18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub

18-yasdan-yuxari-sexsler-ucun-nezerde-tutulub
Oxunma sayı: 32965


İlk öncə filmdən başlayacağam. Filmin orijinal adı “Nymphomaniac”dır. Bu dörd saatlıq, iki hissəli olan film haqqında öncədən deyim ki, film 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Film erotika, dram, triller janrındadır. Filmin afişaları xeyli səs-küyə səbəb olub və bir çox ölkələrdə bir müddət kinoteatrlarda yayımı qadağan olunub. Amma bir çox film tənqidçilərinin film haqqında verdikləri rəylər bütün açıq səhnələrə rəğmən filmin erotik olmadığını, şəhvətə təhrik etmədiyini, əksinə insan ruhunun, yaradılış, seksə baxış və fəlsəfi yanaşması ilə Larsın əslində nəyi demək istədiyini müzakirə ediblər. 

Filmin rejissoru 57 yaşlı danimarkalı, olduqca intellektual zəkaya sahib “Antichrist”, “Melancholia”, “Nymphomaniac”, “Nocturne”,  “Den sidste detalje”,  “Befrielsesbilleder”,  “Forbrydelsens element “, “Epidemic”, “Medea”, “Europa”, “Riget”, “Breaking the Waves”, “Riget II”, “Idioterne”, , “Dancer in the Dark”, “Dogville”, “Dear Wendy “,  “Kingdom Hospital”, “Manderlay” və s. kimi bir çox uğurlu filmləri çəkmiş Lars Fon Triyerdir. Sözün düzü, üzülərək etiraf edim ki, mənim Larsla “tanışlığım” bir neçə ay öncə istedadlı ssenarist bir dostumun “Antichrist” filmini tövsiyə etməsi ilə başladı. Həmin filmin ardından rejissor kimi Larsla maraqlanmağa, rəğbətim artdıqca ardıcıl 5-6 filmini izləməyə başladım. Son filmi Nimfomaniyaka isə iki dəfə baxdım. Üçüncü dəfə də izləməyi düşünürəm. Başdan da dediyim kimi film erotik janrdadır. Amma Larsın filmlərindəki fəlsəfə düşünərək baxırsınızsa, erotik kadrları pərdələyir. Yəni bir dəfə baxıb filmi çözdüm deyə düşünəcəksinizsə, heç baxmayın. Zatən erotika elə bir estetikada çəkilib ki, mən sizə deyərdim filmə gözünüzdən çox qulağınızla baxın, dialoqu dinləyin. Filmin premyerası Berlin Film Festivalında təqdim olunub. Filmin baş rol qəhrəmanı fransız olan 42 yaşlı aktrisa Şarlotta Gensburqdir. O, Larsın ən son ardıcıl çəkdiyi “Antixrist”, “Melonxoliya”, “Nymphomaniac” filmlərində baş rol almasını böyük xoşbəxtlik hesab edir. Və aktrisa müsahibələrinin birində xüsusi vurğulayaraq qeyd edir ki, filmdə erotik səhnələrdə alt geyimlərini belə çıxartmayıblar. İzləyicinin gördüyü videomontaj olunmuş, hazır versiyadır. “İllər keçəcək, “Nimfoman”a tamam başqa adamlar baxacaq, mənə vacibdir ki, onlar bilsinlər ki, çəkilişlərdə mən sekslə məşğul olmamışam. Çünki tam versiyada hər şey gerçək kimi görünür.”

Filmin süjet xəttinə keçməzdən öncə, nimfoman nə deməkdir? Kimlərə deyilir? 

