“Qafqazinfo”nun xəbərinə görə, modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.
Budəfəki təqdimatımız Azərbaycanın xalq artisti, 2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, məşhur aktrisaŞ əfiqə Məmmədovanın oğlu Ülvi Mehdi barəsindədir.
69 yaşlı Şəfiqə Məmmədova kino və teatr aktrisası kimi təkrarolunmaz obrazlar yaradıb. 1981-ci ildə "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə SSRİ Dövlət mükafatına layiq görülüb.
Onun xüsusilə kinoda canlandırdığı bir neçə rol əbədi olaraq tamaşaçıların yaddaşına həkk olunub. Belə ki, “Ad günü” filmində Fəridə, “Bizim Cəbiş müəllim”də Cəbişin arvadı, “Dədə Qorqud”da Burla xatın, “İstintaq”da müstəntiq arvadı Gülya, “Qaraca Qız”da Pəricahan xanım obrazları buna ən yaxşı misallardır.
Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. O, məşhur teatr rejissoru və aktyor Mehdi Məmmədovun həyat yoldaşı olub.
Ş.Məmmədova 1 iyun 1974-cü ildə əməkdar artist, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.
Aktrisa Şəfiqə Məmmədova 1995-2000-ci illərdə Azərbaycan Milli Məclisin deputatı kimi 5 il müddətində mandat sahibi də olub.
2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib və hazırda da bu qruma rəhbərlik edir.
Şəfiqə Məmmədovanın Mehdi Məmmədovla evliliyindən bir oğlu dünyaya gəlib - Ülvi.
Kinoşünas, mədəniyyət yazarı Ülvi Mehdi oğlu Məmmədov (Ülvi Mehdi) 1973-cü il martın 25-də Bakıda, Azərbaycanın görkəmli incəsənət xadimləri - xalq artistləri Şəfiqə Məmmədova və Mehdi Məmmədovun ailəsində anadan olub. Onun yaradıcı və çox dərin biliyə malik olan təbiəti məhz bu ailədə formalaşıb.
Ülvi orta təhsilini Bakının 16 nömrəli məktəbində alıb. Ali təhsilinə gəlincə isə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunin kinorejissorluq fakültəsində oxuyub. Sonra Sankt-Peterburq Kino və Televiziya İnstitunun iki illik ali kinoşünaslıq kursunu bitirib. Burada o, Sergey Dobrotvorski və Mixail Trofimenkov kimi tanınmış kinoşünaslardan dərs alıb.
Ülvi Mehdi 1996-ci ildə Sankt-Peterburq şəhərində ailə həyatı qurub, amma 2000-ci ildə xanımından boşanıb. Bu evlilikdən onun bir qız övladı var.
Ülvi Mehdi 1991-ci ildə özünün ilk rejissorluq təcrübəsinə Vaqif Mustafayevlə onun "Nakəs" filmində assistent kimi başlayıb, daha sonra "Fəryad" filmində də öz peşəkarlığını göstərib.
O, Sankt-Peterburqda özəl telekanallarda və “Kino yaradıcılığı” jurnalında çalışıb.
Hazırda “Nargis magazine” jurnalına mədəniyyət, incəsənət və kino sahəsindən yazılar yazır.
Ülvi Mehdi “Od ruhu-2014” kinofestivalında Rusiyanın kinoşünas və kinotənqidçilərindən ibarət münfsiflər heyətinin üzvü olub.
2012-ci ilin dekabrında Bakıda onunla bağlı xoşagəlməz hadisə yaşanıb. Belə ki, "Bakıdakı "Jazz-Center"də Böyük Britaniya səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə əcnəbi diplomatların sənədləri itib. Bu hadisəylə bağlı həmin tədbirdə iştirak etmiş Ülvi Mehdi Nəsimi Rayon Polis İdarəsinə çağırılıb. Amma hadisəyə heç bir aidiyyətinin olmadığına inanıb, onu buraxıblar.
Ülvi Mehdi əsassız olaraq polisə çağırılmasında onun barəsində şübhəli ifadə vermiş "Jazz-Center"in administratorunu ittiham edib.