“Ə” xitabını sevdirən adam

e-xitabini-sevdiren-adam
Oxunma sayı: 1822


Bu yazını istinin cırhacırında qonşudakı drel səsini eşitməmək üçün pəncərəmi bağlasam da, o divara yox, elə bil beynimə işləyən təzyiqi altında ciddi əziyyət çəkərək yazıram. Başqa vaxta saxlaya bilməzdimmi? Yox. Çünki başqa vaxt yazmaq eşqim öləcəkdi. 

Eşq demişkən, elə sevgidən danışacam. Özümüzü belə ağıllı, hisslərə tabe olan axmaq kimi göstərməmək üçün sevgini o qədər banallaşdırmışıq, o qədər başqalarını məzəyə qoymuşuq ki, halbuki eşq, sevgiylə məzələnməkdən böyük axmaqlıq yoxdur. Nədən ki, hər məzlənəndə türklər demiş, çarpılmışam. Hər vecsiz davrananda, sevgiyə qeyri-ciddi yanaşanda aşiq olub, it zülmü çəkmişəm. Yuxudan oyanan kimi səhəri ürək ağrısı, sıxıntısı ilə açıb, bir vaxtlar gülərək, qeyri-ciddi yanaşdığın adama sonradan aşiq olduğunu anlamaq, ağlamaq, it əzabı kimi ağrılı, aciz və çarəsizcədir. Yazını “Balmorhea – Remembrance” musiqisinə köklənərək yazıram. Eyni zamanda drel səsini də unutmayaq. Drel səsini tapmanız asan olmasa da, çətin deyilsə, əlinizin altındakı musiqi saytlarının birində bu musiqini açaraq özünüzü yazının ruhuna kökləyin. 

Onu deyirdim, sevgini o qədər ucuz, kiçik bir şey kimi göstərir, romantikləri ələ salmışıq ki, sevgidən yazmağı ucuzlaşdırmışıq. Ədəbiyyatda sevgidən yazanları civi ədəbiyyatı deyə adlandıranlar da var. Amma məsələ burasındadır ki, neçə böyük siyasətçi, tarixi əhəmiyyətli şəxsiyyətlərin sevgi qarşısında etdiklərini düşünəndə sevgini necə bu qədər xırda, ucuz mövzu kimi adlandırmaq olar anlamaqda çətinlik çəkirəm. Axı dünyanın ən məşhur, gerçək sevgi dastanlarının real qəhrəmanları; Napoleon və Jozefina, Mark Antoni və Kleopatra,  Volter və Emili, Xuan və Yeva Peron, Edvard və Vallis Simpson,  Çar Nikolay və Aleksandra Fyederovna, Riçard Burton və Elizabet Teylor kimi tarixi şəxsiyyətlərin sevgisini oxuyub, tanış olan hansı savadlı biri sevgini bu qədər kiçildə bilər?

Sevgi insanı axmaqlaşdırır, uşaqca, saf edir gerçəyini danmaq olmaz. Amma məsələ burasındadır ki, biz nə zaman özümüzü bu fobia ilə sevgidən uzaq tutsaq məhz o zaman həyatımıza sevgi gəlir. Və sizin bütün həqiqətlərinizi alt-üst edir. Elə özünüzü də. 

Bir də sevdiyini ayırd edə bilməyən insanlar var. Yazını yazmamışdan öncə əks cinsin nümayəndələri arasında kiçik bir sorğu keçirdim dost-tanışlar arasında. Sual verdim ki, “Sevmisinizmi?”. Yox, sevməmişəm. Bilmirəm. O vaxt sevdiyimi sanırdım, indi həmin adamı sevmərəm kimi fikirlər yazıdılar. İnsanlar anlamırlar ki, bu an üçün keçmişdəki sevgili önəmsiz ola bilər, amma həmin vaxtı seviblər. Bələ ki, 4 il öncəki ağıl, düşüncə, ruhla həqiqətən sevmisən. İndi ruhun, zəka, hər şey tamam başqalaşıb deyə o zaman sevdiyini danmaq düzgün deyil. Sevmisən və o zamanda bitib.

Femidanın dilindən:

Köhnə sevginin istirablarına beynimdə son qoyub, kənara çəkilməyə qərar verdiyim vaxtlar idi. Onu da deyim ki, mənim heç vaxt belə dəhşət yaraşıqlı sevgilim olmayıb. Hər zaman beyin öncəlik daşıdığı üçün. 

Çox yaraşıqlı idi, sanki qız gözəlliyi vardı. Xarizma, özgüvəni itici gəlsə də, mimiki şirinlikləri üzümü güldürmürdü desəm yalan olardı. Amma prinsip, məqsədlər, xaraktercə iki əks qütblü insanlardıq. O normal idi, mənsə xeyli azad fəzalarda. Hər şey gözəl gedərkən mən axmaqca şərtlərimi sayır, tətbiq edirdim. Ümumiyyətlə birini tanımadan, gələcəkdə nə ola biləcəyini bilmədən, axmaqca şərtlərini sadalamaqdan axmaq ikinci bir şey yoxdur. Öz keyfimə görə davranır, bəzən onunla qarşılaşdığımız yerlərdə dostlarımın yanında sanki bütün gün yazışdığım adam bu deyilmiş kimi havalara girirdim. Və bir anda o çəhrayı xətt toza çevrilməyə başladı. Adam özünü məndən uzaqlaşdırıb, soyumağa başlayıb, ardından  gözündən saldı. Artıq o yanımda əyləndiyim uşaq yox idi. Bir müddət önəmsiz oldu. Yoxluğu o qədər də hiss olunmurdu. Həm köhnə sevgilimi unutduğumun fərqinə belə deyildim. Axı onu sevdiyimi necə düşünə bilərdim? Heç düşünmürdüm də. Ta ki, təsadüfən ortaq dostumuzla bərabər onunla qarşılaşana qədər. Adamla birgə sosial məkanda kiçik bir vaxt keçirdik. Sonradan bir günlük eyni işdə çalışmalı olduq. Və ardından yenə təsadüfi qarşılaşma. Bəlkə də zərurət idi. Bilmirəm. Bircə onu bilirəm ki, bir səhər oyananda yenə onu görmək istəyirdim. Fərqinə vardım ki, adama aşiq olmuşam. Və eyni zamanda onu da anladım ki, artıq onun üçün gərəksizəm. Halbuki artıq gələcək məqsədlərimi həyata keçirərkən onu da yanımda dörmək istəyirdim. 

Mahatma Qandini deyir ki, “Əvvəl veclərinə almazlar, sonra lağa qoyarlar, sonra qısqanarlar və ən sonda məğlub olarlar.” Sevmək də belədir. Azı məndə belə olmuşdu.

Mən: Məni çox istəyirsən, taxtabaş?

O: Yox. Key zadam ə sənə? Sonra da qoy get.

Kafkanın “K”sı vardı. Mənim “Ə”im niyə olmasın? Hər sevgi adama nəyisə sevdirir. Mənə də heç sevmədiyim “Ə” xitabını, indi sevərək cinsi ayrım qoymadan, qadınlı-kişili hər kəsə xitab edirəm.

Nə gərək var ədəbi cümlələr qurmağa?  Hər yadıma düşəndə udqunduğumda boğazım göynəyib, gözlərim dolur deməyim kifayydətdir. 

Əvvəllər 4 il müddəti ərzində unudurdumsa, indi 6-7 aya unuduram. Bu yaxşıdır. Yazı kədərli deyil. Əsla. Elə sevmək də. Sevgi kədərli deyil, əzabdır. Yazmaqsa, unutmaq. Bütün əzabları unutmaq.