudu, azərbaycançılıq ideyasını dövlətçilik fəlsəfəsinə çevirdi, gələcək müstəqilliyin iqtisadi, siyasi, hərbi və mənəvi əsaslarını yaratdı. Əgər bu gün Azərbaycan qalib dövlətdirsə, bunun təməlində Heydər Əliyevin illər öncə müəyyənləşdirdiyi strateji yol dayanır.
Böyük liderlər heç zaman ölmürlər, onlar öz xalqlarının taleyində yaşayırlar.
Heydər Əliyev Azərbaycan xalqının taleyinə çevrilən liderdir.
Elçin Mirzəbəyli
Milli Məclisin deputatı, Əməkdar jurnalist