Nimfomaniya xəstəliyinə tutulmuş qadınların kateqorik adı nimfomandır. Bu cür qadınlar, yəni nimfomanlar ələlxüsus cinsəl acgözlük və ya doyumsuzluq desək daha düzgün olar, orqazma çatmayan, çatanda da qane olmayan qadınlardır. Bu qadınlar zaman, məkan, yer fərqi qoymadan mütəmadi cinsi əlaqədə olmaq, masturbasiya etmək istəyində olur və bunu bütün maneələrə rəğmən gerçəkləşdirirlər. Heç nəyi önəmsəmirlər. Həyatları yalnız seksə indekslənir. Təbii ki, onlardan nəinki sədaqət gözləmək, evli olsalar belə hər an hər şeyə xətt çəkib ərlərini aldada, ata bilərlər. Sevgi, hətta analıq kimi ülvi hisslər cinsəllikdən ikinci planda gəlir. Öncəlliklə qeyd etmək gərəkir ki, cinsi istəyi çox olan qadınlarla nimfoman qadınlar arasında müqaisə olunmaz dərəcədə fərq var. Nimfoman qadın ətraf, çevrə, başqaları nə deyər deyə düşünmədən, bütün qaydaları heçə sayıb, tək istəyi istədiyi anda biri ilə cinsi əlaqədə olmaqdır. Beyni daima cinsi düşkünlüyü ilə məşğul olduğundan özünü idarəyə sahib deyillər. Bu xəstəliyin əsas səbibi hormonal pozğunluqdur. Bəlkə də bu tip qadını sevən kişilər vardır. Amma deyim ki, nimfomanlar çox nadir rastlanan azlıqda olan qadınlardır. Və çox nadir hallarda bir kişi ilə bərabər yaşaya bilərlər. Təkrarlanan davamsız münasibətlər bu qadınların üçün xarakterikdir. Onlar müxtəlifliyi, hər dəfə yeni bədənlər, insanlar kəşf etməyi sevirlər. 

Filmin sujet xətti:

Coi (Şarlotta Gensburq) adlı qadın onu gecənin bir aləmində yerdə ağzı-burnu qanlı yatdığını görüb, kömək məqsədi ilə ona təcili tibbi yardım, polis çağırmaq istəyən xeyli yaşlı Seliqmanın köməyini rədd edir. Ehtiyac olmadığını, qəti narazılığını bildirərək, kömək etmək istəyirsinizsə, bir fincan qəhvə verin deyir. Seliqman küçənin ortasında qəhvə gətirə bilməyəcəyinə görə onu evinə dəvət edir. Seliqman simaca xeyli mötəbir və xeyirxah təsir bağışlayır. Coi razılaşır. Seliqman evində ona çarpayı, təmiz geyim, qəhvə və piroq verir. Coi özünə gəldikdən sonra Seliqmanın xeyirxahlığına sığınaraq bir şərtlə, başdan sona onu dinləyəcəyi təqdirdə doğulduğundan 50 yaşına gələnə qədər bütün başından keçənləri ona danışır. Seliqman xeyli mütaliəli adamdır. Coi hər danışdığına təəccüblənmir, onu ittiham, günahkar hesab etmir, ümumiyyətlə dini inancı olmayan insanların günah qavramından uzaq olduğunu deyərək Coini xeyli rahatladır. Eyni zamanda mütaliəsi ilə Coinin həyatındakı hadisələrə fəlsəfi yanaşıb istər dini, istər tarixi izahını verir. Coi söhbətin ortasında bu qədər danışdıqlarına Seliqmanın bir əks cins kimi laqeyd qalmasına təəccüblənir. Seliqman onu anlayıb xeyli yaşı olsa da, bu yaşına qədər o bakir, şəhvət hissinin bir qadınla münasibət quracaq həddə olmaması ilə əlaqəli olduğunu deyir. Coi bütün bu danışdıqlarının və son başına gələn xoşagəlməz hadisədən sonra Seliqmana gəldiyi nəticə, qərarında bildirir ki, o daha  nimfomaniya ilə kəskin mübarizə aparacaq və həyatında bir daha sırf şəhvətə görə cinsi əlaqə olmayacağını özünə söz verir. Seliqman xoş təbəssümlə ona gülümsəyir və artıq gün çıxıb, yorğunsan yat deyib, ata qayğısı ilə Coinin üzərini örtərək otaqdan çıxır. Qeyd edim ki, Coinin bəkarətini itirdiyi adamla, Jeromi ilə illər sonra zərurətlər səbəbi ilə görüşür və ondan hamilə qalır. Bir xeyli müddət ona sadiq qadın, ailəli, yaxşı ana kimi yaşamağa cəhd edir. Sonda cəhdləri uğursuz olan Coi ailəsini, oğlunu atsa da oğlunun adına bank hesabına daima böyük məbləğdə pul köçürür. Bu vəziyyətdən çox üzgün olması nimfomanların nə qədər cəmiyyəti umursamasalar da ruhi iztirab çəkdiyini göstərir. 
Sonda Seliqmanın Coiyə olan sürprizini sizə açıqlamaq istəmirəm. Kinomanlara filmi izləmələrini şiddətlə tövsiyə edirəm.

