"Anasının qarşısında təqsirliyəm..." - Bank müdirini oteldə öldürən Sənan

-anasinin-qarsisinda-teqsirliyem
Oxunma sayı: 17384

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədovu “Avropa” otelində öldürməkdə təqsirləndirilən Sənan Quliyevin və Mövlud Səfərovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası olub.

Mövlud Səfərovun vəkili Cavid Rzazadə məhkəmə tərkibinə etiraz edib, onların qərəzsizliyinin şübhə altında olduğunu bildirib. Lakin vəsatət təmin edilməyib.

Hakim Səbuhi Əliyev təqsirləndirilənlərə bildirib ki, onları hazırkı ittihamlarla ömürlük həbs cəzası gözləyir: "Siz özünüzü təqsirli bilirsinizmi?"

Bu zaman vəkil Cavid Rzazədə müdafiə etdiyi şəxslərin adından məhkəmə müraciət təqdim edib və ifadə verməkdən imtina etdiklərini bildirib.

Sənan Quliyev ifadə verməyəcəyini elan edib: "Özümü yalnız bir nəfərin qarşısında təqsirli bilirəm, o da rəhmətlik Azərin anasıdır".

Bundan sonra təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr səsləndirilib.

Zərərçəkənlər Ruslan Əfəndiyev və Ceyhun Nağıyev ifadə verərək hadisənin necə baş verməsini danışıblar.
Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.

Xatırladaq ki, bu il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.

Qeyd: Məhkəmə prosesi haqda daha geniş reportaj yaxın saatlarda “Qafqazinfo”da dərc ediləcək.

Murad Əhməd