“... Camaatı niyə yandırırdım?”

-camaati-niye-yandirirdim
Oxunma sayı: 1376

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi davam etdirilir. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.

T. Məmmədhəsənovun vəkili Vasif İsrafilov məhkəməyə yanğın vaxtı xəsarət almış zərərçəkənlərin şikayət və tələblərinin olmaması barədə notarial qaydada təsdiqlənmiş ərizələri təqdim edib.

Ardınca işdə olan ekspert rəyləri elan olunub. Sənədlərdə qeyd olunub ki, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov anlaqlı olub, öz hərəkətlərini dərk edib. Yanğın nəticəsində, 25 nəfər tüstüdən zəhərlənmə nəticəsində ölüb. Hadisə baş verən bina tam yanar materialdan olmaqla, istifadəyə yararsız olub. 

Məhəmməd Məmmədov isə bildirib ki, yanğını o törətməyib: “Mən özümə qəsd edən olsaydım, çıxıb bayırda özümü yandırardım, camaatı niyə yandırırdım?” 

Proses fevralın 22-də davam etdiriləcək.

 Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Murad Əhməd