Botanika bağı:

Larsın “Nimfoman”ında sizin (izləyənlərin) ən çox yadınızda nə qaldı və ya nə qalacağını  bilmirəm, mənim yalnız bir məqam, Coi uşaqlığında hər istirahət günləri atası ilə ağaclarla bol, otluqlarda cığır açılmış, taxta oturacaqlı bir parka gedir. Atası orada ona bir ağacı işarə edərək göstərib deyir ki, bax o mənim ruhumun ağacıdır. Coi soruşur ki, necə ki, hamının öz ağacı var? Atası cavab verir. Bəli elədir, hər kəsin öz ruh ağacı var. Ona, xarakterinə uysal ağac. Mən o kadrlara baxanda bir anlıq duruxdum. Şüuraltı boşluğa düşdüm. Bu mənə elə bil uşaqlığımdan nəsə xatırladırdı. Ürəyim pır-pır edir, sanki mədəmdə kəpənəklər uçuşurdu. 
Mənim uşaqlığım Əhmədlidə valideynlərimdən ayrı, günlük yox, mütəmadi illərim nənə-babamın yanında keçib. Onlar böyüdüb məni. Evimiz yaşadığımız binanın yeddici mərtəbəsində idi. Hər səhər tezdən şeh vaxtı eyvana çıxıb həyətə baxardım. Görüm ki, uşaqlardan yuxudan oyanıb, məhəlləyə çörək almağa çıxan varmı deyə. Eyvanımızın bir balaca hissəsini bir çinar ağacı tuturdu. Əyilib yarpaqlarının şehdən açılmış rənginə, parıltısına baxar, yaz vaxtı quşların ciqqiltisini eşidir, hər dəfəsində babamın yıxılarsan başına dönüm, keç içəri deməsi ilə evə keçərdim. Bilmirəm, bəlkə uşaqlığım, ya babab, bəlkə də gülməli gələ bilər amma o çinar ağacı üçün şüuraltı darıxmışam. Düşünürəm ki, bəlkə mənim ruhumun ağacı çinardır? Aşağıdan baxanda elə bil Tanrıya pay aparır. Ruhum çinar kimi hər zaman fəzaya can atır. Deyir axı ağacların xarakterik obrazı, insanın ruhuna görədir.

Coinin atası ağır xəstə olur, xəstəxanada yatır. Sudurqa tutmaları olur. Həmin vaxtda həkim Coini otaqdan bayıra çıxarır, gedib bir az hava almasını məsləhət görür. Coi xəstəxananın həyətində gəzərkən başını qaldırdıqda başının üstündə atasının ruh ağacını görür. Ondan bir balaca budaq qırıb atasına aparır. Atası çox sevininir, alıb sinəsinin üstünə qoyur. Gözləri gülür. Və bundan sonra ruhu bədənini tərk edir. Filmin sonunda Coi keçmişi ilə rastlaşmamaq üçün həmin yerlərdən bacardıqca çox, lap çox uzaqlaşıb bir sıldırım qayalıq dağın təpəsinə çıxır. Dağın lap uc hissəsində dayanıb qarşıdakı dağa baxır. Orada, o qarşıdakı sanki torpaqadan yox qaya, daş parçalarından olan önündəki dağın təpəsində onu işarə edircəsinə bitmiş bir ağac görür. Daşların arasında, daşı yarıb bitən bir ağac. Nimfoman olmaq xoş olmasa da bir ayrıcalıqdır. Toplumdan fərqli, onlara yad, onlarhər vəchlə səni tuta bilmək, məhv etmək istəsələr də əllərindən çıxan bir qadının yaşaması elə daşı yarıb, daş arasında bitən bir ağac kimidir. Hə, bəlkədə rejissor sonda Coini öz ruhunun ağacı ilə tanış edib, üz-üzə qoyduğunu demək istəyirdi. 

Beynimdə ilişib qaldı. Mən bir ağaca uzun-uzun baxmayalı çox olub. Amma bəlkə də çoxuna gülməli gələn bir şeyi etmək üçün zamanım yoxdur. Bu nə həyatdır? Gedəcəm buralardan. Sırf istəyəndə çinar ağacları ilə bol olan bir yerdə oturub ağacın yarpaqlarının küləkdən xışıldayan səsini eşitmək üçün. Əgər siz istədiyiniz vaxt könlünüzdən keçir və bir ağaclı olan parkınız, sırf bir ağacın yarpağına yarım saat, 45 dəqiqə baxmaq üçün vaxtınız yoxdursa, hələ də azadlıqda yaşadığınızı sanırsınızmı? Onu bir özünüzə sual edin. 

Bu ayın dördü Bakıda Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Konferansı keçirilən günü Botanika bağında ağacları kəsdilər. Kəsmək nəki, əməlli başlı şumlayıblar.
 Deyir, lazım idi o konferansı bura getirib ətraf-mühiti belə mühafizə etdiklərini göstərsinlər? Bəlkə də lazım idi. Öncə kitablar metroların altından yığışdırılır, sonra kitab istehsalı üçün gərəkli olan fidanlar kəsilir. İnsanlar sosial şəbəkələrdə Botanika bağının yerində hündürmərtəbəli bina tikiləcəyini desələr də, bağdan sorumlu məsul şəxslər belə bir şey olmadığını, sakinlərsə, onlara burada park salınacağını dediklərini bildiriblər. Gör-gör, kor-kor. Yaşayarıq, görərik. Eyni zamanda sual edirlər ki, park salınacaqsa, hazır park idi də, niyə dağıtdılar? Maraqlı sualdır. Amma məncə bizim sakinlər unudublar ki, bizim parklar daşlardan, otluq olan hissələr isə yalnız baxmaq üçündür. Təbiətlə birbaşa münasibətdə olmağa pis baxırıq. Ümumiyyətlə biz xalq olaraq hər şeyə pis baxırıq, düz baxa bilmirik. Otların üstündə oturmaq, ağacların torpaqdan bitdiyiyini görmək qəti qadağandır. Biz ağacları qurusun deyə əkirik. Kölgəsi, oksigeni nəyimizə lazımdır? Gərək kvadrata alınmış ağ lay daşların arasından boylansınlar. 

P.S. Mən əslində sadəcə xalqımdan şikayətçiyəm. O xalqdan ki, “busunuz” deyiləndə şərhlərdə tüğyan edir, sosial şəbəkədə isə Türkiyədə olan “Gezi parkı” olaylarında əhsən deyib, statuslar həsr edir, özümüzə gələndə isə yenə statuslar həsr etməklə yetinməməyi, “Gəzi parkı”-nı örnək alıb türklərin bizə statuslar həsr etməsini bacarmayan xalqımdan. Biz elə ancaq “köylü türklər" deyə haştaq yaradıb, ümumi bir toplum olaraq ona-buna lağ etməyi yaxşı bacarırıq. Gözünüzdəki tiri çıxardın, lütfən ağacları çıxarmayın...

Qarşındakını küçümsəmək səni görmüş, asil etməz. Əksinə, təksib edər.

Filmə baxın, deyəsən biz bundan sonra ağacları elə filmlərdə görəcəyik.