Zeynəb Xanlarova haqda daha bir neçə kəlmə...

zeyneb-xanlarova-haqda-daha-bir-nece-kelme
Oxunma sayı: 11771

Nə qəribədir. Ölkədə təxminən 1 ay sonra Prezident seçkiləri keçiriləcək, amma sosial şəbəkələrdə Zeynəb Xanlarova söhbəti gedir. 87 yaşlı insanı hədəf alıblar. Sağdan - soldan vururlar. Niyə ki, Yeni il gecəsi dövlət televiziyasının efirində görünüb.

Zeynəb xanım təxminən 4 il mənim həmkarım olub. Bu öz yerində. Amma inanın, arqument xırdalamaq fikrindən uzağam. Xüsusi müdafiəyə də qalxmıram. Sadəcə qənaətim budur ki, onun masştabını müzakirə etmək, qiymətləndirmək hər adamın cürətinə, ixtiyarına, haqqına bab (uyğun) bir şey deyil. Çünki adam zamanında bütün güc və resursları ilə dünyaya tanıdıb bizi. Bayrağımızı qaldırmadığı ölkə qalmayıb. Hamı susanda o danışıb. Oxuya-oxuya danışıb. Sevdirə-sevdirə danışıb.

Allah Ulu Öndərə qəni-qəni rəhmət eləsin. Bir fikri daim xüsusi vurğulayırdı ki, hamı öz yerində qərar tutanda hər şey gözəl olacaq. Nə qədər hikmət dolu bir söz. Həqiqətən də, bir idmançının prezidentliyi onun olimpiya çempionluğudur. Bir müəllimin çata biləcəyi ən böyük zirvə - yetişdirdiyi tələbələrin uğurlarına baxaraq zövq ala bildiyi məkandır. Eyni zamanda sənətkar. Səsi ilə nə qədər həndəvəri fəth edibsə, o qədər böyükdür.

Parlament fəaliyyətində, siyasətdə nə qədər uğurlu, faydalı, ədalətli olub – orasını söyləmək mənə düşməz. Fəqət, məgər musiqinin özü ən böyük siyasət deyilmi? Məgər Hindistandan üzü bəri dünya əhalisinin ən çox cəmləndiyi ölkələrdə minlərlə, yüzminlərlə demirəm, məhz milyonlarla insanın dilinə Azərbaycan sözləri ilə yazılmış mahnıları pərçimləmək siyasət deyilmi?

SSR-nin saxlanmasına səs verdiyini bəh-bəhlə vurğulayırlar. Anladıq. Haqlı iraddır. Tam razı. Və heç şübhəsiz, Zeynəb xanım illər öncə atdığı məlum addımı heç özü də bu gün təqdir etmir. Amma onu deyənlər, qoy Xanlarovanın Ermənistanın Xalq artisti adından necə imtina etdiyini, Qarabağ problemi zamanı düşmənə nə cür meydan oxuduğunu, 20 Yanvar qırğınından sonra imperiyaya qarşı hansı sərt münasibət sərgilədiyini də yazsınlar.

Üstəlik, Zeynəb xanım qalmaqal sevən biri deyil. Heç zaman siyasi müstəvidə, sənət çevrəsində səsli-küylü, kimisə incidəcək açıqlamaları ilə yadda qalmayıb. Hətta ən qatı müxalif funksionerlər belə hakimiyyəti hədəf alanda ona toxunmayıblar.

İndi isə sadəcə oxuyub. Həm də öz müstəqil dövlətinin televiziya kanalında oxuyub. Yəni, ayıb və utanılacaq bir şey etmədiyi dəqiqdir.

Bizi isə bekarçılıq öldürür. Mövzu axtarışındayıq. Hədəf gəzirik. Toyda, nişanda yüz əyri yoldan çıxıb gələn hansısa müğənni ilə övladlarımızın, həyat yoldaşlarımızın, əzizlərimizin şəkil çəkdirməsindən utanmırıq, amma dünyaşöhrətli sənətçimizə yüklənməyə, onu müzakirə etməyə bir canıq.

Zeynəblər azdır, əzizlərim. Elə Floralar da. Elmiralar da. Akiflər də.

Əzdirmək yox, baş üstdə gəzdirmək lazımdır onları...

Elşən Musayev,

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri