Qəzetimizin bugünkü sayında fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühaicirətdə olan Elşad Abdullayevdə daha şok videoların olduğunu yazmışdıq. Elşad Abdullayevin vəkili Adil İsmayılovun qəzetimizə müsahibəsində "Mən gördüyüm videolarda polis rəisi var, hakim var, prokuror var, MTN əməkdaşı var...", - deyə bildirdiyini xatırladaraq, qeyd etmişdik ki, artıq videosu olan hakim bəllidir. Bu Nərimanov Rayon Məhkəməsinin sədri, hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim işləyən Ağababa Babayevdir.
Elşad Abdullayev bir neçə gün əvvəl Ağababa Babayevlə söhbətini əks etdirən videonu "Azadlıq" vasitəsilə ictimailəşdirib.
Adil İsmayılovun dediyi polis rəisi, prokuror və MTN əməkdaşına gəlincə, qəzetimizə daxil olan xəbərlər əsasında onların kim ola biləcəyi barədə mülahizələri oxucuların diqqətinə çatdırmışdıq. Yazmışdıq ki, videosu olan prokuror Binəqədinin sabiq prokuroru Mirələkbər Seyidov, polis rəisi o zaman Binəqədinin rəisi olmuş Nazim Nağıyev, MTN əməkdaşı isə milli təhlükəsizlik nazirinin sabiq müavini, hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində rəis müavini işləyən Əli Nağıyev ola bilər.
Mirələkbər Seyidovla bağlı məqamı birmənalı qeyd etmişdik və bu iddiamızdan geri çəkilmirik. Nazim Nağıyev və Əli Nağıyevlə bağlı məqam isə yazıdan da göründüyü kimi ehtimaldır. Bir daha qeyd edirik ki, bu ehtimal redaksiyamıza daxil olan xəbərlər əsasında irəli sürülüb.
Lakin hüquq müdafiəçisi Eynulla Fətullayev ehtimalla xəbəri səhv salaraq "Azadlıq" qəzetini yalançılıqda ittiham edib. Eynulla Fətullayevin iddiasına görə, Elşad Abdullayev Əli Nağıyevlə görüşməyib və guya "Azadlıq" bunu iddia etməklə diqqəti sabiq rektorun görüşdüyü MTN əməkdaşından yayındırmaq istəyir.
Eynulla Fətullayevin diqqətinə çatdırırıq ki, "Azadlıq" qəzeti həmişə obyektivliyi və prinsipiallığı ilə fərqlənən mətbu orqan olub. Cənab Fətullayev bunu öz müdafiəsində də görüb. Digər tərəfdən Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə topladığı materialları, apardığı araşdırmaların nəticələrini məhz "Azadlıq" vasitəsilə ictimaiyyətin diqqətinə çatdırması da qəzetimizin obyektivliyindən irəli gəlir. Elşad Abdullayevin hər dəfə "Azadlıq"a təşəkkür etməsi də qəzetimizin bu məsələdə obyektiv və prinsipiallıq nümayiş etdirməsinə görədir.
Digər tərəfdən həm də jurnalistika fəaliyyətilə məşğul olan Eynulla Fətullayev xəbərlə ehtimalı qarışdırmamalı və tələsik nəticə çıxarmamalı idi. Lakin təəssüf ki, o, bilərəkdən, yaxud bilməyərəkdən (hərçənd bu, bir qədər inandırıcı görünmür) buna yol verərək "Azadlıq"ı yalançılıqda suçlamaq üçün şübhəli canfəşanlıq göstərib.
Eynulla Fətullayevi konkret Əli Nağıyevlə bağlı məqam narahat edirsə, bu ehtimalın nədən irəli sürüldüyünü onun diqqətinə çatdıra bilərik.
"Azadlıq"da məlumat var ki, "Mahir Abdullayev işi"ndə adı keçən və bu günlərdə həbs edilən iş adamı Arzu Kazımov istintaqa ifadəsində bildirib ki, 2005-ci ildə keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanan zaman o, Elşad Abdullayevi deputat seçilməsi münasibətilə təbrik etmək istəyib. Lakin sabiq rektor ona soyuq münasibət göstərib. Arzu Kazımov bu soyuqluğun səbəbini soruşanda Elşad Abdullayev iş adamına "Sən mənim ayağımın altını qazırsan. Bunu mənə Əli Nağıyev deyib", - deyə bildirib. "Azadlıq" bu xəbərə əsasən Elşad Abdullayevin Əli Nağıyevlə görüşə biləcəyi ehtimalını irəli sürüb.
Cənab Fətullayev iddia edir ki, o Elşad Abdullayevin əlində olan videoalara baxıb və orada Nazim Nağıyev və Əli Nağıyevlə bağlı video yoxdur. Eynulla Fətullayev hüquq müdafiəçisi və həm də jurnalistika fəaliyyətilə məşğul olan bir şəxsdir. Adil İsmayılovdan fərqli olaraq onu hər hansı açıqlamasına görə istintaqın gedişinə mane olmaqda ittiham etməzlər, zənnimizcə. Buyurub, Elşad Abdullayevdəki videoların kimlərə aid olduğunu açıqlasın. Biz də onun bu açıqlamasını məmuniyyətlə dərc edərik./azadliq.info/